Saytımızı qiymətləndirin


 
 

Azərbaycan və Özbəkistan Baş prokurorluqları arasında əməkdaşlıq proqramı imzalanıb
Tarix: 20-07-2026 | Saat: 22:44
Bölmə:Karusel / Dünya | çapa göndər

Kamran Əliyev, Niqmatilla Yuldoşev

 

Özbəkistan Respublikasının Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdədir.

Baş Prokurorluğun Mətbuat xidmətindən Qarabaginfo.az-a verilən xəbərə görə, Özbəkistan Baş prokuroru Niqmatilla Yuldoşevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana işgüzar səfər çərçivəsində Fəxri xiyabanı ziyarət edərək Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini yad edib.

Nümayəndə heyəti, həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın, tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarlarını ziyarət edib.

Daha sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini yad olunub.

Səfər çərçivəsində Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevlə Özbəkistan Respublikasının Baş prokuroru Niqmatilla Yuldoşev arasında geniş tərkibdə görüş keçirilib.

Baş prokuror Kamran Əliyev Azərbaycan və Özbəkistan xalqları arasında əsrlər boyu formalaşmış ortaq tarixi, milli-mənəvi dəyərlərə və qarşılıqlı hörmətə əsaslanan qardaşlıq münasibətlərinin dövlətlərarası əməkdaşlığın bütün istiqamətlərdə uğurla inkişafına mühüm töhfə verdiyini qeyd etmiş, prokurorluq orqanları arasında formalaşmış səmərəli əməkdaşlığın cinayət mühakimə icraatının səmərəliliyinin artırılması, qanunun aliliyinin təmin edilməsi və transmilli cinayətkarlığa qarşı mübarizə baxımından xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Görüş zamanı Azərbaycan Respublikası Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyətinin 2025-ci ilin sentyabr ayında Özbəkistan Respublikasına səfəri, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının VI iclasında, eləcə də Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının IV iclasında iştirakı məmnunluqla xatırlanmış, həmin səfərin iki ölkənin prokurorluq orqanları arasında institusional əlaqələrin daha da möhkəmlənməsinə və çoxtərəfli hüquqi əməkdaşlığın inkişafına mühüm töhfə verdiyi qeyd edilib.

Tərəflər ikitərəfli hüquqi əməkdaşlığın gələcək inkişaf perspektivlərini müzakirə etmiş, cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım, ekstradisiya, cinayət yolu ilə əldə edilmiş əmlakın müəyyən edilməsi, üzərinə həbs qoyulması və müsadirəsi, transmilli mütəşəkkil cinayətkarlıq, korrupsiya, kibercinayətkarlıq, terrorçuluğun maliyyələşdirilməsi, insan alveri və digər müasir cinayət təzahürlərinə qarşı mübarizə, habelə rəqəmsal texnologiyaların tətbiqi, prokurorluq əməkdaşlarının peşə hazırlığı və təcrübə mübadiləsi sahələrində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Görüş çərçivəsində Azərbaycan Respublikası Baş Prokurorluğu ilə Özbəkistan Respublikası Baş Prokurorluğu arasında 2027–2028-ci illəri əhatə edən Əməkdaşlıq Proqramı imzalanıb.

Proqram iki ölkənin prokurorluq orqanları arasında institusional əməkdaşlığın daha da möhkəmləndirilməsinə, qarşılıqlı səfərlərin, birgə təlimlərin, ekspert mübadiləsinin və beynəlxalq təşkilatlar çərçivəsində koordinasiyalı fəaliyyətin genişləndirilməsinə xidmət edir.

Niqmatilla Yuldoşev Özbəkistan Baş Prokurorluğunun Azərbaycan Baş Prokurorluğu ilə qarşılıqlı etimada əsaslanan əməkdaşlıq münasibətlərinin inkişafına xüsusi önəm verdiyini, bu əlaqələrin bundan sonra da yüksələn xətt üzrə davam etdirilməsi üçün bütün zəruri səylərin göstəriləcəyini vurğulanıb.

Görüş zamanı Azərbaycan və Özbəkistan prokurorluq orqanları arasında əməkdaşlığın inkişafına verdiyi mühüm töhfələr nəzərə alınaraq Niqmatilla Yuldoşevə "Azərbaycan Prokurorluğunun 100 illiyi (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalı təqdim edilib.

Daha sonra nümayəndə heyəti Azərbaycan Respublikası Prokurorluğunun Tarix Muzeyi ilə tanış olmuş, prokurorluq orqanlarının yaranma tarixi, inkişaf mərhələləri, institusional islahatlar və müasir fəaliyyət istiqamətləri barədə ətraflı məlumatlandırılıb.

 



Xəbəri paylaş

61 dəfə oxunub.

Digər xəbərlər