Tarix: 04-06-2021 | Saat: 22:47
Bölmə:Karusel / Yazar | çapa göndər
Sirac Abışovun və reportyor Məhərrəm İbrahimovun faciəli şəkildə həlak olması qanayan yaranı-Qarabağ münaqişəsinin dramatik nəticələrini qurdalamış oldu. Bu ilin əvvəlindən, “Sərhədsiz reportyorlar” beynəlxalq jurnalist təşkilatının hesabatına əsasən, S.Abışov və M.İbrahimov qaynar nöqtələrdə həlak olan ilk jurnalistlərdir. Fədakar, cəsur və hansısa dərəcədə ölümcül jurnalist sənəti belədir ki, dibi alova bürünmüş dərin uçurumun üstündə bəzən kövrək kanatın üstündə də getməli olursan. Bu, qaydalar və insan həyatının dəyərini tanımayan sənətdir, ola bilsin liberal eradan miras qalmış yeganə donkixotluqdur. Siyasi istebleşmentdə bütün qalanlar xirtədiyinə qədər acınacaqlı sinizmə bulaşıb.
İndiki dünyada jurnalistlər təkcə həqiqət naminə həlak olmurlar, həm də bütün qalan insanlara ən son xəbərləri çatdırmaq naminə həyatlarını qurban verirlər. Adi xəbərləri. Abışovun və İbrahimovun məsələsinə gələndə isə, onlar itkin düşənlər haqda xəbər dalınca gedirdilər. Bu günlərdə Kəlbəcərdə birinci Qarabağ müharibəsi zamanı ermənilərin yaxın məsafədən güllələdikləri azərbaycanlıların kütləvi məzarı aşkarlanmışdı, onlar işğalçılar gələnə qədər dədə-baba evlərini tərk etməyə imkan tapmayan dinc sakinlər idilər.
Sirac və Məhərrəm həqiqətlərin arxasınca tələsirdilər...
Jurnalistlər bu qardaş məzarına tələsirdilər. Heç ağıllarına da gətirmədən ki, onların özünü də məkrli ölüm gözləyir. Azərbaycan torpaqlarını tərk edən erməni əsgərləri tələm-tələsik, xaotik şəkildə və yeni qanlar axıtmaq hərisliyi ilə bütün yollara mina düzüblər. Üstəlik birinci müharibənin dövründən də minlərlə mina qalıb. Qarabağ hələ də sülh və barış torpaqları olmayıb. Və həmin torpaqlarda minalanmış ərazilərin xəritələrini vermək tələblərinə və xahişlərinə ermənilər cinayətkarcasına və alçaqcasına imtina cavabı verirlər. Yeni qurbanların olmasını istəyirlər, istəyirlər ki, qan yenə göyə fışqırsın və bu torpaqlara hopsun. Despotik hakimiyyət başçısına çevrilmiş jurnalist Paşinyan belə istəyir.
Ölümün pəncəsinə indi bizim də, həmin Paşinyanın da həmkarları düşdü. Son bir ildə qaynar nöqtədə həlak olan ilk jurnalistlərdir. Həm Qarabağ, həm bütün Ermənistan-Azərbaycan sərhədi siyasətçilərin bütün bəyanatlarına baxmayaraq qaynar nöqtə olaraq qalır. Minalar partlayır, güllələr vıyıldayır. İnsanlar həlak olur. Deməli müharibə davam edir.
2020-ci ildə və bu ilin birinci yarısında jurnalistlər korrupsiya ilə, mütəşəkkil cinayətkar qruplarla mübarizədə həlak olublar, onlara hətta ətraf mühitin çirklənməsinə dair məqalələrinə görə də divan tutublar. Jurnalistləri Meksikada, İraqda, Əfqanıstanda, Hindistanda, Pakistanda öldürüblər. İnsanların həqiqəti öyrənmək haqqını əllərindən almaq üçün. Ötən il İraq hakimiyyəti, dünya ictimaiyyətinin səs-küylü demarşısına baxmayaraq, müxalif bloqer Ruholla Zamanı edam etdi. Son 30 ildə ilk dəfə jurnalist edam olundu! Və bu edam insanlığın siyasi və mənəvi baxımdan orta əsrlərə qədər deqradasiyaya məruz qalmasının təhlükəli carçısı deyildimi?!
Sirac Abışovun və Məhərrəm İbrahimovun faciəli şəkildə həlak olması, daha doğrusu, onların qətli, qəsdən öldürülməsi erməni hakimiyyətinin və Yerevan hərbi rəhbərliyinin vicdanındadır. Və bu jurnalistlərin həlak olması sonuncu ölüm deyil. Hər şey indi başlayır ki, bu da erməni hakimiyyətinin təhdidkar xarakter alan cinayətkar davranışlarına cavab olaraq susan beynəlxalq insan haqları təşkilatlarının da üzərinə məsuliyyət qoyur.
Jurnalist Paşinyan azərbaycanlı jurnalistlərin həlak olması haqda yazmayacaq, onun özü indi despota çevrilib...
Əgər müharibə başa çatıbsa nəyə görə başı bəlalar görmüş bu torpaqlardan hələ də barıt tüstüsü çəkilməyib? Nəyə görə minalar və mərmilər partlayır? Nəyə görə hələ də erməni əsgərləri Azərbaycan ərazisinə keçməyə cəhd edir, yol boyu öldürür və hər şeyi dağıdır? Və nəyə görə Qarabağdakı hansısa orta əsrlər abidəsinin taleyinə bu cür həssas yanaşan avropalılar Ermənistan hakimiyyətini minalanmış ərazilərin xəritəsini verməyə çağırmır? Axı insanlar həlak olur?! Nəyə görə “Sərhədsiz reportyorlar” susur? Heç “Beynəlxalq aministiya” təşkilatının da səsi gəlmir...
“Human Rights Watch”dan olan insan haqları müdafiəçiləri hara yoxa çıxıblar? Kədərli Avropa səhrasında tənha qalmış Dunya Miyatoviçin səsini eşitməyi indi necə də istəyirsən?! Həbsxana divarları arasında oturmuş jurnalist kimi bilirəm ki, Dunya Miyatoviç jurnalistlərin haqqı uğrunda necə mübarizə aparır...
Sirac və Məhərrrəm nə birincidi, nə sonuncu. Bu çöllərdə minalanmış yolları və maneələri keçərək qardaş məzarlığına gedən başqa jurnalistlər də həlak olacaqlar. İnsan həyatından qiymətli heç nə yoxdur. İnanın ki, insan həyatı hansısa abidənin taleyindən daha qiymətlidir. Və biz həyacan təbili çalmalıyıq ki, avropalı insanın yatmış vicdanını oyadaq, ola bilsin onlar Siracın və Məhərrəmin qətlini görməməzliyə vuracaqlar. Başqa jurnalistlərin həyatını xilas etmək naminə, hansı ki, artıq yeni həlak olanların meyitlərinin yanına tələsirlər...
Eynulla Fətullayev, redaksiyanın adından...
Digər xəbərlər