Hesablama Palatasının Gəncə Şəhər İcra Hakimiyyətində apardığı auditin nəticələri ilə bağlı hesabatında diqqətçəkən məqamlardan biri də Gəncə İdman Sarayının tikintisi ilə bağlı xərclərin şişirdilməsidir.
Ötən gün bu barədə yayılan məlumatlara görə, hesabatda qeyd olunur ki, Gəncə İdman Sarayının tikintisi işlərinin dəyəri 9,52 milyon manat artırılıb.
Qarabaginfo.az bildirir ki, Qaynarinfo-nun araşdırması zamanı məlum olub ki, Gəncə İdman Sarayının tikintisi ilə bağlı ilk satınalma müqaviləsi 2020-ci ilin aprelində “Rövşən Oğuz Qrup” MMC ilə bağlanıb. Müqavilənin maliyyə dəyəri 4 600 000 manat olub. Satınalma proseduru birmənbə metodu ilə həyata keçirilib.
Lakin bu vəsait sarayın inşasına bəs etməyib. Gəncə Şəhər İcra Hakimiyyəti 5 ay sonra, yəni 2020-ci ilin sentyabrında Gəncə İdman Sarayının tikintisi ilə bağlı birmənbə metodu ilə daha bir müqavilə imzalayıb. Bu müqavilənin maliyyə dəyəri 1 800 000 manat olub.

2021-ci ilin mart ayında isə sarayın tikintisi ilə bağlı “Rövşən Oğuz Qrup” MMC ilə 9 400 000 manatlıq növbəti satınalma müqaviləsi imzalanıb. Həmin ilin avqust ayında sarayın tikintisinə satınalma yolu ilə 5 000 000 manat ayrılıb.
2021-ci ilin dekabrında isə yenə də Gəncə Şəhər İcra Hakimiyyəti ilə “Rövşən Oğuz Qrup” MMC arasında maliyyə dəyəri 181 600 manat təşkil edən daha bir müqavilə imzalanıb.
Gəncə Şəhər İcra Hakimiyyəti ilə “Rövşən Oğuz Qrup” MMC arasında idman sarayının tikintisi ilə bağlı əməkdaşlıq 2022-ci ildə də davam edib. Həmin ilin mart ayında tərəflər arasında 15 000 000 manat dəyərində satınalma müqaviləsi imzalanıb.
2022-ci ilin sentyabr ayında isə tərəflər növbəti satınalma müqaviləsinə imza atıblar. Bu müqavilənin maliyyə dəyəri 10 000 000 manat təşkil edib.
2023-cü ilin mart ayında Gəncə Şəhər İcra Hakimiyyəti ilə “Rövşən Oğuz Qrup” MMC arasında 28 663 030,92 manatlıq, 2025-ci ildə isə 4 000 000 manatlıq daha iki satınalma müqaviləsi imzalanıb.
Beləliklə, 2020-ci ildən 2025-ci ilədək Gəncə İdman Sarayının tikintisinə ümumilikdə 78 644 630,92 manat ayrılıb.

Sarayın inşasını həyata keçirən “Rövşən Oğuz Qrup” MMC 29 aprel 2009-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 40 manatdır. Hüquqi ünvanı Əhməd Rəcəbli 1, ev 8-də – “Adore Plaza”nın 3-cü mərtəbəsində yerləşir. Şirkətin qanuni təmsilçisi Mustafayev Hafiz Carı oğludur.
“Rövşən Oğuz Qrup” MMC-nin internet səhifəsində qeyd edilib ki, şirkətin əsası 1991-ci ildə qoyulub. MMC 100 faiz yerli kapital əsasında fəaliyyət göstərir.
Şirkətin rəhbəri Hafiz Mustafayev haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinmir.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovdur. O. 2018-ci ildən şəhərə rəhbərlik edir.
















