Saytımızı qiymətləndirin


 
 

Əli Əhmədov: "Milli maraqlarımıza xəyanət “milli şura” adı altında həyata keçirilir"
Tarix: 18-01-2021 | Saat: 12:40
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Əli Əhmədov: Milli maraqlarımıza xəyanət “milli şura” adı altında həyata keçirilir

"Müxalifətin radikal qanadının yaratdığı “milli şuranın” Azərbaycanın milli maraqlarına tam zidd siyasi xətt tutması yeni hadisə deyildir. “Milli şura” adlandırılmasına baxmayaraq, təsis edildiyi ilk gündən anti-milli mahiyyət nümayiş etdirməsi bu qurumun az qala siyasi brendinə çevrilib. Əslində, onun konstruksiyası dövlətin milli maraqları anlayışı strukturunda özünə yer tapa bilməmişdir və ya bunu istəməmişdir. Azərbaycana qarşı təbliğat aparmaq “milli şuranın” təkcə siyasi taktikası deyil, həm də ideologiyasıdır. Onun siyasi fəlsəfəsində və apardığı təbliğatda müxtəlif xarici qüvvələrin anti-Azərbaycan kampaniyaları ilə oxşar cəhətlər o qədər çoxdur ki, bunları sadəcə təsadüf kimi qiymətləndirmək sadəlövhlük olardı".

Qarabaginfo.az xəbər verir ki, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini – İcra katibi Əli Əhmədov özünün rəsmi "Facebook" səhifəsində yazıb.

Onun sözlərinə görə, “Milli Şuranın” və anti-Azərbaycan qüvvələrin ölkəmizə qarşı apardığı çirkin siyasi kampaniyanın vahid ideoloji-təbliğat platformadan çıxış etməsi ikinci Qarabağ müharibəsinin başa çatmasından sonra bir daha özünün təkzidbedilməz təsdiqini tapmaqdadır: "Qarabağın azad olunması, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi və tarixi ədalətin bərqərar olunması ilə yekunlaşmış Vətən müharibəsinin nəticələrinin təftiş edilməsi Azərbaycanın düşmənlərinin və onlara havadarlıq edənlərin anti-Azərbaycan təbliğatının başlıca vəzifəsinə çevrilib. Müharibədə məğlub olan, işğal etdiyi Azərbaycan ərazilərini geri qaytarmağa məcbur edilən, ordusu tar-mar olunmuş Ermənistanın bu yönümdə əlacsız cəhdlərini bəlkə də başa düşmək olar. Lakin “milli şuranın” rəhbərləri olan Əli Kərimli – Cəmil Həsənli cütlüyünün və ətrafındakılarının mahiyyət etibarilə anti-Azərbaycan dairələrin apardığı çirkin kampaniyadan heç nə ilə fərqlənməyən hərəkətlərini, böhtançı və əslində, satqın təbliğat kampaniyalarını başa düşmək heç cür mümkün deyil. Sağlam təfəkkür bu işdə acizdir. Buna görə də minlərlə, on minlərlə insan “milli şura” təmsilçilərinin dövlət maraqlarımızla daban-dabana zidd olan hərəkətlərini və təbliğatını sadəcə lənətləyirlər".

Ə.Əhmədov deyib ki, təxminən 30 il bundan əvvəl indiki “milli şurada” cəmləşən insanların təmsil olunduğu hakimiyyətin bağışlanmaz səhvləri nəticəsində Ermənistanın Azərbaycana qarşı təcavüzünə layiqli müqavimət göstərilmədi, Dağlıq Qarabağ və ətrafındakı rayonlar işğal edildi: "Azərbaycanın ərazi bütövlüyünün qorunmasını təmin etmək əvəzinə hakimiyyətdaxili çəkişmələri qızışdıran, ölkədə separatizmin alovlanmasına rəvac verən məsuliyyətsiz siyasət aparan, milli birliyi təmin edə bilməyən, ölkədə xaos və anarxiya yaradan və bu səbəblərdən bütünlüklə iflas olan AXC-Müsavat hakimiyyəti son anda ölkəyə daha bir ağır zərbə vurdu – Prezident və Ali Baş Komandan Əbülfəz Elçibəy 1993-cü il iyun ayının 18-də Ordubadın Kələki kəndinə qaçdı, hökumət üzvləri isə vəzifələrini “dondurduqlarını” elan edərək hakimiyyət böhranını daha da dərinləşdirdi. AXC-Müsavat hökumətinin bu hərəkətinin komandirin ordunu döyüş meydanında qoyub qaçmasından heç bir fərqi yoxdur. Birinci hal nə qədər ağır cinayətdirsə, ikinci hal ondan heç də az olmayan cinayətdir.

Görünür heç də təsadüfi deyildir ki, bir çox erməni siyasətçiləri və adi insanlar ölkənin indiki baş naziri Paşinyanı Ermənistanın Elçibəyi adlandırırlar. Bu həm də ona işarədir ki, mənfur düşmən də birinci Qarabağ müharibəsi zamanı Azərbaycan torpaqlarının işğal olunmasında AXC-Müsavat hakimiyyətinin cinayət xarakterli “xidmətlərinin” xüsusi rol oynadığını etiraf edir".

Baş nazirin müavini qeyd edib ki, Qanlı yanvar hadisəsinin növbəti ildönümü ərəfəsində qeyd etmək yerinə düşər ki, AXC-Müsavat hakimiyyətində təmsil olunanların 1993-cü ilin iyununda vəzifələrini tərk edib gizlənmələri onların heç də ilk qaçışı deyildi: "1990-cı ilin yanvar ayında əliyalın insanları sərxoş və beyinləri dumanlı sovet ordusu əsgərlərinə müqavimət göstərmək üçün küçələrə dəvət edənlər dəhşətli qırğın zamanı hərəsi bir yana qaçıb gizləndilər. O cümlədən o zaman hələ Əbülfəz Əliyev olan Elçibəy də qaçıb 6 ay üzə çıxmadı. Lakin 20 yanvar tarixinin dəyanət, ləyaqət və cəsarət nümunəsi də var. Bakıya qoşun yeridib dinc əhaliyə divan tutan M.Qorbaçovun siyasi təqibə məruz qoyduğu Ümummilli Lider Heydər Əliyev onun həyatına birbaşa təhlükə olmasına baxmayaraq, imperiyanın paytaxtı Moskvada mətbuat konfransı keçirərək, azərbaycanlılara qarşı törədilən qanlı cinayəti qətiyyətlə pislədi, onu təşkil edən SSRİ rəhbərliyini ittiham etdi. O zaman, İlham Əliyev də həmin mətbuat konfransında iştirak etməklə həyatını real təhlükə altına qoymuşdu.

Beləliklə, xalqın taleyinin ən həssas anlarında iki davranış nümunəsi tarixə həkk olunub: bir tərəfdə Heydər Əliyevin və onun oğlu İlham Əliyevin Bakı qırğınını törədən Sovet imperiyasının paytaxtında açıq mətbuat konfransı təşkil edərək M.Qorbaçovu azərbaycanlılara qarşı qətliam törətməkdə ittiham etməsi, digər tərəfdə isə Bakıda özünü ölkənin gələcək lideri kimi görənlərin canlarını qurtarmaq üçün biabırcasına qaçıb gizlənməsi. Nə qədər fərqli insanlar, nə qədər fərqli xarakterlər. Heç də təsadüfi deyil ki, AXC-Müsavat hakimiyyətinin ölkəni ağır böhrana salan, məğlub vəziyyətə gətirən rəhbərləri 1993-cü ilin iyun ayında yenidən qaçıb gizlənməyə üstünlük verdilər, Heydər Əliyev isə onların mirasını aradan qaldırmalı, erməni təcavüzünün ölkənin dərinliklərinə irəliləməsinin, separatizmin və digər təhlükəli meyillərin qarşısını almalı oldu. Və nəhayət, AXC-Müsavat hakimiyyətinin uduzduğu müharibənin acınacaqlı nəticələrini aradan qaldırmaq missiyasını 1990-cı ilin yanvarında qaçıb gizlənənlərdən fərqli olaraq, Sovet imperiyasının mərkəzində əli qana batmış Qorbaçova ittihamlar səsləndirən Heydər Əliyevlə birlikdə dayanan İlham Əliyev yerinə yetirdi".

"Paradoks bundan ibarətdir ki, 1992-1993-cü illərdə birinci Qarabağ müharibəsini uduzan AXC-Müsavat hakimiyyətinin “milli şurada” təmsil olunan nümayəndələri II Qarabağ müharibəsində xalqımızın şanlı qələbəsinin tarixi əhəmiyyətinin üzərinə kölgə salmağa çalışır, nəticələri təftiş edir və bu hərəkətləri ilə anti-Azərbaycan qüvvələrlə bir mövqedə dayanırlar. Xalqımızın və dövlətimizin düşmənləri ilə eyni mövqedə olan, eyni dərəcədə anti-Azərbaycan təbliğatı aparanlar özlərini nə qədər “milli şura” adlandırsalar da, milli xəyanət yoluna yuvarlandıqlarından yaxalarını kənara çəkə bilməyəcəklər. Vətən müharibəsi tarixi qələbəmizlə başa çatıb. Düşmən məğlub olub. 30 il işğal altında olan Qarabağ azad edilib. Bütün dünya Prezident, Ali Baş Komandan İlham Əliyevin möhtəşəm zəfərini qəbul edir, Cənubi Qafqazda tamamilə yeni reallıqların meydana gəlməsi faktı ilə razılaşır. Əli Kərimli-Cəmil Həsənli cütlüyü isə bəzi maraqlı dairələrin dəstəyi ilə əldə etdiyi təbliğat imkanlarını səfərbər edərək tarixi qələbəmizə inamı sarsıtmağa, xalqın yeni qürur və ilham mənbəyinə şübhə yaratmağa çalışır. Buna milli xəyanətdən başqa ad vermək mümkün deyil. Təəssüf ki, milli maraqlarımıza xəyanət “milli şura” adı altında həyata keçirilir", - o bildirib.



Xəbəri paylaş

340 dəfə oxunub.

Digər xəbərlər