Tarix: 04-05-2026 | Saat: 14:47
Bölmə:Karusel / Siyasət | çapa göndər
Mayın 4-də Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) həsr olunmuş məlumatlandırma sessiyası keçirilib.
WUF13 Azərbaycan Əməliyyat Şirkətindən Qarabaginfo.az-a verilən məlumata görə, mərkəzin müəllim və tələbə heyətinin iştirakı ilə keçirilən sessiya Qəbələ şəhərində davam edən WUF13 Festivalı çərçivəsində təşkil olunub.
Tədbirdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin Direktoru Qalib Nəbiyev, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi Ramiz İdrisoğlu və WUF13 Azərbaycan Əməliyyat Şirkətinin kommunikasiya üzrə meneceri Emin Hüseynzadə çıxış edərək WUF13 barədə ətraflı məlumat veriblər. Çıxışlarda WUF13 Festivalı haqqında geniş məlumat təqdim olunub, eyni zamanda Forumun ölkəmiz üçün əhəmiyyəti və onun çərçivəsində gənclərin marağına səbəb olan əsas tədbirlər vurğulanıb.
Qalib Nəbiyev tədbirin açılışında çıxış edərək bildirib ki, ölkəmizdə WUF13 kimi iri beynəlxalq tədbirlərin keçirilməsi dünyagörüşlü və intellektual gənclərin yetişdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. O, həmçinin rəhbərlik etdiyi mərkəzin ölkəmizin qabaqcıl təhsil müəssisələrindən biri olduğunu və burada 56 rayondan gənclərin təhsil aldığını qeyd edib.
Ramiz İdrisoğlu Azərbaycanda 2026-ci illin "Şəhərsalma və Memarlıq ili" elan edilməsi vurğulayaraq qeyd edib ki, bu tarixi qərar dövlətimizin şəhərsalma və memarlıq sahəsinə xüsusi diqqətinin, eləcə də bu istiqamətdə həyata keçirilən inkişaf startegiyasının məntiqi nəticəsidir. O, müasir şəhərsalma siyasəti, bu istiqamətdə ölkəmizdə görülməkdə olan işlər, həmçinin şəhər planlaşdırılmasında məşğulluq, inklüzivlik və mobillik imkanları və yeni yanaşmalar barədə məlumat verib.
Emin Hüseynzadə gəncləri 17–22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak etməyə dəvət edib. O bildirib ki, Forum hamı üçün əlçatan olacaq və gənclər əsas tədbirlərə həm əyani, həm də onlayn formatda qoşula bilərlər.
Sonda müəllim və tələbələrin sualları cavablandırılıb.
WUF13 Festivalı axşam saat 18:00-da açıq havada keçiriləcək ictimai proqramla davam edəcək.
Proqram çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılacaq. Eyni zamanda, WUF13-ün əsas mövzusu və ideyaları barədə ətraflı məlumat təqdim olunacaq.
Digər xəbərlər


















