Tarix: 04-02-2021 | Saat: 17:08
Bölmə:Karusel / Gündəm | çapa göndər
“Ölkəmizdə məşğulluq imkanlarının artırılması ilə paralel olaraq, layiqli əməyə nail olunması qarşıdakı dövrdə də prioritet istiqamət olacaq və qeyri-formal məşğulluğun qarşısının alınması, gəlirlərin leqallaşdırılması üçün kompleks tədbirlər davam edəcək”.
Qarabaqinfo.az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Beynəlxalq Valyuta Fondunun missiyası ilə görüş zamanı bildirib.
Nazir Prezident İlham Əliyevin Sərəncamları ilə 2017-ci ildə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının yaradıldığını və qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı təsdiq edildiyini qeyd edib. O, həmin vaxtdan ötən dövrdə əmək müqavilələrinin sayının 30% və ya 400 min müqavilə artdığını, əməkhaqqı fondunda 77% artım qeydə alındığını bildirib. S.Babayev pandemiya dövründə iş yerlərinin, məşğulluğun qorunmasının əsas fəaliyyət istiqamətlərindən olduğunu vurğulayıb. Ölkədə sosial ödənişlərin, o cümlədən əməkhaqlarının davamlı artımına nail olunduğunu, qeyri-formal məşğulluğun leqallaşdırılması məqsədilə həyata keçirilən stimullaşdırıcı tədbirləri diqqətə çatdırıb. “Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatının yaradılmaqda olduğunu deyib.
Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistanın 30 ilə yaxın davam edən işğalından azad edildiyini bildirən S.Babayev erməni faşizminin həmin ərazilərdə görünməmiş qarət, vandalizm, ekoloji terror törətdiyini, bütün infrastrukturu, tarixi-mədəni abidələri dağıtdığını diqqətə çatdırıb. O, artıq azadlığına qovuşmuş torpaqlarımızda böyük quruculuq işlərinə başlandığını, həmin bölgələrdə müasir sosial infrastruktur qurulacağını, sosial müdafiə və aktiv məşğulluq proqramlarının geniş vüsət alacağını bildirib.
Ölkəmizdə aktiv məşğulluq tədbirlərinin ildən-ilə genişləndirildiyini, rəqəmsal məşğulluq xidmətlərinin qurulması işlərini qeyd edən nazir həssas qrupların əmək bazarına çıxışına dəstək verilməsi üçün icra olunan proqramları qeyd edib. Ötən il 150 mindən çox şəxsin aktiv məşğulluq proqramlarına cəlb olunduğunu, o cümlədən 100 min şəxsin işlə təmin edildiyini, özünüməşğulluq proqramı üzrə 12 min şəxsin kiçik biznesə çıxışına dəstək verildiyini, 2021-ci ildə 16 mindən çox şəxsin proqrama cəlb ediləcəyini vurğulayıb.
İşçi qüvvəsinin bacarıqlarının artırılması işlərindən bəhs edən S.Babayev nazirliyin 4 Regional Peşə Təhsili Mərkəzinin olduğunu, 2030-cu ilədək onların sayının 10-a çatdırılacağını deyib. Bildirib ki, ötən il 300 peşə və kvalifikasiya standartı hazırlanaraq təsdiqlənib, bu il daha 350 belə standart hazırlanacaq. Həmçinin “e-sosial” portalı üzərindən “Peşə və Kvalifikasiya Standartlarının Reyestri” istifadəyə verilib, təsdiq edilmiş 300 peşə və kvalifikasiya standartı da reyestrə daxil edilib.
Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiya sədri, heyətin rəhbəri Natalya Tamirisa və missiyanın digər üzvlərinin fikirləri dinlənilib.
Görüşdə ölkəmizdə aparılan əmək bazarı islahatları, qeyri-formal məşğulluğun leqallaşdırılması sahəsində görülən işlər, həyata keçirilən sosial islahatlara dair müzakirələr aparılıb.
Digər xəbərlər