Tarix: 08-10-2026 | Saat: 12:13
Bölmə:Karusel / Siyasət | çapa göndər
Mərkəzi Asiya ölkələri və Azərbaycan vahid turizm məkanının yaradılması istiqamətində səylərini birləşdirməlidir.
Qarabaginfo.az-ın xəbərə görə, bunu Qırğızıstan Prezidenti Sadır Japarov Avazada Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət Görüşünün açılışında bildirib.
O qeyd edib ki, region ölkələri bir-birini tamamlayan zəngin turizm potensialına malikdir:
“Tarixi şəhərlər, dağ və Xəzəryanı marşrutlar, zəngin mədəni irs Mərkəzi Asiya və Azərbaycanın cəlbedici turizm istiqaməti kimi tanıdılması üçün səylərimizi birləşdirməyə imkan verir”.
Sadır Japarov “Bir səyahət – bir neçə ölkə” prinsipi əsasında əməkdaşlığın inkişaf etdirilməsini, region dövlətlərinin görməli yerlərini əhatə edən birgə turizm marşrutlarının yaradılmasını təklif edib.
Qırğızıstan Prezidenti həmçinin Mərkəzi Asiya, Xəzər dənizi və Cənubi Qafqazdan keçən mövcud və perspektiv nəqliyyat marşrutlarının əlaqələndirilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, nəqliyyat qurumları və yükdaşıma şirkətləri vahid tariflərin müəyyənləşdirilməsi, qrafiklərin uzlaşdırılması, yüklərin ləngiməsinin azaldılması və daşımaların rəqəmsal müşayiətinin təmin edilməsi üçün praktiki həllər hazırlamalıdırlar.
Japarov bildirib ki, əməkdaşlığın əsas nəticəsi çatdırılma xərclərinin və yüklərin daşınma müddətinin azaldılması olmalıdır. Onun fikrincə, hər bir ölkənin regional nəqliyyat layihələrində tam iştirakına və həmin layihələrdən iqtisadi fayda əldə etməsinə şərait yaradılmalıdır.
Digər xəbərlər



















