Tarix: 22-03-2021 | Saat: 16:35
Bölmə:Karusel / Region | çapa göndər
Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Silahlı Qüvvələrin Baş Qərargahının yeni rəisi Artak Davtyanı ordu heyətinə təqdim edib.
Qarabaginfo.az Modern.az-a istinadən xəbər verir ki, təqdimat zamanı Paşinyan Silahlı Qüvvələrin siyasətdən kənar qalmasını tövsiyə edib.
Baş nazir onun istefasını tələb edən hərbçilərə qarşı kin saxlamadığını vurğulayıb.
Paşinyan Artak Davtyanın əvvəlki xidmətlərini xatırladaraq, ona böyük ümidlər bəslədiyini qeyd edib.
"Əminəm ki, öz missiyasını yüksək səviyyədə yerinə yetirəcək. Amma bu missiya asan deyil, son dərəcə çətin anlar yaşayırıq, problemlər daha ciddidir",- deyə baş nazir Ermənistan Silahlı Qüvvələrinin gələcək taleyi barədə danışarkən söyləyib.
O, ordunu gücləndirmək, ölkənin xarici təhlükəsizliyini qorumaq və vətəndaşların Silahlı Qüvvələrə olan inamını artırmaq üçün islahatlar aparmaq lazım olduğunu vurğulayıb.
Paşinyan Ermənistanın üzləşdiyi problemlərin qısa müddətdə həll olunacağına ümid etdiyini bildirib.
Baş nazir deyib ki, hökumət ordunun inkişafına mane olan problemləri diqqətdə saxlayacaq.
N.Paşinyan onun ietefasını tələb edən Baş Qərargahın keçmiş rəisi Onik Qasparyana xidmətlərinə görə təşəkkür ünvanlayıb.
Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının yeni rəisi Artak Davtyan tabeliyindəki hərbçilərin bundan sonra siyasi proseslərə qarışmayacağına söz verib.
Xatırladaq ki, bu il fevralın 25-də Onik Qasparyan 40-dan çox yüksək rütbəli zabitlə birgə bəyanat verərək, Paşinyan və hökumətinin istefasını tələb elədi. Onlar Paşinyanı ötən il Qarabağ müharibəsində Ermənistanı “iflasa sürükləmək”də ittiham edirdi. Bundan sonra N.Paşinyan Qasparyanı vəzifədən kənarlaşdırdı, zabitləri çevriliş cəhdində ittiham etdi.
Qasparyan isə vəzifədən kənarlaşdırılmasını qanunsuz sayır. Onun vəkili martın 22-də deyib ki, Davtyanın təyinatına qarşı məhkəmə iddiası qaldırılacaq.
Digər xəbərlər