Tarix: 11-08-2021 | Saat: 14:55
Bölmə:Karusel / Gündəm | çapa göndər
"Azərbaycanda müxtəlif vaksinlərdən geniş istifadə olunur. Görülən tədbirlər, aparılan əks-epidemik addımlar, o cümlədən karantin tədbirləri zaman-zaman öz müsbət nəticəsini versə də, son zamanlar yenə də koronavirusun yeni dalğasının, xüsusilə “Delta” ştamının qonşu ölkələrdə yayılmasından sonra Azərbaycanda da son vaxtlar müşahidə edilməsi daha ciddi tədbirlərin görülməsini tələb edir. Ötən ilin təcrübəsi göstərdi ki, sərt karantin rejiminin uzun müddət davam etməsi həm sosial-iqtisadi, həm də psixoloji cəhətdən cəmiyyətə və dövlətə mənfi təsir edir".
Qarabaginfo.az xəbər verir ki, bu fikirləri Azərtac-a açıqlamasında Milli Məclisin deputatı Musa Quliyev ifadə edib. Deputat qeyd edib ki, bunlardan daha əhəmiyyətlisi vaksinasiyanın genişləndirilməsindən ibarətdir: "Hazırda 4 milyondan çox insana iki doza vaksin vurulmasına baxmayaraq, hələ də peyvənd olunmayan vətəndaşlarımız var. Bu da xəstəliyin, ümumiyyətlə, “Delta” ştamının sürətlə yayılmasına təhlükə yaradır. Yay aylarında karantin rejiminin yumşaldılması, o cümlədən rayonlararası gediş-gəlişin, toy mərasimlərinin bərpa olunması, həmçinin restoranların, kafelərin, ictimai iaşə obyektlərinin, idman zallarının açılması bir tərəfdən əhalinin üzləşdiyi sosial və psixoloji gərginliyi aradan qaldırsa da, digər tərəfdən yeni yoluxma hallarının sürətlənməsinə gətirib çıxardı. Son günlərin statistikası bizi xüsusilə narahat etməkdədir. Çünki həm yoluxanların sayı kəskin artır, həm də ölüm halları çoxluq təşkil edir. Buna görə də reanimasiyalar ağır xəstələrlə dolur, bu da perspektivdə ölüm hallarının daha da artacağı təhlükəsi yaradır.
Bunların qarşısını almaq üçün nə etmək lazımdır? Şübhəsiz ki, birinci növbədə, vaksinasiyada stimullaşdırıcı addımlara getməliyik. Gündəlik yoluxanların sayının 1000 nəfəri keçməsi bizə qismən də olsa, karantin rejiminin sərtləşdirilməsi zərurətinin yarandığını göstərir. Yəqin ki, Operativ Qərargah bu barədə də öz tövsiyələrini bildirəcək. İstənilən halda, özünüqoruma tədbirlərini heç vaxt yaddan çıxarmamalıyıq".
M. Quliyev qeyd edib ki, açıq havada maskanın istifadəsi yalnız tövsiyə olunur: "Amma sosial məsafəni gözləmək şərti ilə açıq havada da imkan daxilində maskaya keçilməsi xüsusən payızın ilk aylarından başlayaraq məcburi xarakter ala bilər.
İnsanlar, eyni zamanda, xəstəliyə yoluxmamaq və ya onu yüngül keçirmək üçün peyvənd olunaraq immunitetin gücləndirilməsinə üstünlük verməlidirlər. Vaksinasiya barədə tədbirlər geniş xarakter almalıdır. Həmçinin peyvənd olunan şəxslərə stimullaşdırıcı üstünlüklər verilə bilər. Bu barədə Avropanın yetərincə təcrübəsi var. Onlardan da istifadə etmək olar.
“Bütövlükdə biz pandemiya ilə mübarizəni necə aparacağımızı və bunun nə zaman bitəcəyini bilmədiyimizə görə bu addımları atmaq zərurətindəyik. Eyni zamanda, həm də ölkə iqtisadiyyatını qorumaq məcburiyyətindəyik. Biz kollektiv şəkildə bu işə məsuliyyətlə yanaşsaq, hesab edirəm ki, itkilərimiz daha da az olar”.
Digər xəbərlər