Saytımızı qiymətləndirin


 
 

Qondarma “general” Samvel 90-cı illəri xatırlatdı və “xilaskar” kimi siyasətə atıldı
Tarix: 26-05-2021 | Saat: 09:37
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Bir vaxtlar qondarma “dqr”in “müdafiə naziri” olmuş və 44 günlük İkinci Qarabağ müharibəsi zamanı bu qondarma rejimdə “təhlükəsizlik şurasının katibi” kimi qondarma vəzifəni tutan, lakin rüsvayçı məğlubiyyətdən dərhal sonra istefa verib aradan çıxan general Samvel Babayan bəyanat yayaraq Ermənistandakı seçkilərə qatılacağını elan edib. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Samvel Babayan uzun-uzadı bəyanatında Ermənistanın düşdüyü indiki acınacaqlı vəziyyətin səbəbləri haqda bəhs edir.

 

Bildirir ki, indi Ermənistan dövlətçiliyini itirmək təhlükəsi qarşısındadır. Və bu təhdid barədə illər əvvəldən xəbərdarlıq etdiyini bildirir. “Xəbərdarlıq edirdim ki, bizim zamanımız azdır, faktiki olaraq müttəfiqimiz yoxdur, nə tərəfdaşımız yoxdur ki, öz maraqlarını bir kənara qoyaraq bizim tərəfimizi saxlasın. Ona görə demişdim ki, güclü, məğlubedilməz ordu qurmaq lazımdır, çünki ancaq öz gücümüzlə özümüzü müdafiə edə bilərik. Mənim sözlərimə məhəl qoyan olmadı. Təkliflərim həddən artıq radikal hesab edildi, proqnozlarımı isə həddən artıq şişirdilmiş və qeyri-real saydılar”,-Samvel Babayan bildirir.

O, əlavə edir ki, hətta Dağlıq Qarabağda “təhlükəsizlik şurasının katibi” olanda da orduya ciddi yanaşmaya nail ola bilməyib. “Müharibə vaxtı isə mən dəhşətli hallarla rastlaşdım -hərbi və siyasi rəhbərlik mənim tövsiyələrimi yerinə yetirmirdilər ki, sonradan qələbəyə aparan qərarların müəllifi kimi məni tanımasınlar”,-o bildirir.

Samvel Babayan daha sonra 90-cı illərə qayıdır, bildirir ki, münaqişə təzə başlayanda, 1990-cı ildə artıq ermənilərin partizan dəstələri ilə Azərbaycan ordusu (o vaxt Azərbaycan ordusu filan yox idi, könüllü dəstələr Qarabağda döyüşürdü,-red.) arasında artıq döyüşlər gedirdi. “Azərbaycanlıların artilleriya və ağır texnika ilə təchiz edilmiş güclü ordusu vardı, bizdə isə başıpozuq könüllülər. Bir illik döyüşlərin gedişində azərbaycanlılar Martuni (Xocavənd) rayon mərkəzinə yaxınlaşdılar, bütün Şaumyan rayonunu (Goranboy ərazisi) götürdülər, Mardakertin (Ağdərə) 90 faizini tutdular, ümumən Dağlıq Qarabağın (keçmiş muxtar vilayətin) ərazisinin az qala yarısını (1.8 min kvadratkilometr) tutdular. Azərbaycan rəhbərliyi artıq Şuşada və Stepanakertdə (Xankəndi) qələbə münasibətilə çay içəcəkləri tarixi elan edirdi”,-Samvel yazır.

O, əlavə edir ki, indi olduğu kimi o vaxt da Ermənistan siyasi və ya hərbi rəhbərliyi ərazilərin əldən getməsinə və itkilərə görə məsuliyyəti üzərinə götürmürdü.

Amma Samvel deyir ki, o, həmin vəziyyətdə çıxış yolunun olduğunu dərk edib-bu da güclü ordu yaratmaqdan ibarət idi. Və o, ermənilərin acınacaqlı durumunda işə başlayıb sıfırdan ordu qurduğunu, həmin “ordunun” köməyi ilə itirilmiş əraziləri geri qaytardığını, daha sonra Azərbaycanın yeddi rayonunu ələ keçirdiyini deyir. Samvel o vaxt cəmi 27 yaşının olduğunu xatırladır və qeyd edir ki, gənc olsa da erməni yaraqlılarının başıpozuq dəstələrini özünə tabe edə, onlardan nizami ordu yarada bilib. Amma indi təəsüflənir ki, son 20 ildə generallar və siyasətçilər bu “güclü ordunu” dağıtdılar. Nəticədə 444 günlük müharibədə ermənilər indiki acınacaqlı məğlubiyyətə düçar oldular.

 

Və indi Samvel yenidən meydana atılıb “güclü ordu” qurmağa hazır olduğunu bildirir. Hərçənd etiraf edir ki, bunun üçün nə pul var, nə başqa resurslar. Və o, “Azatakan” adlı blokdan seçkilərə qatılacağını elan edir.

General Samvel Babayan həqiqətən Birinci Qarabağ müharibəsində Azərbaycan ərazilərinin işğal edilməsində ciddi rolu olanlardan biridir. O zamanlar mülki əhaliyə qarşı xüsusi qəddarlığı ilə tanınan bu qondarma “general” Azərbaycanda yaşanan siyasi xaosdan, hökm sürən xəyanətlərdən və başıpozuqluqdan istifadə edərək həqiqətən öz işğalçı ordusu ilə Beyləqana qədər gəlib çıxmışdı. 1994-cü ilin mayında atəşkəsə dair Bişkek protokolunun altında onun da imzası var-“müdafiə naziri” statusunda.

Lakin Samvel o günləri yuxusunda görüb Ermənistanda siyasətə atılmağı qərara alıbsa gərək ayılanda indiki dövrün reallıqlarını da hesablayaydı. Axı o, “güclü ordunu” nəyin hesabına quracaq və bunun üçün müasir silahları haradan alacaq? Ümumiyyətlə, erməni cəmiyyəti Babayan kimi onu uçuruma sürükləmiş bu kimi quldurların revanş çağırışlarına qulaq asıb onlara səs verəcəkmi? Bir halda ki, Qarabağın işğalının bir nömrəli banisi Robert Köçəryan indi etiraf edir ki, Ermənistanın indiki vəziyyəti revanş haqda danışmağa imkan vermir və ancaq sülh yoluna üstünlük vermək lazımdır, o zaman Samvel 90-cı illərdəki göstərdiyi “möcüzəni” göstərə bilərmi?

Göründüyü kimi, Qarabağ səhra komandirləri indi vahid düşərgə halında olmasa da yenidən Ermənistanda siyasi hakimiyyəti ələ keçirməyə can atırlar, əlbətdə ki, yenə də Qarabağ kartının köməyi ilə...

Virtualaz.org



Xəbəri paylaş

1360 dəfə oxunub.

Digər xəbərlər
18-11-2022, 16:07 Sabah 21° isti olacaq