Saytımızı qiymətləndirin


 
 

“İsraildə ermənilərin anti-Azərbaycan təbliğatının qarşısında duran yəhudi təşkilatları var...” 
Tarix: 06-05-2021 | Saat: 17:50
Bölmə:Karusel / Siyasət | çapa göndər

“İsraildə ermənilərin anti-Azərbaycan təbliğatının qarşısında duran yəhudi təşkilatları var...” 
“Unutmaq olmaz ki, İkinci Dünya müharibəsi zamanı 50 minə yaxın yəhudi Avropadan qaçaraq  məhz Azərbaycanda sığınacaq tapıblar...”
 
“Əlbəttə, belə işlər görülür. Çünki İsrail dövlətinin Azərbaycana olan rəğbəti ilə yanaşı, orada yaşayan azərbaycanlı yəhudilər də  Azərbaycanla qəlbən çox yaxındırlar. Onlar İsraildə Azərbaycanla bağlı bütün tədbirlərdə iştirak etməyə çalışırlar. Biz bunların hamısını izləyir, mütəmadi müzakirələr aparırıq”. 
 
Qarabaginfo.az xəbər verir ki, bunu  Milli Məclisin yəhudi əsilli üzvü, Quba-Qusar seçki dairəsindən deputat, Azərbaycan–İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anatoliy Rafailov  Moderator.az əməkdaşının “İsraildə təcavüzkar Ermənistanı dəstəkləyən və Azərbaycan-İsrail dostluğuna qarşı çıxan bəzi qruplarların fəaliyyəti ilə bağlı hansısa işlər görülürmü?” sualını cavablandırarkən söyləyib.
 
“Azərbaycanlı yəhudilərin İsraildə ermənilərin anti-Azərbaycan təbliğatının qarşısında duran müxtəlif təşkilatları var. Məsələn, Akkoda Şirin Mixiyanın rəhbərliyi altında “Azərbaycan Evi” adlı qurum fəaliyyət göstərir. Həmin təşkilatın üzvü olan  azərbaycanlı yəhudilər mütəmadi olaraq Ermənistanın Azərbaycana qarşı hər hansı addımlarına qarşı müxtəlif tədbirlər təşkil edirlər. Məsələn,  İsraildəki erməni kilsələri qarşısında aksiyalar keçirirlər. Bundan başqa
Bakı Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin direktoru Arye Qut da aktiv fəaliyyət göstərir. “Az-İz” adlı qeyri-hökumət mədəni təşkilatı da mövcuddur və Azərbaycanla bağlı xeyli işlər görür. Azərbaycan təşkilatları Xocalı soyqırımının anım günlərində də tədbirlər keçirirlər”- A.Rafilov əlavə edib. 
 
Milli Məclisin üzvü Azərbaycanda yəhudilərin bir çox dünya ölkələrindən fərqli olaraq tamamilə azad və sərbəst bir mühitdə yaşadıqlarını xüsusi olaraq qeyd edib.
 
“Qarşılıqlı olaraq Azərbaycanda da yəhudi Holokost soyqırımının anım günləri qeyd edilir. Yəhudilər ölkəmizdə sərbəst şəkildə özlərinin bütün bayram və tarixi günlərini qeyd edirlər. Ümumiyyətlə, İsraildən və digər ölkələrdən gələn yəhudilər deyir ki, biz heç yerdə Azərbaycanda olduğu kimi, özümüzü sərbəst hiss etmirik. Hətta Avropada yəhudilər öz milli baş örtükləri –kipa ilə gəzən zaman problem yaşayırlar, ancaq Azərbaycanda həmin örtüklə sərbəst gəzirlər. Unutmaq olmaz ki, İkinci Dünya müharibəsi zamanı 50 minə yaxın yəhudi Avropanın müharibə gedən ölkələrindən qaçaraq  məhz Azərbaycanda sığınacaq tapıblar”- deyə deputat vurğulayıb.


Xəbəri paylaş

1278 dəfə oxunub.

Digər xəbərlər