Tarix: 03-09-2021 | Saat: 09:03
Bölmə:Karusel / Region | çapa göndər
Ermənistan rəhbərliyindən heç kəs separatçı “Qarabağın müstəqilliyinin 30 illiyi” münasibətilə Dağlıq Qarabağa səfər etməyib.
Baş nazirinin ofisindən bu sorğuya qısa cavab veriblər: “Nikol Paşinyan avqustun 31-dən üçgünlük məzuniyyətdədir”.
Yüksək texnologiyalar naziri Vaaqn Xaçatryan isə hökumət iclasından sonra deyib ki, Qarabağa səfər etməmək qərarı siyasidir: “Belə bir siyasi qərar qəbul olunub. Başqa səbəb axtarmayın”. O sözügedən “siyasi qərarın” niyə qəbul olunduğunu izah etməyib. Dağlıq Qarabağa Ermənistan vitse-spikeri başda olmaqla Milli Məclisinin nümayəndə heyəti gedib.
Bu da qeyd olunmalıdır ki, parlamentin vitse-spikeri İşxan Saqatelyan müxalif Daşnaksutyun partiyasının üzvüdür. Sözügedən nümayəndə heyətinin qalan üzvləri də müxalifəti - keçmiş prezident Robert Koçaryanın “Hayastan” və keçmiş prezident Serj Sarksiyanın “Şərəfim var” fraksiyalarını təmsil edirlər.
“Şərəfim var” fraksiyasından millət vəkili Tiqran Abraamyanın fikrincə, Ermənistanın yüksək vəzifəli nümayəndələrinin Qarabağa gəlməməsi o deməkdir ki, hakimiyyət Azərbaycanın diqtə etdiyi oyun qaydalarını qəbul edib.
“Əgər biz bu prinsipi rəhbər tutsaq və Azərbaycanın diqtə etdiyi oyun qaydalarını qəbul etsək, onda Artsaxın (Qarabağ - red) itirilməsini sürətləndirər və bu itkini tamlaşdırarıq. Ermənistana daim Azərbaycanın gündəliyi sırınır, yeni güzəştlər, yeni itkilər sırınır. Artsaxa (Qarabağ - red) gəlməmək və Artsaxla (Qarabağ-red) bağlı prioritet sualları irəli sürməmək bu hakimiyyətin apardığı siyasətdən xəbər verir və bu, tam gözləniləndir. Bu siyasət Ermənistan tərəfindən gələcəkdə yeni güzəştləri nəzərdə tutur”.
Digər xəbərlər