Tarix: 24-01-2018 | Saat: 19:31
Bölmə:Karusel / Sosial | çapa göndər
Bu gün Kaspi liseyində Dünya Alimlər Kubokunun (World Scholar’s Cup) rəsmi açılışı olub.
"Qarabaginfo" “Qafqazinfo.az”a istinadən xəbər verir ki, 11 ildir ki, əllidən çox ölkədə iyirmi mindən çox şagirdi bir araya gətirən Dünya Alimlər Kubokunun (World Scholar’s Cup) Qafqaz regionu turniri bu il Kaspi Liseyinin ev sahibliyi ilə Bakıda həyata keçirilir. Yarışın məqsədi şagirdlərə öyrənməyi sevdirmək, sosial bacarıqlarını inkişaf etdirmək və onlara qlobal vətəndaşlıq hissini aşılamaqdır.
Yarış dörd kateqoriya (debat, esse, alimlərin mübarizəsi (test), qrup mübarizəsi) üzrə və səkkiz istiqamətdə həyata keçirilir. Üç mərhələdən ibarət olan yarışda birinci mərhələdə şagirdlər ölkələrdə (Azərbaycan, Türkiyə, Hollandiya, Kanada, ABŞ və s.) təşkil edilən regional turnirlərdə iştirak edir və “Qlobal” turnirə iştirak hüququ əldə etmək üçün mübarizə aparırlar. Qlobal turnirlərdə (20 ölkə üzrə) uğur qazanan iştirakçılar isə ABŞ-ın Yeyl Universitetində (YALE University) keçirilən “Çempionlar” turnirində öz güclərini sınayırlar.
Bu il turnirdə Azərbaycandan olan komandalarla (TİSA, Baku Oxford School, Avropa Azərbaycan Məktəbi, ABC (Azerbaijan British College), Zərifə Əliyeva adına Lisey, Kaspi Liseyi, digər özəl və dövlət məktəbləri) yanaşı Qafqazın müxtəlif regionlarının aparıcı təhsil qurumlarından olan komandalar da iştirak edirlər.
Rəsmi açılışda çııxış edən Kaspi Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva olimpiada iştirakçılarına uğurlar diləyib. Qeyd edib ki, bu cür dünya miqyaslı bilik yarışının Azərbaycan və Qafqaz regionu məktəbləri arasında Kaspi Liseyində keçirilməsi onlar üçün qürur vericidir. Daha sonra Daniel və komandası bu Kubok haqqında interaktiv şəkildə şagirdlər üçün geniş məlumat verib və komandalarla yaxından tanış olub.
Yarışlar sabah da davam edəcək və qaliblər günün sonunda müəyyənləşəcək. Qalib komandalar müxtəlif kateqoriyalar üzrə kubok və medallarla təltif olunacaqlar.
Digər xəbərlər