Tarix: 21-04-2021 | Saat: 09:57
Bölmə:Karusel | çapa göndər
"Ermənistanın Baş naziri Nikol Paşinyan bu günlərdə parlamentdə çıxışı zamanı absurd fikir səsləndirmişdi: “Biz gələcək haqqında danışmalıyıq, ən vacibi, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasıdır. Dağlıq Qarabağ muxtar vilayətinin ərazisinin işğaldan azad edilməsi məsələsini qaldırmalıyıq. Bunu hərbi məsələ kimi deyil, siyasi danışıqlar məsələsi kimi formalaşdırmalıyıq”. O, indiki fiaskonun günahını əvvəlki hakimiyyət başçılarının üzərinə yıxmağa səy göstərir".
Yenisabah.az xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Azər Qismət bildirib.
O qeyd edib ki, Ermənistanda iyunun 20-ə təyin edilən erkən parlament seçkilərinə hazırlaşan siyasi qüvvələrin bəyanatları diqqətlə izlənilir:
"Xüsusilə, hakim komanda və müxalifətin tezisləri, qarşılıqlı ittihamlar cəmiyyətdə həm də ona görə maraqla qarşılanır ki, namizədlər real seçki platformalarından daha çox kütlə şüuruna oynamaq və Qarabağ mövzusu ətrafında möhtəkirlik edərək əlavə xal qazanmaq yolu ilə gedirlər.
Növbədənkənar parlament seçkilərinə hazırlaşan Ermənistanda bu günə qədər müşahidə edilməyən yeni tendensiyalar ortaya çıxmaqdadır. Belə ki, bütün seçkilərdə istər hakimiyyətdə olanlar, istərsə də müxalifət öz tezislərini qalib, güclü, regiona meydan oxuyan dövlət faktoru üzərində qururdusa, bu gün siyasi rəqiblər üçün ittiham motivi və kompromat mövzusu Qarabağda uğradıqları sarsıdıcı məğlubiyyətdir".
Araşdırmaçı jurnalistin qənaətincə, indi revanşist qüvvələr də Azərbaycan əleyhinə bəyanatlar verməkdən daha çox Paşinyanın səriştəsizliyi və yol verdiyi ciddi xətalara fokuslanır:
"Görünən odur ki, iyuna qədər Qarabağ və 44 günlük müharibə tezisi gündəmdən düşməyəcək, ancaq hakimiyyətə iddialı “Mənim addımım” blokuna rəhbərlik edən baş nazir namizədlərlə baş-başa qalacaq. Azərbaycan xalqı xüsusilə Robert Koçaryanın baş nazir seçilməsini istəmir. Həm xalqımızın qanına əlinin batdığı qatil, həm də uzun illər status-kvonu uzadaraq müxtəlif manipulyasiyalarla danışıqlarda qəzəbimizi qazanan Koçaryan sülh tərəfdarı olmayıb. O, nə yolla olursa-olsun revanşist bəynatlarla çıxış edəcək. Ancaq namizədlərin siyahısına nəzər salanda bəlli olur ki, onların da sırasında kifayət qədər baş nazir postuna iddialı olanlar var. Qagik Tsarukyanın “Çiçəklənən Ermənistan”, keçmiş təhlükəsizlik xidmətinin rəhbəri Artur Vanetsyanın “Vətən” və Edmon Marukyanın “Maarifçi Ermənistan” partiyaları bütün resurslardan istifadə etməklə, qüvvələr balansını öz xeyirlərinə dəyişməyə çalışacaqlar.
Ekspertlər keçmiş prezident Levon Ter-Petrosyanın “Erməni Milli Konqresi”nin seçkilərə gedəcəyi təqdirdə elektoratın dəstəyini daha çox qazana biləcəyini deyirlər. Yeni tendensiyalardan biri də seçki ərəfəsində 20-yə yaxın partiyanın süni şəkildə yaradılmasının nəzərdə tutulmasıdır. Müşahidəçilər qeyd edirlər ki, hakim blok bu əldəqayırma partiyalar hesabına elektoratın səs verəcəyi namizədlə bağlı oriyentirini pozmağa çalışır. Çünki səslərin bir hissəsinin itirilməsi qorxusu müxalifətdə duranları da birləşməyə vadar edir. Lakin indiki halda əks qütbdə qərarlaşanlar arasında Paşinyana münasibətdə yekdil yanaşma olmadığından bu birləşmə əlavə səs qazanmağa deyil, əksinə, səslərin itirilməsinə gətirib çıxaracaq".
A.Qismət söyləyib ki, istənilən halda, keçmiş xuntaçılar arasında həmrəyliyin olmaması, Paşinyanın isə Rusiya ilə ittifaq dövləti ideyasını yenidən gündəmə gətirməsi seçki öncəsi ortaya çıxan fərqli elementlər sayıla bilər:
"Azərbaycan ictimaiyyətini daha çox düşündürən baş nazir postuna iddialı şəxslərin artıq həll olunan Qarabağ məsələsi və postmünaqişə dövrünün reallıqlarına münasibətdə elan edəcəyi strateji kursun mahiyyətidir. Hələlik kimsə məğlubiyyət və separatçı rejimin gələcək taleyi ilə bağlı pozitiv notda danışmağa meyl göstərmir.
Doğrudur, 44 günü unutmayan və dırnaqarası “məğlubedilməz armada”nın aqibətini göz önündə canlandıran baş nazir müharibədən danışmır. Lakin yenidən hakimiyyətə iddialı şəxs olan Paşinyan 10 noyabr - Üçtərəfli Bəyanatın bəndlərinə zidd açıqlamalar verir. Bu da Ermənistanı yeni reallıqlara adaptasiya etməkdən ötrü xeyli vaxt sərf etmək lazım olacağından xəbər verir. Bu məsələdə Azərbaycan Prezidentinin son bəyanatlarının birində vurğuladığı kimi ATƏT-in Minsk qrupu həmsədrlərinin fəallığına ehtiyac var. Məhz onların məğlub olan, lakin təcavüzkar planlarından əl çəkməyən düşmənə “dost dəstəyi” Ermənistanı növbəti “dəmir yumruq”dan xilas edə bilər. Belə getsə, dəmir yumruq paslanmayacaq. Hər zaman göyə qaldırılacaq ki, lazımi anda yenə zərbə endirilsin".
Digər xəbərlər