Saytımızı qiymətləndirin


 
 

Bu gün polkovnik Tehran Mənsimovun doğum günüdür
Tarix: 24-08-2021 | Saat: 14:11
Bölmə:Manşet / Karusel / Gündəm | çapa göndər

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Vətən müharibəsində döyüşmüş Tehran Mənsimovun doğum günüdür. Polkovnik Tehran Mənsimov Azərbaycan ictimaiyyəti tərəfindən “Şuşa fatehi” adı ilə tanınaraq, məşhurlaşıb.

 

Qarabaginfo.az xəbər verir ki, Tehran Mənsimov 1972-ci il avqustun 24-də Qusar rayonunun Düztahir kəndində anadan olub. 1989-cu ildə orta məktəbi bitirib. 1990-1992-ci illərdə keçmiş sovet ordusu sıralarında qulluq edib.  Daha sonra Azərbaycan Milli Ordusunda xidmətə başlayıb. Könüllü olaraq Birinci Qarabağ müharibəsinə yollanaraq, cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlərdə fəal iştirak edib. Ardınca Ali Hərbi Məktəbdə təhsil alıb və ona leytenant rütbəsi verilib. 2011-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasına daxil olub və 26 iyun 2013-cü ildə həmin akademiyanı fərqlənmə ilə bitirib. Qarabağ bölgəsində taqım komandirliyindən briqada komandirliyinə kimi xidmət yolu keçib.

 

4 iyul 2013-cü ildən Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunda xidmətə başlayıb və Şahbuz rayonundakı hərbi hissənin komandiri olub.

 

Polkovnik Tehran Mənsimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərimizin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan 44 günlük Vətən müharibəsində fəal iştirak edib. O, noyabrın 4-dən 8-nə qədər davam edən Şuşa döyüşlərində şəhərə girən ilk zabitlərdən olub. Bu döyüşlərdə qəhrəmanlıq nümayiş etdirib.

 

Tehran Mənsimov 2005-ci ildə "İgidliyə görə", 2017-ci ildə "Vətən uğrunda" medalları ilə təltif edilib.

Vətən müharibəsindəki qəhrəmanlığına görə 2020-ci ildə ona ölkə başçısının sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni verilib. Eyni zamanda o, "Şuşanın azad olunmasına görə" medalı ilə də təltif edilib. Prezidentin 24 iyun 2021-ci il tarixli sərəncamları ilə Tehran Mənsimova “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları verilib.

 

Tehran Mənsimov hazırda Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində çalışır. Polkovnik bundan əvvəl Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Döyüş Hazırlığı və Tədris İdarəsinin rəisi idi.

 

Polkovnik mətbuata müsahibəsində Şuşa döyüşləri haqqında ətraflı məlumat vermişdi. T.Mənsimovun bu döyüşlərlə bağlı fikirlərini təqdim edirik:

 

-Şuşaya gedən yol var. Həmin yol açılmadığına görə, orada mürəkkəb, qızğın döyüşlər gedirdi. Düşmən bütün gücünü həmin əraziyə cəlb etmişdi. Minalanmış sahələrdə canlı qüvvə və zaman itkisinə yol verməmək üçün bizə yeni tapşırıq gəldi. Əlavə olaraq, 3 briqada mənim tabeçiliyimə verildi. Xüsusi təyinatlılara şərait yaratmaq üçün Daşaltı bölgəsini nəzarətə almalı, oradakı düşmən qüvvələrini məhv etməli idik. O vaxta kimi xüsusi təyinatlılar Şuşaya girəcəkdilər. Onlar meşədən keçib Şuşaya girənə qədər döyüşüb düşməni öz üzərimizə çəkməli idik. Həmin gün şəhidlərimizin qanı bahasına hədəfə çatdıq və noyabrın 4-də Daşaltını işğaldan azad etdik. Sonrakı günlərdə də düşmənin saysız əks-hücumlarını dəf etdik. Bu döyüşlərdə Naxçıvan xüsusi təyinatlılarının şücaətini xüsusi vurğulamaq istəyirəm. Xüsusilə, Anar Əliyev və Nihad Babayevi, böyük qəhrəmanlıq göstərən Renat Şıxnəbiyev, Əli Kərimov və Elnur Şirinovun igidliyi gələcək nəsillərimiz üçün örnəkdir.

 

Ermənilər deyirdilər ki, biz vururduq, Azərbaycan hərbçiləri yenidən qalxaraq üzərimizə gəlirdi. Həqiqətən də, həmin döyüşlərdə Naxçıvan xüsusi təyinatlıları qeyri-adi iradə, böyük fədakarlıq və qəhrəmanlıq göstərdilər... Noyabrın 6-da artıq xüsusi təyinatlılarımız Şuşa yaxınlığında yaxın təmas döyüşünə keçmişdilər. Döyüşən 4 hərbi hissənin hər birində Naxçıvan xüsusi təyinatlıları var idi. Ayın 7-si artıq Şuşaya şanlı bayrağımızı sancdıq, ilk azan oxundu. Bu hissləri sözlərlə ifadə etmək çox çətindi. Oxunan azan səsi və Dövlət Himnimizi eşidən yaralılarımıza, sanki yenidən həyat verilirdi. Şuşa azad olunandan dərhal sonra ilk ürəyimdən keçən namaz üstdə şəhid olan qəhrəman oğullarımızın ruhuna və igid döyüşçülərimizə dua etmək, Allaha şükranlığımı sevinc göz yaşları ilə çatdırmaq oldu. Düşmən sonra da əks-hücuma keçdi və bu hücumların da qarşısı alındı. İgidlərimiz canları bahasına Şuşanı qoruyub saxladı. Ölkənin müxtəlif yerlərində bu qələbəmizi coşqu ilə qarşılayan xalqımızın sevinci bizə daha böyük ruh yüksəkliyi verirdi.



Xəbəri paylaş

289 dəfə oxunub.

Digər xəbərlər