Tarix: 01-06-2026 | Saat: 21:54
Bölmə:Karusel / Siyasət | çapa göndər
Xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orrun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Məlumata görə, görüşdə Azərbaycan-ABŞ münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya əlaqələri, investisiyalar, ticarət və regional gündəlikdə yer alan məsələlər müzakirə olunub.
Tərəflər Azərbaycan ilə ABŞ arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasının əhəmiyyətini vurğulayıb, yaxın vaxtlarda keçiriləcək Azərbaycan-ABŞ İqtisadi Dialoqunun əməkdaşlığın inkişafına töhfə verəcəyini bildiriblər.
Görüş zamanı enerji sahəsində uzunmüddətli tərəfdaşlıq, Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfə, həmçinin bərpa olunan enerji, yaşıl keçid, innovasiyalar və yüksək texnologiyalar sahələrində əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Ceyhun Bayramov Azərbaycanın investisiya mühiti, regional bağlantı layihələri və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində həyata keçirdiyi təşəbbüslər barədə məlumat verib. Orta Dəhlizin regional iqtisadi inteqrasiyadakı rolu xüsusi qeyd olunub.
Tərəflər ötən ilin avqustunda Vaşinqton sammiti çərçivəsində əldə olunmuş razılaşmalardan sonra regionda yaranmış vəziyyəti, kommunikasiya xətlərinin açılması və TRIPP layihəsinin icrasını da müzakirə ediblər.
Digər xəbərlər

















