Saytımızı qiymətləndirin


 
 

Türkiyə birincisi olan həmyerlimiz: “Qazandığım uğur məsuliyyətimin nəticəsidir”
Tarix: 06-09-2021 | Saat: 19:59
Bölmə:Karusel / Region | çapa göndər

Türkiyə birincisi olan həmyerlimiz: “Qazandığım uğur məsuliyyətimin nəticəsidir”

“İstanbul Universitetində təhsil aldığım vaxtdan hər zaman inanmışam ki, bu universitetdə təhsilində ən yaxşı nəticəni əldə edə biləcək Azərbaycan vətəndaşları var və təhsil göstəricilərimdə qazandığım uğurlarla bu inamım doğruldu. Amma mən heç vaxt uğura can atmaq üçün çalışmamışam, məqsədimə könüllə, məsuliyyətlə yanaşdığımdan, uğur özü məni tapıb”.

Qarabaginfo.az xəbər verir ki, bunu Apa-nın yerli bürosuna Türkiyənin İstanbul Universitetində “Çift anadal” (İkili əsas ixtisas) proqramı ilə təhsil alan, yüksək təhsil göstəricilərinə görə Türkiyə birincisi olan həmyerlimiz Nuray Allahverdiyeva bildirib.

Özü haqqında məlumat verən N.Allahverdiyeva 1999-cu ildə Bakıda anadan olduğunu, 2017-ci ildə Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyini həm qızıl medal, həm də fərqlənmə attestatı ilə bitirdiyini bildirib. Orta məktəbdə oxuduğu vaxtlarda N. Allahverdiyeva Azərbaycan dili və Ədəbiyyat üzrə respublika olimpiadalarında birincilik əldə edib. Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən imtahanlarda 690 bal toplayaraq III qrup üzrə Azərbaycanın bir çox ali təhsil müəssisəsində oxumaq hüququ qazanıb. Eyni zamanda, təqaüd proqramı ilə Türkiyədə təhsil almaq hüququ qazanıb.

N. Allahverdiyevanın İstanbul Universitetinin Siyasi elmlər fakültəsinin beynəlxalq əlaqələr ixtisası üzrə təhsil almaq arzusu nəzərə alınıb və o, Türkiyəyə dəvət edilib: “İstanbul Universitetində təhsil aldığım müddət ərzində, xüsusilə pandemiya dövründə Türkiyənin önəmli qurumlarından olan “Yıldız Holding” və QNB Finansbankda təcrübələr keçdim. Daha sonra təhsil göstəricilərim və qiymətlərim yaxşı olduğu üçün Türkiyədə fəaliyyət göstərən “Çift anadal” proqramı üzrə eyni vaxtda bakalavr pilləsində iki ixtisasda təhsil almaq hüququ əldə etdim. Ona görə də beynəlxalq münasibətlər ixtisası ilə yanaşı, iqtisadiyyat ixtisası üzrə də təhsil almağa başladım. Beynəlxalq əlaqələr ixtisasım üzrə fakültə birincisi olaraq təhsilimi başa vurmuşam, amma iqtisadiyyat fakültəsində təhsilim hələ davam edir, IV kursdayam”.

Nuray magistratura, doktorantura pilləsində də təhsilini davam etdirdikdən sonra, eyni prinsiplə çalışacağı sahədə də uğrlar qazanacağına inandığını bildirib: “İstanbul Universutetindəki uğurumda Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyində qazandığım bilik və bacarıqlar, Türkiyədəki müəllimlərin əməyi çoxdur. Bundan başqa, universitetimizdə dünyanın müxtəlif ölkələrindən təhsil alan tələbələrin də mənə müəyyən dəstəyi olub. Hər zaman öz üzərimdə məsuliyyət hiss etmişəm. Düşünmüşəm ki, insan daima inkişaf üçün çalışmalı, fərqli vizyon və mədəniyyətlərlə tanış olmalıdır, amma harada çalışacağından asılı olmayaraq, mənim üçün insanın öz milli mənsubiyyətini unutmaması daha önəmlidir. Buna görə də mən öyrəndiklərimi öz vətənimdə fəaliyyətə keçirmək istəyindəyəm. Təhsil aldığım iki sahə fərqli olsa da, bir diplomatı iqtisadi biliksiz, bir iqtisadiyyatçını da dünya siyasətindən məlumatsız təsəvvür etmədiyimə görə, gələcəkdə peşəmdə hər iki biliklərimdən düzgün şəkildə yararlanacağımı düşünürəm”.

Həmyaşıdlarına da mesaj ünvanlayan Nuray Allahverdiyeva hesab edir ki, hər gənc öz bacarğının arxasınca getsə, gələcəyin yaxşı qurulmasında onların hər birinin xidməti olar: “Biz “Z” nəsli olaraq çox fərqli bir dönəmdə doğulmuşuq. Dünyada baş verən bəzi proseslərin biz gənclərin sosiallaşmasının, stimullaşmasının mənfi təsirinə izn verməməliyik. Elə etməliyik ki, gələcəyin daha gözəl qurulmasında hər birimizin qatqısı olsun”.



Xəbəri paylaş

1320 dəfə oxunub.

Digər xəbərlər