Tarix: 23-08-2021 | Saat: 12:18
Bölmə:Karusel / Gündəm | çapa göndər
“Keçən Avropa çempionatında dörd qızıl medal qazanmışdıq, bu dəfə dörd final keçirdik. Təəssüf ki, Rumil Cəfərliyə qarşı qərəzli mövqe olduğundan, ən yüksək əyarlı nəticəmizi təkrarlaya bilmədik. Bu gümüş medal da qızıla çevrilsəydi, Azərbaycan ümumi komanda hesabında 45 ölkə arasında ikinci olacaqdı”.
Qarabaginfo.az xəbər verir ki, bunu karate üzrə yeniyetmə və gənclərdən ibarət milli komandamızın baş məşqçisi Anar Allahverdiyev deyib.
Finlandiyanın Tampere şəhərində keçirilən Avropa çempionatında Azərbaycanın yeniyetmə və gənc karateçiləri üç qızıl, bir gümüş və üç bürünc medal qazanıb. Bu nəticə ilə Azərbaycan üçüncü yeri tutub:
“Üçüncü yer də yüksək nəticədir. Nəzərə alsaq ki, 10 ölkə yarışı əliboş tərk edib, 7 milli komanda isə üç yaş dərəcəsində yalnız bir bürünc medala sahib ola bilib, əlavə şərhə ehtiyac yoxdur. Onu da qeyd edim ki, yarışa yollanan gün dörd yeniyetmə idmançımızının COVID testi pozitiv çıxdığından, heyətdən kənar qaldı. Onlar da medal gözlədiyimiz idmançılar idi. Sentyabrda gənclər komandasının MDB Oyunlarında və İstanbulda Gənclər Liqasında iştirak etməsi nəzərdə tutulur. Bakıya dönən kimi bu məsul yarışlara hazırlaşacayıq”.
Qeyd edək ki, Tamperedə Avropa çempionatından əvvəl Avropa Karate Federasiyasının (EKF) Hakimlər Komitəsinə imtahan verən hakimlərimizdən Mais Mədətov beynəlxalq dərəcəsini artırıb, Vüsal İsrafilov və Seymur Məmmədov isə sınaqlardan uğurla çıxaraq Azərbaycanın beynəlxlaq karate hakimlərinin sayını doqquz nəfərə çatdırıb.
Digər xəbərlər