Tarix: 25-09-2021 | Saat: 10:46
Bölmə:Karusel / Gündəm | çapa göndər
Son vaxtlar Azərbaycana gələn turistlərin sayı kəskin azalıb. Əvvəllər Bakı küçələrində turistlərin, əsasən də ərəblərin əlindən tərpənmək mümkün olmurdusa, hazırda şəhərdə xaricdən gələn hansısa bir qonağı görmək müşkülə çevrilib.
Buna səbəb nədir? Pandemiya, yoxsa əvvəlki illərdə müşahidə olunan yüksək qiymətlər? Bəlkə pandemiyanın gətirdiyi astronomik xidmət haqqları?
Qarabaginfo.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a açıqlama verən turizm və otelçilik üzrə ekspert Cabir Dövlətzadə bildirib ki, Azərbaycanda qiymətlər hər zaman baha olub:
“Azərbaycanda qiymətlər onsuz da çox bahadır, təyyarə qiymətləri isə lap yüksəkdir. Sadəcə Çin üzərindən olan bir reys haqda danışmaq istəyirəm. Bakı-Pekin reysi həftədə bir dəfədir. Bizim çinli bir qonağımız var idi və o Çinə getmək üçün bileti 5 000 manata almışdı. Əvvəllər isə 500 manat idi. Çin ümumiyyətlə turist qəbul etməyə meyilli deyil, hətta öz vətəndaşlarına belə çox bahalı qiymətlə ölkəyə dönməyə icazə verir. Çinin buna əslində ehtiyacı yoxdur.”
Mütəxəssis hesab edir ki, Çinlə müqayisədə Azərbaycanın turistlərin ölkəyə olan axınına çox ehtiyacı var:
“Ölkəmizdəki vəziyyət belədir ki, turizm bir zamanlar qeyri-neft sektorunda ən inkişaf etmiş qan damarı idi. O da artıq pandemiya ilə əlaqəli olaraq ölü bir vəziyyətə gəlib. Hazırda biz cəmi 33 ölkə ilə işləyirik və bu ölkələrdən gələn reyslərin çoxu ya yarı dolu gəlir, ya da boş. Bu da otellərin boş olmasına gətirib, çıxarır. Artıq Rusiyada və ya bir çox bizlə işləyən ölkələrdə orta məktəblər və universitetlər açılıb yəni, kütləvi gələn turistlərin sayında xeyli azalma görünür. Bundan sonra gələn müştərilər qrup şəklində yox, çox güman ki, individual müştərilər olacaq. İstər-istəməz payız dönəmində işlər onsuz da bizdə zəifləyir, amma hazırda sərhədlərin bağlı olması da işlərimizə mənfi təsri göstərir.”
Eskpertin fikrincə əvvəllər regiona nəzər yetirəndə, xüsusən də Gürcüstana baxanda Azərbaycanda qiymətlər bahalı idi:
“İndi də qiymətlər bahadır, həm Moskvaya, həm Ukraynaya, həm də Türkiyəyə gediş-gəliş və s. biletlər 2-3 qat bahalıdır. Turistlərin gəlməsi üçün isə qiymətlərin çox ucuz və uyğun olması lazımdır. Həmçinin onu da qeyd edim ki, otellərdə bu müştəriləri ağırlamağa-qəbul etməyə yetərincə yataq sayısı mövcuddur.”
“Azərbaycanda “AZAL” adlanan böyük bir konsern var və onun siyasəti istər-istəməz qiymətlərin baha olmasına gətirib çıxardır. Təyyarədə yerlər dolu olmadığına və gəliş-gedişin az olmasına görə onlar da qiymətləri qaldırırlar. Hər kəsin bir siyasəti var və təbii olaraq onlar bu şəkildə də zərərlərini qarşılamağa çalışırlar. Olan yenə də turizm sektoru və otellərə olur. Nəticədə hər il Azərbaycana gələn müştəri, daha ucuz regiona, məsələn Gürcüstana üz tutur. Yaxud Türkiyə və Ukraynaya”.
Cabir Dövlətzadə bildirib ki, hazırda ərəblərin daha çox səfər etdiyi ölkələrdən birisi Ukraynadır. Ukraynada qiymətlərin ucuz olması və ərəb müştərilərə xüsusi imtiyazların verilməsi, onların qonşu ölkəyə olan marağını artırıb:
“Qiymətlər çox bahalı olduğuna görə, onlar Azərbaycana gəlmirlər. Qiymətlər aşağı düşsə təbii ki, gediş-gəliş də çoxalacaq. Əvvəllər Bakıya gələn çarter reysləri vardı, indi də “Buta Airways” bu reysləri bərpa edib, amma buna baxmayaraq yenə də qiymətlər çox yüksəkdir. Həmin o digər lou-koster reyslərin açılması və fəaliyyətə düşməsi bizim işlərimizə kömək edərdi, amma pandemiya şəraitində yaranmış vəziyyət elədir ki, həmin o lou-koster reyslər ya fəaliyyətə keçməyib və yaxud da keçə bilmirlər. Bu da bizim işlərimizə çox mənfi təsir göstərir.”
Ekspert turizm sektorunda yenidən inkişafın olacağına da böyük ümid bəslədiyini söyləyib:
“Son olaraq bunu demək istəyirəm ki, ümid sonda ölür, çünki biz ümidlə yaşayırıq. 2022-ci il turizm sektoru baxımından ortada bir olacaq. Ona görə ki, Ümumdünya Turizm Təşkilatı (UNWTO) bildirib ki, turizmin tam bərpa olunacağı il 2023-cü ildir. Biz bütün ümidlərimizi 2023-ə bağlamışıq. 2022-ci il keçid ili olacaq və biz orada toparlanmağa çalışacağıq. Ümid edirik ki, artıq virusun yayılması azalacaq, çünki ÜST deyir ki, gələn ilin payızında pandemiya tamamən bitəcək və virus kontrol altına alınacaq. Bizim ümidimiz onların irəli sürdüyü açıqlamalaradır ki, sonda biz də ona uyğun vəziyyətə özümüzü uyğunlaşdıra bilək.” - deyə turizm eksperti fikirlərini tamamlayıb.
Rafi Müslümov
Digər xəbərlər