Tarix: 09-02-2021 | Saat: 12:41
Bölmə:Karusel / Yazar | çapa göndər
Orta məktəbdə oxuyanda müxtəlif mövzularda inşa yazırdıq. Mövzular, adətən, eyni olurdu: “SSRİ mənim vətənimdir”, “Azərbaycan qəhrəmanlar diyarıdır”, “İnsanı əmək ucaldır”.
Bəzən fəsillərə görə mövzular da dəyişirdi. Amma ideoloji xətt heç vaxt dəyişmirdi. SSRİ adlanan vətənimizi, onun ucsuz-bucaqsız səhralarını, yeraltı və yerüstü sərvətlərini vəsf etmək boynumuzun borcu idi. Ən çox da zəhmət adamlarından yazmalıydıq. İldə ən azı iki dəfə bu mövzuda qələmə sarılırdıq: “İnsanı əmək ucaldır”.
Bizə deyirdilər ki, çox uzağa getməyin, elə öz kəndimizin zəhmətkeş simalarından yazın. Mən də həmişə rəhmətlik İbrahim dayıdan, Şamama xaladan, Famil kişidən, Tamara arvaddan yazırdım. Onlar bizim yaxın qohumlarımız idi, tez-tez evlərinə gedib-gəlirdik. Buna görə də yazdıqlarıma özüm də inanmırdım. İbrahim dayının işləməkdən əlləri qabar bağlamış, sifəti qırışmışdı. Doğma torpağa qayıtmaq arzusuyla yaşayan, buna görə də Əzrayıla təslim olmayan Tamara arvadın isə hələ kənddəykən gözünün nuru getmiş, beli bükülmüşdü. Əmək onları nəinki ucaltmışdı, əksinə, vaxtından əvvəl qocaltmışdı...
Sabiq Nəqliyyat naziri Ziya Məmmədovun Ucarda təsərrüfatla məşğul olduğunu eşidəndə öz kəndimizin zəhmət adamlarını xatırladım. Məni qınamayın, Ziya müəllim kənddə yaşasa da, heç mal-qara saxlayan, əkin-biçinlə məşğul olan adama oxşamır. Mən zəhmətkeş insanı üzünün nurundan tanıyıram. Kənd adamının üzündən əzab-əziyyət yağar, yağ dammaz.
Əcəba, Ziya müəllimin arpa əkməyə, sünbül dərməyə ehtiyacı varmı? Nazir işlədiyi dövrdə dövlət büdcəsindən ən çox vəsait onun işlədiyi quruma ayrılırdı. Bəzən ayrılan vəsaitin həcmi 2 milyard dolları ötürdü. Necə işlədiyi isə hamıya məlumdur. Vaxtilə QHT sektorunda çalışdığım üçün təxminən 10 il Qubaya ayaq döydüm. Gözlərimin şahidiyəm: Məmmədov yoldaş payızda çəkdiyi yolu yazda sökürdü. Yolları sökə-sökə həm də büdcəni sökürdü...
Ziya Məmmədovun oğlu Anar Məmmədovun Direktorlar Şurasının sədri olduğu “Garant Holdinq”ə 17 şirkət daxil idi. Azərbaycanda və xaricdə sahib olduqları mülklərin, restoranların, otellərin sayını isə özlərindən başqa heç kim bilmir. Siz bu qədər sərvəti olan adamın dolanmaq üçün arpa, buğda, yonca əkdiyinə inanırsınızmı? Doğrudanmı, Ziya müəllim qısır danaya, yumurtadan kəsilmiş beş-altı fərsiz toyuğa gözünü dikib?
Ziya Məmmədov mal-qara saxladığını xüsusi vurğulayır. Allah bərəkətini artırsın. Amma bizi sürüsündəki qoyunlarla dəyişik salmasın. Biz hərf tanıyan, yazıb-oxumağı bacaran adamlarıq. Təkcə burdakı deyil, ordakı şirkətlərin də adını bilirik...
Ağsaqqal, ölkə müharibədən yeni çıxıb. Daşı daş üstə qoymaq, qurub-yaratmaq lazımdır. Sən də əlini daşın altına qoy...
Seymur VERDİZADƏ
Digər xəbərlər