Tarix: 31-03-2021 | Saat: 17:15
Bölmə:Karusel / Gündəm / İqtisadiyyat | çapa göndər
Azərbaycanda səfərdə olan Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineusla Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov arasında görüş keçirilib. Görüşdə Dünya Bankının Azərbaycan ofisinin rəhbəri Sara Maykl da iştirak edib.
AMB-dən Qarabaqinfo.az-a verilən məlumata görə, görüş zamanı E. Rüstəmov Azərbaycanın Dünya Bankı ilə uzunmüddətli əməkdaşlığının ölkənin sosial-iqtisadi inkişafında əhəmiyyətini vurğulayıb. Sonra AMB sədri ölkədə mövcud iqtisadi vəziyyətdən, o cümlədən maliyyə sektorunda görülən işlərdən danışaraq bildirib ki, 2020-ci ildə qlobal bazarlarda baş verən mürəkkəb proseslər, neftin qiymətində volatillik, pandemiyanın ölkə iqtisadiyyatı üçün yaratdığı çətinliklər, eyni zamanda Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısının alınması istiqamətində aparılan müharibəyə baxmayaraq 2020-ci il Azərbaycan üçün bütövlükdə uğurlu il olub, makroiqtisadi sabitlik qorunub və iqtisadi azalma minimal olub.
- Rüstəmov ölkə Prezidenti İlham Əliyev tərəfindən ölkədə yeni nəsil islahatlara start verildiyini, növbəti 10 il üçün milli prioritetlərin müəyyən edildiyini qeyd edib. O bildirib ki, bu islahatlar məzmununa görə, məqsədyönlü və konkret strateji hədəflərin reallaşmasına, ölkədə dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşmasına, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətin qurulmasına, rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanının yaradılmasına və Azərbaycanın təmiz ətraf mühit və “yaşıl artım” ölkəsinə çevrilməsinə yönəlib. Qeyd olunub ki, ölkədə islahatların həyata keçirilməsində beynəlxalq təşkilatlarla, xüsusilə Dünya Bankı ilə əməkdaşlıq daima mühüm rol oynayıb və əminlik ifadə olunub ki, Dünya Bankı strateji tərəfdaş kimi bu islahatlarda da Azərbaycana dəstək göstərəcək.
Öz növbəsində, S. Molineus bankın Azərbaycanla əməkdaşlığının yüksək səviyyədə olduğunu qeyd edib və bildirib ki, 2020-ci il həqiqətən həyata keçirilmiş islahatlar və ölkə iqtisadiyyatı üçün yaranmış təhdidlərlə mübarizə baxımından uğurla yekunlaşıb. Müharibədən sonra Azərbaycanın elan etdiyi regional əməkdaşlıq təşəbbüsləri ölkə iqtisadiyyatının inkişaf potensialını daha da genişləndirir. S. Molineus ölkədə Dünya Bankının dəstəyi ilə həyata keçirilən layihələrin statusu barədə məlumat verərək Azərbaycan iqtisadiyyatında həyata keçirilən islahatlara bank tərəfindən tam dəstək veriləcəyini ifadə edib. O bildirib ki, ölkənin yeni iqtisadi inkişaf strategiyasının hazırlanması olduqca mühüm addımdır və ölkə Prezidentinin rəhbərliyi altında müəyyən edilmiş milli prioritetlər əsasında hazırlanacaq strategiya ölkə iqtisadiyyatının inkişafına töhfə verəcək. Bankın rəsmisi onu da qeyd edib ki, sözügedən strategiyanın hazırlanmasında və islahatların həyata keçirilməsində Dünya Bankı bütün lazımi dəstəyi göstərməyə hazırdır.
Görüşdə AMB ilə Dünya Bankı arasında mövcud əməkdaşlıq istiqamətləri, hazırda bankın dəstəyi ilə maliyyə sektorunda həyata keçirilən layihələr və əməkdaşlığın gələcək inkişaf perspektivləri barədə də fikir mübadiləsi aparılıb.
Digər xəbərlər