Cümhuriyyətimizin qurucuları - Atasının Baş Nazir olan oğluna məktubu: "Məndən ancaq pul istədin"
Tarix: 16-05-2021 | Saat: 18:35
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər
1323 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 16-05-2021 | Saat: 18:35
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər
May ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından 103 il ötür. Cəmi iki ilə yaxın yaşamış Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyub, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb. Xalq Cümhuriyyətinin qurucuları bugünkü müstəqil dövlətçiliyimizin təməlinin qoyulmasında misilsiz xidmətlər göstəriblər.
Moderator.az may ayının 28-dək Cümhuriyyətimizin qurucuları ilə bağlı yazıları oxuculara təqdim edəcək.
Beləliklə ilk yazını təqdim edirik.
Azərbaycanın görkəmli dövlət və siyasi xadimlərindən, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən və Azərbaycan Xalq Cümhuriyyətinin hökumət başçılarından biri də Nəsib bəy Yusifbəylidir.
Nəsib bəy Yusifbəyli 1881-ci ildə Gəncədə ziyalı ailəsində doğulub. Gəncə klassik gimnaziyasını bitirib, 1902-ci ildə Odessa Universitetinin Hüquq fakültəsinə daxil olub. Tələbələrin inqilabi mübarizəsindən qorxuya düşən çar hökuməti universiteti müvəqqəti olaraq bağladıqdan (1907) sonra Nəsib bəy Bağçasaray şəhərinə (Krım) gedib, burada İsmayıl bəy Qaspralının nəşr etdiyi "Tərcüman" qəzeti ilə əməkdaşlıq edib. Qaspralının qızı Şəfiqə Soltan xanımla evlənərək, bir müddət orada yaşayıb. Krım tatarlarının ədəbi-mədəni həyatında fəal iştirak edib, Ə.Haqverdiyevin teatr həvəskarları tərəfindən tamaşaya qoyulmuş "Dağılan tifaq" dramında Nəcəf bəy rolunu oynayıb. Ehtiyac üzündən təhsilini başa çatdıra bilməyən Nəsib bəy çar xəfıyyələrinin təqibindən yaxa qurtarmaq üçün 1908-ci ildə Türkiyəyə mühacirət edib. 1909-cu ildə Gəncəyə qayıdaraq, şəhər bələdiyyəsində çalışan və tez-tez Bakıya gələn Yusifbəyli burada "Açıq söz" qəzeti redaksiyasında onun redaktoru Məhəmməd Əmin Rəsulzadə ilə tanış olub.
Fevral inqilabından (1917) dərhal sonra Yusifbəyli Gəncədə Türk Ədəmi-Mərkəziyyət Partiyasını yardıb (1917, mart), 1917-ci ilin aprelində Bakıda keçirilən Qafqaz və həmin ilin mayında Moskvada keçirilən Rusiya müsəlmanları qurultaylarında iştirak edib. 1917-ci ilin iyununda Türk Ədəmi-Mərkəziyyət Partiyası M.Ə.Rəsulzadənin rəhbərlik etdiyi "Müsavat" Partiyası ilə birləşib, yeni partiya "Türk Ədəmi-Mərkəziyyət Firqəsi Müsavat" adlandırılıb. Yusifbəyli bu partiyanın oktyabrın 26-31-də Bakıda keçirilən və Azərbaycanın siyasi həyatında böyük hadisəyə çevrilən 1-ci qurultayının hazırlanmasında və keçirilməsində fəal iştirak edib, partiya proqramının müəlliflərindən biri olub, onun mərkəzi komitəsinin üzvü seçilib, Gəncə şöbəsinə rəhbərlik edib.
Rusiya Müəssislər Məclisinə nümayəndə seçilən, lakin Oktyabr çevrilişi (1917) baş verdiyi üçün Petroqrada gedə bilməyən Yusifbəyli Zaqafqaziya seyminin yaradılmasında fəal iştirak edib, 1918-ci il aprelin 22-də elan olunan Zaqafqaziya Demokratik Federativ Respublikası hökumətində maarif naziri vəzifəsini tutub, milli siyasətin ən çətin və ən məsul vəzifələrini icra edib.
Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra Fətəli Xan Xoyskinin təşkil etdiyi 1-ci hökumət kabinəsində Yusifbəyli maliyyə və xalq maarifi naziri vəzifəsini, Xoyskinin 2-ci və 3-cü hökumət kabinələrində də xalq maarifı və dini etiqad naziri vəzifələrini tutub. Xalq Maarifi Nazirliyinin həyata keçirdiyi ilk tədbirlərdən biri Azərbaycan dilinin dövlət dili elan edilməsi idi. Bu vəzifəni həyata keçirmək üçün isə təhsil sistemini milli zəmin üzərində tamamilə yenidən qurmaq və Azərbaycan dilini mükəmməl bilən ixtisaslı milli kadrlar yetişdirmək tələb olunurdu. Məhz buna görə N.Yusifbəylinin təqdimatı ilə hökumət 1918-ci il avqustun 28-də Azərbaycan məktəblərinin milliləşdirilməsi haqqında qərar qəbul edib. Xalq Maarifı Nazirliyinin səyləri nəticəsində artıq 1919-cu ilin əvvəllərində Azərbaycanda dövlət hesabına 637 ibtidai və 23 orta ixtisas təhsili məktəbi fəaliyyət göstərirdi. 1919-cu ildə 4-cü hökumət kabinetinin təşkili Yusifbəyliyə tapşırılıb və aprelin 14-də elan olunan tərkibdə o, baş nazir vəzifəsindən əlavə, daxili işlər naziri vəzifəsini də tutub. Parlamentdə daxili və xarici siyasət haqqında hökumət proqramı ilə çıxış edən N.Yusifbəyli bildirmişdi ki, hökumətin xarici siyasət sahəsində başlıca məqsəd və vəzifəsi böyük dövlətlərin Azərbaycanın istiqlaliyyətini tanınasına nail olmaq, ölkənin ərazi bütövlüyünü qoruyub saxlamaq, daxili siyasət sahəsində isə iqtisadiyyatı dirçəltmək, əhalinin sosial rifahını yaxşılaşdırmaq, demokratik azadlıqları, o cümlədən söz, mətbuat, yığıncaq və s. azadlıqları təmin etməkdir.
Yusifbəylinin başçılıq etdiyi hökumət Denikin qüvvələrinin xaricdən, bolşeviklərin isə daxildən törətdikləri təhlükələrlə qarşılaşırdı. İyunun 5-də keçirilən parlament iclasında Denikinin könüllü orduları ilə bağlı məsələ təkrarən müzakirə olunub. Denikin təhlükəsi ilə bağlı Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Dövlət Müdafıə Komitəsinin yaradılması haqqında qərar qəbul edib. Yusifbəylinin 1919-cu ilin dekabrında özünün təşkil etdiyi ikinci hökumət kabinəsi 1920 ilin martına kimi fəaliyyət göstərdi. Yusifbəylinin baş nazir olduğu dövrdə Azərbaycan xalqının tarixində ən mühüm hadisə - 1920-ci il yanvarın 11-də Azərbaycanın istiqlaliyyətinin böyük dövlətlər tərəfindən de-fakto tanınması baş verib. Bu münasibətlə yanvarın 14-də Yusifbəyli Azərbaycan xalqına müraciət edib. Müraciətdə deyilirdi: "Azərbaycanın müstəqilliyi Böyük Avropa millətlərinin Ali Şurası tərəfindən yekdilliklə tanınmışdır. Azərbaycanın Qərb xalqları ailəsinin tamhüquqlu üzvlüyünə daxil olması onun tarixində ən işıqlı gündür. Bu gündən onun mənəvi qüvvələrinin yeni çiçəklənmə dövrü başlanır. Hökumət inanır ki, bütün vətəndaşlar yenidən hər hansı bir maneə və təhlükə yaranarsa belə, azad və müstəqil Vətənin xoşbəxtliyini təmin etmək üçün birləşəcəklər. Yaşasın müstəqil Azərbaycan xalqı!"
Bakı Dövlət Universitetinin yaradılması, 100 nəfərə yaxın azərbaycanlı gəncin Avropanın müxtəlif ali məktəblərinə göndərilməsi, torpaq islahatları haqqında qanun layihəsinin hazırlanması, savadsızlıqla mübarizə kurslarının açılması, məktəb dərsliklərinin hazırlanması və nəşrinə başlanılması da Yusifbəyli hökuməti dövrünün mühüm hadisələri sırasındadır. Yusifbəyli hökumətinin qəbul etdiyi son qərarlardan biri hərbi ordenlərin, milli himnin, dövlət gerbi və möhürü layihələrinin hazırlanması haqqında 1920-ci il 30 yanvar tarixli qərar idi.
Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti öz planlarını axıra qədər həyata keçirə bilmədi. Diplomatik əlaqə yaratmaq haqqında Azərbaycan hökumətinin bütün təkliflərini cavabsız qoyan sovet Rusiyası tərəfındən təhlükənin artdığı və işğal üçün zəmin hazırlayan daxili qüvvələrin fəallaşdığı şəraitdə Yusifbəylinin başçılıq etdiyi 2-ci hökumət 1920-ci il martın 30-da istefa verməyə məcbur olub. Məmməd Həsən Hacınskinin yeni hökumət (6-cı kabinə) təşkil etmək cəhdi uğursuzluqla nəticələnib. Aprelin sonlarında sovet Rusiyasının beynəlxalq hüquq normalarını kobudcasına tapdalayan hərbi müdaxiləsi və 11-ci Qırmızı ordu hissələrinin qanlı döyüş əməliyyatları nəticəsində Paris Sülh Konfransının (1919-1920) iştirakçısı olan dövlətlər tərəfındən tanınmış müstəqil Azərbaycan dövləti - Azərbaycan Xalq Cümhuriyyəti aradan qaldırılıb və onun ərazisi işğal olunub.
Bakının 11-ci Qırmızı ordu tərəfindən işğalından sonra təqibdən yaxa qurtarmaq məqsədilə şəhəri tərk edən Yusifbəyli 1920-ci il, may ayının 31-də yolda faciəli surətdə qətlə yetirilib.
Cümhuriyyətimizin qurucularının xalqımız qarşısındakı təmənnasız, tarixi xidmətlərini təsəvvür etmək üçün atasının Nəsib bəy Yusifbəyliyə yazdığı məktubu oxumaq kifayətdir. Həmin məktubla yazını bitiririk:
”Əziz oğlum, artıq səbrim tükənib, dözə bilmirəm. Hamısnı yazacağam. Sıxıntı içində borc alaraq sənin ali təhsil almağını təmin edə bildim. Ali təhsilini bitirib Gəncəyə qayıdanda artıq hər şeyin rahat olacağını yəqin etdim. Sən Gəncəyə gəlib bələdiyyədə ərzaq işləri üzrə müdir oldun. Sənə yenə mən baxdım. Məndən yalnız pul istədin. Sonra Tbilisiyə gedərək Seymin maarif naziri oldun. Aldığın pul ilə yenə özünü saxlaya bilmədin. Bir neçə dəfə pul istədin, göndərdim. Sonra Azərbaycanın istiqlalını elan etdiniz. Gəldin cümhuriyyətimizin maarif naziri oldun. Dövlətimizin mərkəzi olan Bakıda işlədin. Yenə də aldığın maaş səni təmin etmədi. Yenə məndən pul istədin. Həmişə göndərirdim. Adına olan torpaq sahəsinin bir hissəsini satmışdım. O pullardan da göndərdim sənə. Bu gün isə baş nazirsən. Dövlət başçısısan, yəni ölkəmizin padşahı olmuşsan. Yenə bağının qamışını mən alım? Sən pul göndərə bilərsənmi?”...
Yazı AMEA-nın Tarix İnstitutunun internet saytında yerləşdirilmiş materiallar əsasında hazırlanıb
moderator.az
Xəbəri paylaş
Digər xəbərlər
1-03-2022, 18:23
Azərbaycanda ov mövsümü başa çatıb
12-10-2021, 15:23
DYP yol-nəqliyyat hadisələri ilə bağlı piyadalara müraciət edib
1-09-2021, 23:29
BMT rəsmisi: “Sentyabrda Əfqanıstanda ərzaq ehtiyatları tükənəcək”
10-11-2021, 12:05
İrəvanda növbəti antiRusiya mitinqi: "Əlvida, çirkin Rusiya!"
22-12-2021, 19:29
Xırdalanda avtomobil qaz xəttini kəsib, 3 000 abonent qazsız qalıb
23-12-2021, 11:23
İmişli polisi 11 ədəd dovşan ovlayan şəxsi saxlayıb
14-06-2021, 15:49
Prezident İlham Əliyev və Mehriban Əliyeva Füzuliyə səfər ediblər
18-10-2024, 14:51
Azad olunmuş ərazilərdə torpaqlar kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə veriləcək