Tarix: 01-06-2021 | Saat: 16:03
Bölmə:Karusel / Qarabağ | çapa göndər
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşa şəhərində Müdafiə Nazirliyinin təşkilatçılığı ilə ilk kitab təqdimatı keçirilib.
Bu barədə Qarabaginfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Məhşur “Gəncə qapısı” tarixi memarlıq abidəsinin qarşısına toplaşan 44 günlük Vətən müharibəsinin iştirakçıları və ölkəmizin mirvarisi olan gözəl Şuşamızın müdafiəsində bu gün də mərdliklə dayanan Azərbaycan Ordusunun hərbi qulluqçuları əvvəlcə xalqımızın ümummilli lideri ulu öndər Heydər Əliyevin, Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsini hörmət və ehtiramla yad ediblər.
Hərbi hissə komandirinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavini polkovnik Elşad Əbilov bu gün Şuşada ilk kitab təqdimatı keçirilməsinin heç də təsadüfi olmadığını qeyd edərək bildirib ki, Şuşada tarixən elmə, təhsilə, ədəbiyyat və incəsənətə böyük maraq olub. Vaxtilə burada zəngin muzeylər, kitabxanalar fəaliyyət göstərib. “Məclisi - üns”, “Məclisi - fəramuşan” poeziya məclislərində onlarla şairlər formalaşıb, püxtələşib, inkişaf edib. Yurdumuzun bu füsunkar guşəsi Azərbaycanın mədəniyyət xəzinəsinə görkəmli rəssam, şair, alim Mir Möhsün Nəvvab, şairə və rəssam Xurşudbanu Natəvan, ədəbiyyatımızda tarixi dram janrının banisi Əbdürrəhim bəy Haqverdiyev, milli dramaturgiyamızda faciənin əsasını qoyan Nəcəf bəy Vəzirov, ilk ədəbiyyat tarixçisi, maarifçi, Qori və Qazax seminariyalarının müdiri Firudin bəy Köçərli, satirik şeirmizin təməlini qoyanlardan biri Qasım bəy Zakir, Şərqdə ilk operanın banisi, böyük dramaturq, musiqili komediya janrının yaradıcısı, qüdrətli publisist Üzeyir Həcıbəyli, ilk tarixi romanlar müəllifi Yusif Vəzir Çəmənzəminli, Azərbaycan dövlətçiliyinin ilk nəhəng ideoloqlarından biri, yazıçı – publisist, alim, erməni terrorizminə qarşı ilk türk “Difai” milli təşkilatının yaradıcısı Əhməd bəy Ağayev və neçə-neçə böyük sənətkarlar bəxş edib.
Nəzərə çatdırılıb ki, Şuşa və şuşalılar zaman-zaman yadellilərin hücumlarına məruz qalsalar da tarixin sərt sınaqlarından uğurla çıxıb, bu müqəddəs torpağı canları, qanları bahasına mərdliklə qoruyublar.
2020-ci ildə Ermanistanın təxribatlarına cavab olaraq dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında “Dəmir Yumruq” əməliyyatı ilə başladığımız Vətən müharibəsi məhz Şuşanın işğaldan azad edilməsi ilə Zəfərlə başa çatıb.
Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani tədbir iştirakçılarını salamlayaraq məlumat verib ki, müəllifi olduğu “Vətən müharibəsi şəhidləri” nəşri yeddi kitabdan ibarət olacaq və bu kitablarda Vətən müharibəsində şəhadətləri ilə tarix yazan, adları tarixə yazılan üç minə yaxın şəhidimizin həyatı, Vətənə sədaqətli xidmətləri və şanlı döyüş yolu barədə ətraflı məlumatlar veriləcək.
Birinci kitab Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Hərbi Qənimətlər Parkında təltif olunan hərbi qulluçularla görüşdə çıxış edərkən dediyi bu fikirlərlə başlanır: “Allah bütün şəhidlərimizə rəhmət eləsin, Allah onların yaxınlarına səbir versin. Şəhidlərimizin yaxınları üçün təsəlli odur ki, onlar öz canlarını Vətən uğrunda qurban verdilər. Təsəlli odur ki, torpaqlarımız azad olundu, ərazi bütövlüyümüz bərpa edildi. Eyni zamanda, təsəlli odur ki, şəhidlərimizin intiqamını biz döyüş meydanında aldıq. Şəhidlərimizin qanı yerdə qalmadı...”
Təqdim olunan 800 səhifəlik ilk kitabda Azərbaycan Ordusunun şəhid zabit və gizirlərinin əbədiyaşar ömürlərinə çıraq tutulur. Bütün cəbhələrdə, eləcə də Şuşa istiqamətində, Şuşa şəhərində son gülləyə, son nəfəsədək vuruşan qəhrəman şəhid döyüşçülərimiz ehtiramla xatırlanır. Nə qədər müstəqil Azərbaycan dövləti var, nə qədər qədirbilən xalqımız var onlar heç vaxt unudulmayacaq, xatirələri əziz tutulacaq, adları əbədiləşdiriləcək, bu kimi nəşrlərdə, ürəklərdə yaşayacaqlar.
Kitabın ilk nüsxələri Şuşaya qədər şərəfli döyüş yolu keçmiş və xidmətləri Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamları ilə yüksək qiymətləndirilmiş, orden-medallara layiq görülmüş hərbi qulluqçular Tural Qocayev, Elçin Hüseynov, Cavid Mustafayev, Yusif Əlizadə, Şamxal Novruzlu, Nizam Aydəmirova və hərbi hissənin kitabxanasına hədiyyə edilib.
Aprel döyüşlərinin, o cümlədən Vətən müharibəsinin qəhrəman iştirakçılarından olan reaktiv – artilleriya batareyasının komandiri Elçin Hüseynov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu şəhid Nizami Aydəmirovla birgə döyüşlərdə fəal iştirak edən qardaşı əsgər Nizam Abdullayev çıxış edərək şəhidlərin intiqamını artıqlaması ilə aldıqlarını və bu gün də Müzəffər Ali Baş Komandanın əmri ilə istənilən döyüş tapşırığını yerinə yetirməyə hazır və qadir olduqlarını vurğulayıblar.
Müəllif və tədbir iştirakçıları yüksək poliqrafiya keyfiyyətinə malik “Vətən müharibəsi şəhidləri” silsiləsindən birinci kitabın nəşrə hazırlanmasında və işıq üzü görməsində göstərdiyi xeyirxah köməyə görə Müdafiə Nazirliyinin və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rəhbərliyinə, eləcə də “Apostrof-A” nəşriyyatınnın kollektivinə minnətdarlıq ediblər.
Məlumat üçün bildiririk ki, nəşr olunan birinci kitab 26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Gününədək şəhid ailələrinə, respublikanın mərkəzi muzey və kitabxanalarına hədiyyə ediləcək.
Digər xəbərlər