Tarix: 07-04-2021 | Saat: 11:47
Bölmə:Gündəm | çapa göndər
“Heydər Əliyev irsi : Azərbaycanda dövlət- din münasibətləri”
“ Azərbaycanda mövcud olan millətlərarası, dinlərarası, etnik vəziyyət yüksək qiymətə layiqdir. Bu, hamının - həm azərbaycanlıların, həm rusların, həm ukraynalıların, həm yəhudilərin, digər millətlərdən olan insanların, o cümlədən bizim dini konfessiyaların – Azərbaycanda başlıca dinimiz olan İslam dininin , xristian-pravoslav, yəhudi dinlərinin səyləri ilə əldə edilmişdir.”
Bakı şəhəri, Prezident sarayı. 16 noyabr 1999-cu il. Kürsüdə Ümummilli Lider Heydər Əliyev Azərbaycandakı dini konfessiyaların başçıları ilə görüşü zamanı nitq söyləyir. Yuxarıda qeyd etdiyimiz iki cümlə ilə əslində Ümummilli Liderin ölkəmizdəli dövlət-din münasibətlərinə, ölkəmizdə olan mövcud tolerant yaşayış modelinə qarşı olan diqqət və qayğısı nümayişkaranə şəkildə gözlər önündə sərgilənmişdir.
Azərbaycanda dövlət-din münasibətlərinin formalaşması məhz Heydər Əliyevin adı ilə bağlıdır. Çox yaxşı xatirimdədir ki, 90-cı illərin əvvəlləri idi, ölkədə siyasi özbaşınalıq baş alıb gedirdi. Cəmiyyətin digər sahələri kimi bu istər-istəməz dini sahəyə də öz təsirini göstərirdi. 1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyinə nail oldu. Ancaq ilk iki ildə müstəqillik formal xarakter daşıyırdı. Demək olar ki, ölkə idarəolunmaz vəziyyətdə idi. Xüsusilə 1992-ci ildə Azərbaycan Xalq Cəbhəsi tərəfindən həyata keçirilmiş hərbi çevriliş nəticəsində vəziyyət daha da ağırlaşdı, Azərbaycan dərin böhrana düçar oldu, ölkəni xaos, anarxiya, özbaşınalıq bürüdü. Eyni zamanda, dinlərarası, millətlərarası münasibətlərə böyük ziyan vuruldu. Bu, çox çətin bir dövr idi və təsadüfi deyil ki, Azərbaycan xalqı bu hakimiyyətə cəmi bir il dözə bildi, bir ildən sonra öz liderinə üz tutub Heydər Əliyevi hakimiyyətə dəvət etdi və ona ölkənin gələcəyini etibar etdi.
Heydər Əliyev hakimiyyətə gələndən sonra, ilk növbədə, qanunsuz silahlı birləşmələrin tərk-silah edilməsi istiqamətində önəmli addımlar atdı, erməni işğalının qarşısını aldı və Azərbaycan işğal altında olmuş bəzi torpaqları geri qaytara bildi. Ölkədə sabitlik bərqərar oldu, inkişaf yoluna qədəm qoyuldu. Biz beynəlxalq təcriddən çıxa bildik, iqtisadi və siyasi islahatlar aparılmağa başlanıldı. O cümlədən dövlət-din münasibətləri də yavaş - yavaş formalaşır, yeni bir mərhələyə qədəm qoyurdu. Bu çətin dövrdə Ulu Öndərin yanında yer alan, onunla çiyin çiyinə mübarizə aparan şeyximizin də müstəsna fəaliyyəti göz qabağında idi. Şeyx həzrətləri bu istiqamətdə çox böyük fədakarlıq və fəaliyyət göstərmişdir. Mən bu işlərin şahidi kimi deyə bilərəm ki, Heydər Əliyevin və şeyx həzrətlərinin dostluğu dövlət-din münasibətlərinin formalaşmasında həlledici rol oynamışdır. Şeyx Hacı Allahşükür Paşazadə bu gün də dövlət-din münasibətlərinin sağlam zəmində davam etdirilməsi istiqamətində böyük işlər görür, Azərbaycanı dünyada təbliğ edir. Onun rəhbərliyi ilə aparılan işlər həm Azərbaycan xalqı tərəfindən, həm də dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Çünki hər bir ölkənin sabitliyi o ölkənin gələcəyi deməkdir. Sabitlik pozulan yerlərdə inkişafa da yer qalmır. Əfsuslar olsun ki, son illər ərzində dini zəmində müxtəlif ölkələrdə iğtişaşlar, müharibələr, münaqişələr baş alıb gedir, bir çox hallarda dini şüarlar altında böyük cinayətlər törədilir. Lakin dönüb bizim ölkəmizə baxdıqda bunun tam əksini görürük. Burada bütün xalqların nümayəndələri dost və qardaşlıq prinsiplərini əsas tutaraq mehribançılıq şəraitində yaşayırlar. Misal üçün elə götürək mənim yaşadığım və fəaliyyət göstərdiyim Balakən rayonunu, burada azərbaycanlılar, avarlar, ingiloylar, ləzgilər, tatlar və digər azsaylı xalqların nümayəndələri dünyaya əsl tolerantlıq nümunəsi deyilmi?! Bütün xalqların nümayəndələri əsl dini və milli iradə nümayiş elətdirir, bir birindən qız alıb qız verir, yeni yeni qohumluq əlaqələri yaradırlar. Bunlar həqiqətən də çox vacib amillərdir. Ona görə də tam əminliklə deyə bılərik ki, Azərbaycan dövləti çox möhkəm milli dəyərlər üzərində qurulubdur. İslam dəyərləri isə milli dəyərlərimizin ayrılmaz tərkib hissəsidir. Yəni, bizim çox möhkəm təməlimiz var. Bu, bizim milli dəyərlərimizdir və bu dəyərlər bizim üçün hər şeydən üstündür. Biz çalışırıq ki, gənc nəsil də milli ruhda böyüsün, yetişsin. Onların arasından yeni yeni Poladlar, Mübarizlər çıxsın. Milli dəyərlər, milli ruh, milli birlik bizim üçün həmişə ən prioritet məsələ olmalıdır. Cənab Prezidentimizin də vurğuladığı kimi biz bir dəmir yumruq kimi bir olmalıyıq ki düşmənin başını əzə bilək.
Azərbaycan dünyəvi, müasir, dünyaya açıq olan dövlətdir. Azərbaycanda radikalizm, fundamentalizm yoxdur, daxildə hər hansı təhlükə mənbəyi yoxdur. Bunun səbəbi təkcə bizim hansısa inzibati addımlarımız deyil. Bunun səbəbi cəmiyyətdə mövcud olan ab-havadır. Radikalizm, terrorizm harada canlanır, harada baş qaldırır?! O ölkələrdə ki, savadlılıq yoxdur. O ölkələrdə ki, sosial ədalət pozulur. O ölkələrdə ki, ədalətsizlik mövcuddur və səfalət yaşanır. Ona görə radikalizmə qarşı ən gözəl sığorta sosial ədalətdir, maddi rifahdır, savadlılıqdır, düzgün siyasətdir. Bu amillər olan yerdə radikalizm üçün heç bir əsas yoxdur. Düzdür, kənardan ölkəmizə müdaxilə oluna bilər. Ancaq Azərbaycan bu müdaxiləyə qarşı öz tədbirlərini görən, Azərbaycan xalqının rahat həyatını təmin edən kifayət qədər güclü dövlətdir.
Bu yaxınlarda xalqımızın, dövlətimizin tarixində çox əlamətdar hadisə baş vermişdir. Müzəffər Ali Baş Komandanın tapşırığı ilə şanlı ordumuz düşmən üzərində əzmkar qələbə qazanaraq onu darmadağın etdi. Düşmənin maddi dəyəri bir milyard dollardan artıq olan hərbi texnikası sıradan çıxardıldı. Onlarla tank,top və digər silahları hərbi qənimət kimi götürüldü. Mənfur düşən tərəfindən dağıdılan neçə neçə məscidlərimizdən 30 il sonra azan səsi ucaldı. Azərbaycanın mədəniyyət paytaxtı sayılan Şuşa şəhərindəki Yuxarı Gövhər Ağa məscidinin minarəsindən azan verilməsini əks etdirən kadrları izlədikdə isə sevincimdən göz yaşlarımı saxlaya bilmədim. Biz itirilmiş torpaqlarımızla bərabər əzmimizi, mübarizliyimizi, məğlubedilməzliyimizi də geri qazanmış olduq.
Bu çətin savaş təbii olaraq bizə asan başa gəlmədi. Neçə-neçə evlərə üçrəngli bayrağa sarılmış şəhid cənazələri gəldi. Neçə-neçə şir ürəkli oğullarımızı qara torpağa tapşırdıq. Amma onların qanları yerdə qalmadı, biz işğal olunmuş torpaqlarımızı azad etdik. Yaxın zamanda orada dağıdılmış müqəddəs məscidlərimizi yenidən bərpa edəcəyik. İşğaldan azad edilmiş torpaqlarımızda da bugünə gətirib çatdırdığımız milli mənəvi dəyərlərimizi yenidən bərpa edəcəyik.
Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğrula davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdəki multkultural dəyərələri və tolerant mühiti dünyaya bəyan edir. Azərbaycanda bütün dinlərin və etnik qrupların nümayəndələri birgə yaşayır və ölkəmizin uğurlu inkişafına töhfələrini verirlər. Bütün dinlərə hörmətlə yanaşan Azərbaycanın islami dəyərlərə olan münasibəti də, əməli fəaliyyətində aydın görünür. Müxtəlif dinlərin məbədlərinə qayğı və diqqət, o cümlədən, dini ocaqlarımıza, məscidlərimizə olan münasibət Azərbaycanda din-dövlət münasibətlərinin və vətəndaş həmrəyliyinin yüksək səviyyəsini nümayiş etdirir.
Müstəqilliyimizi qazandığımız 30 il ərzində Azərbaycanda yaradılan bu dövlət-din siyasəti düşünürəm ki digər ölkələr üçün də çox gözəl bir nümunədir. Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində xalqımız bu gün sarsılmaz dini iradə nümayiş etdirir. Əhalisinin həm sünni, həm də şiə təriqəti mənsubu olduğunu nəzərə alsaq, görülən işlərin nə dərəcədə doğru,obyektiv və iti ağlın təzahürü olduğu bird aha nəzərə çarpır.
Sonda yazımı Ulu Öndərin dinimiz haqqındakı bir fikri ilə yekunlaşdırmaq istəyirəm. O deyirdi “ Müstəqil Azərbaycan Respublikasında, ölkəmizdə dinimiz – İslam dini sıx birləşdirir, həmrəy edir, dövlətimizin möhkəmlənməsinə, yüksəlməsinə çalışır və düşdüyü bu ağır bəlalardan, əzab əziyyətdən qurtarmaqda xalqımıza kömək edir.”
Balakən rayonu Mahamalar kəndində yerləşən Qazbinə yaşayış massivi dini icmasının sədri : Piriyev Eldəniz Rəsul oğlu.
04.04.2021-ci il.
Digər xəbərlər