Saytımızı qiymətləndirin


 
 

"Azərbaycan müstəqil, demokratiya prinsiplərinə mənsub olan bir dövlət kimi öz ərazisində yaşayan bütün xalqlara, bütün millətlərə dinindən, dilindən, irqindən, siyasi mənsubiyyətindən asılı olmayaraq azadlıq, hürriyyət imkanları verir”
Tarix: 13-04-2022 | Saat: 11:37
Bölmə:Cəmiyyət | çapa göndər

Heydər Əliyev siyasəti: tolerantlıq”

 

“Azərbaycan Respublikası çoxmillətli bir dövlətdir. Azərbaycanda müsəlmanlarla yanaşı, başqa dinlərə mənsub olan vətəndaşlar da yaşayırlar. Azərbaycan müstəqil, demokratiya prinsiplərinə mənsub olan bir dövlət kimi öz ərazisində yaşayan bütün xalqlara, bütün millətlərə dinindən, dilindən, irqindən, siyasi mənsubiyyətindən asılı olmayaraq azadlıq, hürriyyət imkanları verir.”                                                                                                                                                     Ümummilli Lider Heydər Əliyev

Heydər Əliyevə olan sevgi tükənməzdir

 

Heydər Əliyevin uzaqgörən siyasəti Azərbaycanı yeni əsrə, yeni minilliyə müstəqil, qüdrətli dövlət kimi yetirdi. 1969-cu il iyulun 14-də Heydər Əliyev Respublikaya rəhbər seçilən gündən Azərbaycanın həyatında keyfiyyətcə yeni mərhələ başladı. Ulu Öndərin hakimiyyətə gəlişi ilə dövlət idarəçiliyində yeni iş metodu, yeni nəfəs, ab-hava başladı. Respublikanı ağır vəziyyətdən xilas etməyin və tərəqqinin yolunu milli birlikdə görən qüdrətli şəxsiyyət buna nail olaraq geniş planlarını tədricən həyata keçirməyə başladı. İlk növbədə xalqı düşündürən, narahat edən problemləri böyük əzmlə, inadla aradan qaldırdı, respublikanın tərəqqisi naminə əldə edilməsi mümkün olmayan nailiyyətləri gerçəkləşdirdi.

Ulu Öndər ilk növbədə elm, təhsil, mədəniyyət, milli mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsindən başladı. Çünki hər bir müvəffəqiyyətə düşünülmüş siyasətlə, savadla birlikdə, elmlə nail olmaq mümkün idi. O, kadrların seçilib yerləşdirilməsi, işgüzar, bacarıqlı idarəetmə təcrübəsi olan insanları irəli çəkməklə Azərbaycanın bütün sahələr üzrə inkişafının tərəqqisinin təməlini qoydu. Ulu Öndərin rəhbərliyi ilə yeridilən iqtisadi və sosial siyasət və bunun sayəsində respublika iqtisadiyyatının bütün sahələrinin, elmin və mədəniyyətin inkişaf etməsinə, xalqın həyat səviyyəsinin yüksəldilməsinə yalnız xalq təsərrüfatının dərin bilicisi kimi müvəffəq olmaq mümkün idi. Azərbaycan cəmiyyətinin yenidən qurulması, milli mənəvi dəyərlərinə qayıdış sahəsində geniş miqyaslı işlər həyata keçirməyə başlayan böyük tarixi şəxsiyyət tezliklə Azərbaycan Respublikasını daha da irəliyə doğru apardı və keçmiş Sovet İttifaqının bir sıra qabaqcıl respublikalarını geridə qoydu. Heydər Əliyevin hakimiyyətdə oduğu dövrdə gələcək müstəqil Azərbaycanın milli kimliyinə bürünməsi, milli mənəvi dəyərlərinə qayıdışı, həmçinin iqtisadi,sosial, elmi-texniki potensialın hazırlanması böyük uzaqgörənliklə həyata keçirildi. Ulu öndərin xalqına,Vətəninə bağlılığı sovet dövründə də özünü büruzə verirdi. O, belə çətin bir vaxtda Azərbaycan milli təfəkkürünü qoruyub saxladı.

Bildiyimiz kimi milli-mənəvi dəyərlərimizin ayrılmaz tərkib hissələrindən biri də bizim dogma Azərbaycan dilimizdir. Sovet hakimiyyəti illərində əhalinin əksəriyyətinin azərbaycanlılardan ibarət olmasına baxmayaraq respublikada Azərbaycan dili hakim dil deyildi. Həmin dövrdə əsasən rus dilinə böyük üstünlük verilirdi. Ana dilinin inkişaf etdirilməsi və zənginləşdirilməsinə lazımi şərait yaradılmırdı, dövlət tərəfindən bu istiqamətdə zəruri addımlar atılmır, hər hansı ciddi tədbirlər görülmürdü. Alimlər,ziyalılar Azərbaycan dilinin işlənməsi və inkişafı ilə əlaqədar hər hansı əsaslı bir iş gördükdə dərhal cəzalandırılırdı. Belə bir vəziyyətdə Azərbaycançılıq ideyasının inkişafından danışmaq qeyri mümkün idi.  Bütün bunlara baxmayaraq belə bir təhlükəli məqamda Heydər Əliyev qorxmadan, çəkinmədən dil məsələsində öz mövqeyini cəsarətlə bildirmişdi. Xalqımızın böyük oğlu SSRİ Konstitusiyası haqqında danışarkən demişdir ki, hər birimiz konstitusiyanın maddələrinə böyük hörmətlə yanaşmalıyıq. Konstitusiya vətəndaşlara təhsil hüququ verib. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur. Qüdrətli şəxsiyyət bu təklifi ilə əslində ana dilinin dövlət dili statusunu qorumaq məqsədi daşıyırdı. Sözsüz ki, həmin dövrdə belə bir təkliflə çıxış etmək asan deyildi. Lakin Ümummilli Lider mənəvi dəyərlərimizin sütun daşı olan ana dilinin dövlət səviyyəsində qorunmasını hər şeydən üstün tuttu.

 

Ulu Öndərin Azərbaycan dövləti üçün etdiyi misilsiz xidmətlərdən biri də bu ölkədə yaşayan xalqların bir birinə qaynayıb qarışmasına, tolerant mühitin cəmiyyətdə formalaşmasına nail olmaq idi. Onun uzaqgörən siyasətinin meyvəsidir ki biz bu gün müxtəlif xalqların nümayəndələri kimi eyni bir amalın ətrafında toplaşa bilmişik.

Heydər Əliyev iştirak etdiyi bütün beynəlxalq tədbirlərdə milli azlıqlar və dini məzhəblər arasında zəruri olan tolerantlıq və multikultural dəyərlərlə bağlı fikirlərini bildirmiş, xüsusən indiki qloballaşma dövründə dinlərarası, mədəniyyətlərarası dialoqa həmişə üstünlük vermişdir. Azərbaycan müstəqillik qazandıqdan sonra Heydər Əliyevin geniş fəaliyyəti nəticəsində respublikada din və etiqad azadlığı tam təmin edilmiş, milli mənəvi dəyərlərə münasibət kökündən dəyişmiş, dini ayin və mərasimləri yerinə yetirmək üçün bütün dinlərə mənsub olan insanlara bərabər şərait yaradılmışdır. Ümummilli lider milli-dini dəyərlərimizin qorunmasında, İslama ehtiram göstərilməsində, xalqımızın dini əqidəsinin daha da möhkəmləndirilməsində öz əməli fəaliyyətilə böyük rol oynamışdır. Multikulturalizm və tolerantlıq siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab edən Heydər Əliyev Azərbaycan ərazisində yaşayan milli azlıqların etnik-mədəni və dini dəyərlərinin qorunmasını demokratiyanın mühüm prinsipi olan insan hüquq və azadlıqları kontekstində görürdü.

Fərəhli haldır ki, Ulu Öndərin bizlərə miras qoyduğu tolerantlıq prinsipləri, xalqlar arasında qardaşlıq, dözümlülük, birgəyaşayış kimi milli mənəvi dəyərlərimiz bu gün də əmin əllərdədir. Möhtərəm Prezitentimiz bu yolda əmin addımlarla irəliləyir və bu dəyərlərimizi qorumaq naminə qarşısına qoyduğu vəzifələri layiqincə yerinə yetirir. Son zamanlar Azərbaycanın tolerant bir ölkə kimi incəsənət,idman və mədəniyyət sahəsində bir birinin ardınca uğurlar qazanması da xüsusi qeyd edilməlidir.  Bu uğurlarda şübhəsiz ki ölkəmizdə yaşayan milli azlıqların da kifayət qədər böyük rolu var. Artıq bütün dünya Azərbaycan xalqının çoxəsrlik tarixə malik milli mədəni iris ilə yaxından tanışdır. Bu irsin dünyaya çatdırılmasında sözsüz ki Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi xarakter daşıyır. Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun artmasında, milli mənəvi dəyərlərimizin, adət və ənənələrimizin  daha yaxından tanınmasından söhbət düşmüşkən bu sahədə xüsusi rolu olan Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın da əməyini qeyd etmək yerinə düşər. Bütün bunlar onu deməyə əsas verir ki, milli azlıqların qorunması Azərbaycan rəhbərliyinin apardığı siyasətin əsas istiqamətlərindən biridir.  Və bunun nəticəsidir ki, Azərbaycanda Konstitusiya və qanunların verdiyi bərabər hüquqlar və imkanlardan istifadə edərək, müxtəlif millətlərin nümayəndələri cəmiyyətin ayrı-ayrı sahələrində məhsuldar işləyərək ölkənin inkişafına layiqli töhfələr verirlər. Milli azlıqlar həm də Azərbaycan Respublikasının hökumətində və digər dövlət strukturlarında təmsil olunurlar. Respublikanın ali qanunverici orqanı olan Milli Məclisdə ölkənin bir sıra etnik azlıqları, o cümlədən rus, ləzgi, tat, talış və başqaları öz nümayəndələri ilə təmsil olunublar. Ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu multikulturalizmin Azərbaycan modelinin reallaşması istiqamətində mühüm işlər həyata keçirir. Mehriban xanımın rəhbərliyi və dəstəyi ilə Heydər Əliyev Fondu özünün beynəlxalq fəaliyyətində çoxsaylı layihələr həyata keçirir, bununla da  Azərbaycan multikulturalizminin üstünlüklərini bütün dünyaya əyani şəkildə təbliğ edir. Onu da qeyd etmək lazımdır ki, Heydər Əliyev Fondunun  "Azərbaycan - tolerantlıq məkanı" layihəsi çərçivəsində həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda həyata keçirdiyi tədbir və layihələr beynəlxal ictimaiyyət tərfindən də rəğbətlə qarşılanır.

Biz bir daha şahidi oluruq  ki, müstəqil dövlətimizin yürütdüyü bu siyasət Ulu Öndərimizin uzaqgörənliyi sayəsində möhkəm və davamlı özüllər üzərində qurulub. Bu məntiqli, düşünülmüş siyasətin bəhrəsidir ki, bu gün ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələri bir biri ilə mehriban qonşuluq prinsipləri ilə yaşayır,bir birinə qız alıb, qız verir və qaynayıb qarışırlar.

 

 

Balakən rayonu Mahamalar kəndində yerləşən Qazbinə yaşayış massivi dini icmasının sədri və imamı: Piriyev Eldəniz Rəsul oğlu

Tel: 0(24) 29-5-52-09

Mobil: 0 (50) 565-17-77

Elektron poçt: [email protected]



Xəbəri paylaş

276 dəfə oxunub.

Digər xəbərlər