Tarix: 09-06-2021 | Saat: 16:45
Bölmə:Karusel / Gündəm | çapa göndər
“Biz Asiyadan Avropaya qədər bəşəriyyətə ədalət və birlik anlayışını gətirən nəsillərin varisi, eyni dili danışan, eyni dinə, mədəniyyətə, tarixə, adət-ənənələrə sahib 300 milyonluq bir ailəyik”.
Qarabaginfo.az-ın xəbərinə görə, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Türkdilli Ölkələrin Parlament Assableyası (TÜRKPA) və Azərbaycan Atatürk Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Türk Dünyasının Keçmişi, Bu günü və Gələcəyi” adlı simpoziuma ünvanladığı videomesajında deyib.
O bildirib ki, türk dövlətləri siyasət, iqtisadiyyat, turizm, enerji, mədəniyyət və digər sahələrdə bərabər və həmrəy olmaq üçün səy göstərir: “Parlamentlərimiz arasında əməkdaşlığın zamanla daha da inkişaf etməsinin məmnuniyyətini yaşayırıq. 30 il öncə qurulan bu birliyimiz Türk Şurası, TÜRKPA, TÜRKSOY kimi qurumların timsalında bütün sahələrdə sürətlə inkişaf edir”.
M. Şentop Azərbaycanın 30 ildən sonra Qarabağ torpaqlarını işğaldan azad etməsi ilə Cənubi Qafqazda yeni əməkdaşlıq imkanları yarandığını qeyd edib: “Azərbaycanlı qardaşlarımız Qafqazın ən böyük incisi Qarabağı inamları, igidlikləri, prinsipiallıqları ilə azad etdilər. Türkiyə olaraq Vətən müharibəsinin əvvəlindən sonunadək qardaşlarımızın yanında olduq və bu birliyimizi bütün dünyaya nümayiş etdirdik. Azərbaycanın 44 günlük savaşından sonra əldə etdiyi Qələbə Cənubi Qafqazda regional əməkdaşlığın təsis olunması baxımından yeni bir fürsət pəncərəsi açıb”.
TBMM sədri region dövlətlərinin və türk birliyinin bu fürsətdən yararlanmasının vacibliyini də vurğulayıb.
Digər xəbərlər