Saytımızı qiymətləndirin


 
 

“Heydər Əliyev siyasəti: tolerantlıq”
Tarix: 12-04-2022 | Saat: 10:37
Bölmə:Cəmiyyət | çapa göndər

 

“Heydər Əliyev siyasəti: tolerantlıq”

 

Hələ qədim zamanlardan bəri Azərbaycan ərazisində müxtəlif xalqların nümayəndələri yaşamışdır. Fərqli dinlərə və etiqadlara inanan, müxtəlif dillərdə danışan, özəl mədəniyyətlərə və həyat tərzlərinə sahib olan azsaylı xalqların nümayəndələri daim sülh içində yaşamışlar. Azərbaycan dünya mərkəzinə yaxın, Avropa və Asiyanın kəsişməsində, qərblə şərqin birləşməsində yerləşdiyi üçün hər zaman diqqət mərkəzində olmuş, tarixboyu müxtəlif sivilizasiyaların cəm olduğu ərazi olaraq tanınmışdır. Siyasi baxımdan Azərbaycanda xalqların illərlə birlikdə sülh və əmin-amanlıq şəraitində yaşaması bütün dünya üçün böyük bir tolerantlıq nümunəsidir. Bu siyasətin formalaşmasında və digər ölkələrdə böyük marağa səbəb olmasının əsl səbəbkarı xalqımızın Ümummilli lideri Heydər Əliyevdir. Məhz, Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan bu gün bütün dünyada tolerant dövlət kimi tanınır.

Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz

Heydər Əliyev çıxışlarının birində belə bir fikir səsləndirmişdir: “Yüksək tolerantlıq ilk növbədə yüksək mədəniyyətin təzahürüdür” (DQİDK, 2015). Bu sözlər bir daha sübut edir ki, Azərbaycan dünya üçün qədim mədəniyyət ocağıdır. Tarixi qədim olan bu mədəniyyət ocağında daim müxtəlif dinlərin nümayəndələri yaşamış, bir-birlərinə qardaş olmuş, dar günlərində köməkdaş olmuşlar. Azərbaycan tarixinə nəzər saldıqda xalqın əsas həyat fəaliyyətində İslam dininin və mədəniyyətinin geniş yer aldığını görə bilərik. Buna baxmayaraq ölkəmizdə digər dinlərin nümayəndələri də xalqımızın milli-mənəvi dəyərləri daxilində öz etnikliklərini və dinlərini qoruyub saxlamışlar. Bu yüksək tolerantlıq dəyərini qoruyub gələcək nəsillərə çatdırmaq üçün xalqımız ağır sınaqlardan keçmiş və bu sınaqlardan alnıaçıq, üzüağ çıxmışlar. Milli-mənəvi dəyərlərimizin, tolerantlıq ənənələrimizin qorunması baxımından tariximizin ağır səhifələrindən biri də məhz Sovet hakimiyyəti dövrü olmuşdur. Azərbaycan xalqı 70 ilə yaxın bir müddətdə, Sovet hakimiyyəti illərində ateizmin geniş təbliğ olunduğu bir rejimdə yaşasa da, öz milli-mənəvi dəyərlərini, tolerantlıq keyfiyyətlərini unutmamış, gizlin də olsa, müxtəlif dinlərə fərz buyrulan əməlləri tərk etməmişlər. Məhz, bu hadisələr də bir daha sübut edir ki, müxtəlif dinlərin nümayəndələri bir-birlərinə belə çətin günlərdə dayaq olmuşlar. Bu, Azərbaycanda yaşayan xalqların əzmini və güclü iradəsini bildirir. Əfsuslar olsun ki, Sovet hakimiyyəti illərində Azərbaycanda demək olar ki, müxtəlif dinlərin müqəddəs evləri olan məscidlər, kilsələr, sinaqoqların sayı barmaqla sayılacaq qədər az idi. Sovet hakimiyyətinin, əhalisinin əksəriyyəti müsəlman olan lakin digər dinlərin nümayəndələrinə daim yüksək tolerantlıq göstərən Azərbaycana qarşı olan mərhumiyyətləri, qadağaları, milli-mənəvi dəyərlərimizə mənfi təsir etmiş, xalqlar arasında dini dəyərlərimizə və adət-ənənələrimizə ağır zərbə dəymişdir.

Buna baxmayaraq xalqımızın yeganə ümid yeri olan Heydər Əliyev hakimiyyətə gəldikdən sonra həm ölkə daxilində, həm də ölkə xaricində Azərbaycanda tolerantlığa olan münasibət müsbətə doğru dəyişdi. Azərbaycanın hər bir sahədə olduğu kimi bütün dini ənənələrinin yenidən bərpası, dövlət tərəfindən qoyulmuş qadağaların götürülməsi dahi şəxsiyyət Heydər Əliyevin müxtəlif dinlərə verdiyi tövhələri danılmazdır. Hakimiyyətə gəldiyi ilk günlərdən bəri din siyasətinə böyük önəm vermiş, Azərbaycanda dinlərin dirçəlişi üçün mühim addımlar atmışdır. Təsadüfi deyil ki, Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bütün sahələrdə nəzərə çarpan dirçəliş din sahəsindən də kənarda qalmadı. Bu addım isə dövlət və din arasında olan münasibətlərdə yeni addım olaraq qeydə alındı.

Xalqımızın Ümummilli lideri Heydər Əliyevə həsr olunmuş, “Heydər Əliyev siyasəti: Tolerantlıq” kitabında Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət komitəsinin sədri Mübariz Qurbanlının, Ulu Öndərimizi xarakterizə edən çox gözəl fikirləri yer almışdır: “... Bütün dini konfessiyyalara eyni səviyyədə münasibət, onların ibadətgahlarını fərq qoymadan ziyarət etmək, müxtəlif dinlərin və xalqların nümayəndələri ilə görüşlər Heydər Əliyevin tolerantlığa verdiyi önəmi bir daha göstərir” (DQİDK, 2015). Bu sözlər həqiqətən də Ulu Öndərin ən çətin zamanlarda belə xalqların yüksək tolerantlıq  keyfiyyətinin zühurudur. Heydər Əliyevin müxtəlif dinlərin müqəddəs bayramlarında etdiyi çıxışlar, təbriklər, müxtəlif zamanlarda məscidlərə, kilsələrə, sinaqoqlara etdiyi səfərlər bir daha sübut edir ki, dövlət və din münasibətləri arasında qarşılıqlı əlaqələr bərqərar olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının  18-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir”. Heydər Əliyevin uğurlu və uzaqgörən siyasətçi olduğunu dövlət və din arasında yaranmış uçurumu layiqincə aradan qaldırmağa müvəffəq olması bir daha bütün dünyaya bariz bir nümunə idi.

Heydər Əliyevin hakimiyyətə gəlişinin ilk illərində milli qanunvericilikdə “Dini Etiqad Azadlığı haqqında” qanun qəbul edildi. Qəbul olunmuş bu qanuna əsasən “Hər kəsin hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır”.  Bu qanun dövlət və din münasibətlərinin tənzimlənməsi sahəsində atılan uğurlu addımlardan biri idi.

Heydər Əliyevin müxtəlif dinlərin Azərbaycanda dövlət səviyyəsində nəzarətə alınması və görülmüş işlər barədə kifayət qədər danışmaq, gözəl fikirlər söyləmək olar. Yeni nəsil olaraq yaddan çıxarmamalıyıq ki, Ümummilli lider tərəfindən atılmış bütün addımlar Azərbaycan xalqının inanclı şəxsləri üçün ən yüksək tövhələr vermişdir və bu gün uğurlu siyasətin davamı olaraq ölkəmiz dinlərin sülh, əmin-amanlıq, tolerant, humanist fikirli mərkəz kimi dünyada tanınır. Şübhəsiz ki, tolerantlıq Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə daim kömək olmuş və Azərbaycan tarixində silinməz izlər qoymuşdur. Əminik ki, bu keyfiyyət öz qüdrətini və əzəmətini bundan sonra da gücləndirəcək və bütün inanclı şəxslərə xoşbəxtlik və sevinc gətirəcəkdir.

 

Zaqatala rayonu Yuxarı Tala kənd məscidi dini icmasının sədri və imamı Mehdiyev Şakir İbrahim oğlu.

Tel: 0(24) 22-30-2-67 iş

Mobil: 0(55) 750-44-99

 

11.04.2022-ci il



Xəbəri paylaş

307 dəfə oxunub.

Digər xəbərlər