Tarix: 07-07-2026 | Saat: 15:13
Bölmə:Karusel / Təhsil / Qarabağ | çapa göndər

İyul ayının 6-da Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının konfrans zalında Laçın rayonunun tanınmış ziyalıları – pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim Müseyib İlyasov və tarix elmləri doktoru, professor, Qabaqcıl təhsil işçisi Şikar Qasımovun həmmüəllifi olduqları “Laçının elmlər doktorları və dövlət xadimləri” kitabının təqdimat mərasimi keçirilmişdir.
Qarabaginfo.az aia.az-a istinadən xəbər verir ki, tədbirdə elm və təhsil ictimaiyyətinin nümayəndələri, tanınmış ziyalılar, ictimai-siyasi xadimlər, tədqiqatçılar, gənclər və media nümayəndələri iştirak ediblər. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanovun moderatorluğu ilə keçirilən tədbirdə kitabın elmi və ictimai əhəmiyyəti ətrafında geniş fikir mübadiləsi aparılıb.
Təqdimat mərasimində Milli Məclisin Elm və təhsil komitəsinin sədri, professor Anar İsgəndərov, millət vəkili, professor Fəzail İbrahimli, Azərbaycan Dövlət Pedoqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov, AMEA-nın müxbir üzvü, professor Şahbaz Muradov, millət vəkilləri Hikmət Babaoğlu, Vüqar Rəhimzadə, Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri İlqar İlyasov, millət vəkili Aqil Abbas, Rövşən Muradov, Bakı Mühəndislik Universitetinin prorektoru Bayram Hüseynzadə, Mətbuat Şurasının sədri Rəşad Məcid, Bakı Mühəndislik Universitetinin kafedra müdiri Hümeyra Mustafayeva, Dilçilik İnsitutunun şöbə müdiri Sevinc Əliyeva, Kənd Təsərrüfatı Nazirliyinin məsul işçisi Ramiz Cəbrayılov və ADPU-nun kafedra müdiri, professor Fərrux Rüstəmov çıxış edərək nəşrin əhəmiyyətindən danışıblar.
Çıxışlarda vurğulanıb ki, kitab Laçın rayonunun yetirdiyi elmlər doktorlarının, görkəmli dövlət və ictimai xadimlərin həyat və fəaliyyətinin öyrənilməsi, onların zəngin irsinin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Qeyd olunub ki, nəşrdə ölkənin ictimai-siyasi, elmi və mədəni həyatında mühüm rol oynamış laçınlı şəxsiyyətlər haqqında geniş məlumatlar, bioqrafik faktlar və elmi araşdırmalar öz əksini tapıb.
Tədbirdə çıxış edən müəlliflər – professor Müseyib İlyasov və professor Şikar Qasımov kitabın ərsəyə gəlmə tarixindən, aparılan araşdırmalardan, qarşıya qoyulan məqsədlərdən və gələcək nəşr planlarından bəhs ediblər. Onlar bildiriblər ki, nəşrin əsas məqsədi Laçının zəngin intellektual potensialını, elmə, təhsilə və dövlətçiliyə mühüm töhfələr vermiş şəxsiyyətlərin irsini təbliğ etmək, eyni zamanda gənc nəslin vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda formalaşmasına töhfə verməkdir.
Tədbir iştirakçıları kitabın elmi, tarixi və mənəvi əhəmiyyətini yüksək qiymətləndirərək müəlliflərə gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Bildirilib ki, “Laçının elmlər doktorları və dövlət xadimləri” nəşri Laçının elmi mühitinin, ictimai fikir tarixinin və dövlətçilik ənənələrinin öyrənilməsi baxımından dəyərli mənbələrdən biri kimi mühüm əhəmiyyət kəsb edir. Sonda müəlliflər tədbir iştirakçılarına və yaratdığı şəraitə görə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyliyə öz minnətdarlıqlarını bildirmişdir. İştirakçıların sualları cavablandırıldı, tədbir iştirakçılarına kitab təqdim olundu və imza mərasimi keçirildi. Tədbir xatirə fotosunun çəkilməsi ilə başa çatmışdır.





Digər xəbərlər

















