Tarix: 15-02-2021 | Saat: 14:27
Bölmə:Karusel / Gündəm | çapa göndər
“Bizim böyük planlarımız var. Biz bərpa işlərinə start verdik. Çalışacağıq ki, minalardan təmizləmə işləri qısa müddət ərzində başa çatsın, dəymiş ziyanın qiymətləndirilməsi aparılsın və bununla paralel olaraq, artıq infrastruktur layihələrinə start verildi”.
Qarabaginfo.az-ın xəbərinə görə, bunu Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva ilə fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında səfəri çərçivəsində Laçın rayonunun Güləbird kəndində çıxışında deyib.
Dövlət başçısı bildirib ki, Horadizdə Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun təməl daşı qoyulub.
“Bu dəmir yolunun çox böyük strateji əhəmiyyəti var. İlk növbədə ona görə ki, bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Digər tərəfdən, bu dəmir yolu Naxçıvana gedəcək. Noyabrın 10-da imzalanmış Birgə Bəyanatda Naxçıvan dəhlizinin yaradılması ilə bağlı xüsusi müddəa var. Artıq bu işlərə start verildi. Bizim təşəbbüsümüzlə həyata keçirilən bu layihə, əminəm ki, icra ediləcək. Uzun fasilədən sonra Azərbaycan və onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası dəmir yolu ilə bir-birinə bağlanacaq və beləliklə, bizim həm strateji, həm iqtisadi, həm də siyasi məqsədlərimiz həyata keçiriləcək.
Vətən müharibəsinin çoxşaxəli əhəmiyyəti bundan ibarətdir - biz həm doğma torpaqlarımızı işğalçılardan azad etdik, düşməni torpaqlarımızdan qovduq, həm də ölkəmizin ərazi bütövlüyünü bərpa etdik. Bütün dünyaya xalqımızın, dövlətimizin qüdrətini göstərdik, xalqımızın əyilməz ruhunu göstərdik. Eyni zamanda, ölkəmizin gələcəyi ilə bağlı strateji hədəflərə çatmaq üçün əməli addımlar ataraq önəmli sənədləri imzaladıq. Noyabrın 10-da imzalanmış Birgə Bəyanat, əlbəttə ki, Laçın, Kəlbəcər və Ağdam rayonunun qaytarılmasını təmin etdi, bir güllə atmadan biz bu torpaqlara qayıtdıq. Eyni zamanda, Azərbaycanın onun ayrılmaz hissəsi olan Naxçıvanla birləşməsi də məhz o Bəyanatda təsbit olunur. Həmçinin bu dəmir yolu infrastrukturu Türkiyəyə qədər uzanacaq və beləliklə Azərbaycanı Türkiyə ilə birləşdirən ikinci dəmir yolu şəbəkəsi yaradılacaqdır. Biz üç il yarım bundan əvvəl Bakı-Tbilisi-Qars dəmir yolunu istismara verdik. Bu da tarixi nailiyyət idi. Tarixdə ilk dəfə biz Azərbaycanı və Türkiyəni dəmir yolu ilə birləşdirdik. İndi isə ikinci dəmir yolu çəkiləcək və eyni zamanda, bu yoldan bütün bölgə ölkələri istifadə edə bilərlər. Bölgə ölkələri bu yolun tikintisinə də böyük maraqla yanaşırlar. Demək olar ki, bizim bölgəmizdə yerləşən ölkələr bu layihəyə öz müsbət qiymətini vermişlər”.
Digər xəbərlər