ABŞ Hərbi Hava Qüvvələrinə məxsus Boeing C-17 Globemaster III hərbi-nəqliyyat təyyarəsi Moskvadakı Vnukovo hava limanından havaya qalxıb.
FlightRadar24 məlumatlarına görə, RCH4555 bort nömrəli təyyarə Moskvanı tərk edib.
Bundan əvvəl CBS və Axios öz mənbələrinə istinadən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin – CİA-nın direktoru Con Retkliffin Moskvaya gəldiyini yazmışdı. CBS jurnalisti Cennifer Ceykobs onun Rusiyaya məhz C-17 hərbi-nəqliyyat təyyarəsi ilə getdiyini bildirmişdi.
Mənbələr səfərin məqsədini “Moskvada keçiriləcək görüşlər” kimi göstəriblər. Lakin nə CİA, nə də ABŞ və Rusiya hakimiyyətləri Retkliffin mümkün səfəri ilə bağlı rəsmi açıqlama verməyib.
Ukraynadan Moskva və Sankt-Peterburqa hücum etməmək istənilib
Maraqlıdır ki, Financial Times jurnalisti Kristofer Miller mənbələrə istinadən yazıb ki, ABŞ Prezidenti Donald Trampın administrasiyasının nümayəndələri Ukraynadan avqustun 24-26-da Moskva, Sankt-Peterburq və Rusiyanın şimal bölgələrinə hücum etməməyi istəyiblər.
Eyni məzmunlu məlumatı RBK-Ukrayna da mənbələrə istinadən yayıb.
Millerin məlumatına görə, Vaşinqton bu xahişi həmin günlərdə yüksək vəzifəli ABŞ rəsmisinin olduğu təyyarənin Moskvaya göndəriləcəyi ilə izah edib.
Mənbələr bildiriblər ki, Ukrayna tərəfi ABŞ-ın bu istəyinə razılıq verib.
Avqustun 25-də ABŞ Hərbi Hava Qüvvələrinə məxsus C-17 təyyarəsi Riqadan Moskvaya gəlib. CBS və Axios-un məlumatına görə, həmin təyyarədə CİA direktoru Con Retkliff olub.
Eyni zamanda, Kreml jurnalistləri arasında çalışan Aleksandr Yunaşevin mənbələri də CİA direktorunun Moskvaya səfərini təsdiqləyib.
“Kommersant”ın yazdığına görə, avqustun 25-də Rusiya Prezidenti Vladimir Putinin iştirak etməli olduğu böyük tədbir son anda təxirə salınıb. Jurnalist yüzlərlə insanın iştirakı ilə hazırlanan tədbirin təxirə salınması ilə CİA direktorunun Moskvaya gəlişi arasında əlaqə ola biləcəyini istisna etməyib.
Beləliklə, Retkliffin Moskvaya səfəri və mümkün görüşlərin məqsədi hələlik rəsmi olaraq açıqlanmayıb.



















