Tarix: 15-09-2026 | Saat: 17:25
Bölmə:Karusel / Gündəm | çapa göndər
Media nümayəndələri “SABAH.city”də görülən işlərlə yaxından tanış olublar.
Qarabaginfo.az xəbər verir ki, “SABAH.city” elm, təhsil, texnologiya, sahibkarlıq və investisiya ekosisteminin əsas iştirakçılarını vahid məkanda birləşdirən innovasiya platformasıdır.
Layihənin əsas məqsədi universitet–sənaye əməkdaşlığını gücləndirmək, yüksək ixtisaslı insan kapitalının inkişafına dəstək olmaq, tətbiqi tədqiqatları və texnologiya transferini təşviq etmək, startap və texnologiya şirkətləri üçün əlverişli mühit yaratmaqdır.
“SABAH.city”nin birinci mərhələsi 4 hektar ərazini və 20 min kvadratmetr tikili sahəsini əhatə edir. Şəhərcikdə tədris və tədqiqat sahələri, startaplar üçün kovorkinq məkanları, texnologiya şirkətləri üçün ofislər, 200 nəfərlik tədbir zalı, restoran və kofeşoplar, həmçinin idman və istirahət zonaları yaradılıb.
Birinci mərhələdə 3 ali təhsil müəssisəsi, 8 texnologiya və innovasiya yönümlü şirkət və 12 startap olmaqla, ümumilikdə 23 əsas ekosistem iştirakçısı şəhərciyə cəlb edilib.
Şəhərcikdə mühəndislik, informasiya texnologiyaları, süni intellekt, robototexnika, kibertəhlükəsizlik və digər istiqamətləri əhatə edən 13 tədris, tədqiqat və inkişaf laboratoriyası fəaliyyət göstərəcək. “SABAH.city” tam fəaliyyətə başladıqdan sonra gündəlik istifadəçilərin sayının təxminən 3 min nəfərə çatacağı gözlənilir.
Yüksək Texnologiyalar Parkının baş icraçı direktoru Nihat Məcidov bildirib ki, Yüksək Texnologiyalar Parkı hazırda transformasiya dövrünü yaşayır.
Onun sözlərinə görə, 2016-cı ildə Prezidentin sərəncamı əsasında yaradılan Yüksək Texnologiyalar Parkının əsas məqsədlərindən biri elmi tədqiqatların kommersiyalaşdırılması, elmin, təhsilin və sənayenin bir araya gətirilməsidir.
N. Məcidov qeyd edib ki, bu məqsədlər çərçivəsində Texnoparkın bazasında “SABAH.city” innovasiya şəhərciyi layihələndirilib.
“Bu innovasiya şəhərciyi 20 hektarlıq ərazini əhatə edəcək, burada 125 min kvadratmetrlik infrastruktur yaradılacaq. Bunu ona görə həyata keçiririk ki, ölkənin aparıcı texnoloji və innovativ şirkətlərini, aparıcı təhsil müəssisələrini və elmi-tədqiqat qurumlarını bir araya gətirərək onlar arasında sinerji yaradaq”, - deyə o bildirib.
ASAN Süni İntellekt Mərkəzinin rəhbəri Ləman İbrahimova isə bildirib ki, ASAN AI platformasından 60 mindən çox istifadəçi yararlanır.
O qeyd edib ki, platformada indiyədək 50-yə yaxın süni intellekt həlli təqdim olunub və onlardan 4-ü artıq pilot mərhələsinə keçirilib.
L. İbrahimovanın sözlərinə görə, platformada 20-dən çox qurum tərəfindən 60-dan çox onlayn təlim proqramı təqdim olunur. Bundan əlavə, 22 tədqiqatçıdan ibarət şəbəkə yaradılıb və onlar xarici ekspertlərin elmi rəhbərliyi ilə yeni elmi məqalələrin hazırlanmasında iştirak edirlər.
Eyni zamanda, media nümayəndələri universitetlərin laboratoriyaları ilə də tanış olublar.
Bakı Dövlət Universitetinin laboratoriyaları smart lövhələrlə təchiz olunub. Smart lövhələrdə süni intellekt əsaslı tələbə dəstəkçisi yerləşdirilib.
Bildirilib ki, smart lövhələr vasitəsilə tələbələrə cihazlardan istifadə qaydaları və onların funksionallığı barədə məlumat verilir.
Sonda media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.
Digər xəbərlər

















