ABŞ prezidenti Donald Tramp cümə günü Situasiya Otağında keçirilən görüşdə İranlı həmkarları ilə elçilərinin əldə etdiyi razılaşmaya bir neçə düzəlişin edilməsini istəyib.
Azpost.info bildirir ki, bu barədə Axios administrasiyanın yüksək vəzifəli mənbələrinə istinadən xəbər verir.
İki ABŞ rəsmisi bildirib ki, Tramp müqaviləni bağlamaq istəyir və onu tezliklə başa çatdırmağı gözləyir. Lakin İranın nüvə materialları ilə bağlı bir neçə vacib müddəanı gücləndirməyə çalışır.
Trampın tələbi tərəflər arasında bir neçə gün davam edə biləcək danışıqların növbəti mərhələsinə strat verib.
İki mənbəyə görə, Tramp komandasından İranın nüvə proqramı ilə bağlı layihə müddəalarını dəyişdirməsini istəyib.
Hazırkı formada anlaşma memorandumuna İranın nüvə silahı əldə etməmək öhdəliyi daxildir, lakin bundan başqa heç bir konkret güzəşt yoxdur.
Orada deyilir ki, İranın nüvə öhdəlikləri və ABŞ sanksiyalarının aradan qaldırılması ilə bağlı danışıqlar üçün 60 günlük “pəncərə” təmin ediləcək və gündəmdəki ilk məsələlər İranın zənginləşdirilmiş uran ehtiyatlarının yerləşdirilməsi və daha da zənginləşdirilməsinə qoyulan məhdudiyyətlər olacaq. Tramp bu bölmədə düzəliş etməyə çalışır.
Yüksək vəzifəli administrasiya rəsmisi zənginləşdirilmiş urana istinad edərək bildirib ki, söhbət ABŞ-ın materialları necə və hansı müddətə əldə edəcəyindən gedir.
İkinci mənbə bildirib ki, Tramp həmçinin Hörmüz boğazının açılması ilə bağlı bəzi ifadələri də dəyişdirmək istəyir.
ABŞ rəsmisinin sözlərinə görə, Trampa iranlıların cavab verməsi üçün təxminən üç gün vaxt lazım olacağı deyilib.
“Onlar sözün əsl mənasında mağaralardadırlar və elektron poçtdan istifadə etmirlər” – deyə yüksək vəzifəli administrasiya rəsmisi deyib.
“Razılaşma əldə olunacaq. Bu qaçılmazdır, görəcəyik. Prezidentin istədiyini almasını gözləməyə hazırıq. Bu, bir həftə çəkə bilər. Həftənin sonuna qədər bir şey əldə etməyi ümid edirik.”-deyə mənbə əlavə edib.
ABŞ prezidenti cümə günü müqavilə ilə bağlı Situasiya Otağında görüş keçirəcəyini açıqlayıb.
Ağ Ev sözçüsü görüşdən sonra jurnalistlərə bildirib ki, Tramp yalnız Amerikaya fayda verən, onun tələblərini yerinə yetirən və İranın heç vaxt nüvə silahı əldə edə bilməyəcəyini təmin edən bir razılaşma əldə edəcək.



















