Tarix: 22-01-2018 | Saat: 18:13
Bölmə:Karusel / Dünya | çapa göndər
Suriyanın Afrin bölgəsindən PKK terror təşkilatının Suriya qolu PYD/YPG-nin atdığı top mərmisi nəticəsində Türkiyənin Hatay rayonunda elektrik enerji stansiyasında 1 nəfər həyatını itirib.
APA-nın məlumatına görə, bunu bu gün Ankara Sənaye Dərnəyinin mükafat təqdimatı mərasimində çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyə prezidenti bildirib ki, bu, cavabsız qalmayacaq, terrorçular bunun cavabını ağır şəkildə verəcəklər: “Təbii ki, belə bir mübarizədə şəhidlərimiz, qazilərimiz olacaq. Afrin məsələsi həllini tapacaq, Afrindən geri addım atılmayacaq”.
Afrin əməliyyatı ilə bağlı Rusiya ilə razılaşma əldə edildiyini söyləyən R. T. Ərdoğan Türkiyənin heç bir ölkənin torpağında gözü olmadığını vurğulayıb: “Türkiyə Afrində kürdlərə qarşı deyil, oradakı terror təşkilatlarına qarşı mübarizə aparır. Çox yaxında görüləcək ki, Afrindəki PYD/YPG terror təşkilatı ortadan qaldırıldıqdan sonra bizə ən böyük təşəkkürü oradakı kürd, ərəb və türkmən qardaşlarımız edəcək”.
Türkiyə prezidenti ABŞın Afrin əməliyyatının məhdud və konkret zaman həddində həyata keçirilməsi ilə bağlı tövsiyəsinə də sərt reaksiya verib: “Afrin əməliyyatı “Fərat qalxanı” əməliyyatı kimi məqsədinə çatandan sonra başa çatacaq. Bəziləri deyir ki, Afrin əməliyyatının müddəti məlum olmalıdır. Bunu deyən ABŞ-dır. Mən də soruşuram ki, ABŞ-ın Əfqanıstanda, İradada qalma müddəti məlum oldumu? Savaş riyazi məsələ deyil. Nə zaman iş bitərsə, zatən bizim orada qalmaq niyyətimiz yoxdur, çəkiləcəyik. Bunun üçün kimlərdənsə icazə almaq fikrimiz yoxdur ”.
Digər xəbərlər