Saytımızı qiymətləndirin


 
 

Çəkmə, anam elə bilir yerim istidir...
Tarix: 30-12-2020 | Saat: 12:24
Bölmə:Karusel / Yazar | çapa göndər

YAP-çı deputat Məlahət İbrahimqızı inkişafın yeni düsturunu kəşf edib. Müsahibəsində deyib ki, yaşayış minimumu olaraq 196 manat müəyyənləşdirilməsi olduqca düzgün addımdır. Onun məntiqinə görə, ölkə müharibədən çıxıb və üzərində ağır yük var, ilk növbədə müharibəyə görə yaranan xərcləri qarşılamaq lazımdır. Sitatı olduğu kimi verirəm ki, kimsə məni qərəzdə suçlamasın: “İkinci dünya müharibəsindən sonra Almaniyada on il vətəndaşlara maaş yalnız zəruri ehtiyacları ödəmək məbləğində ödənilirdi. Ona görə də illər sonra Almaniya inkişaf etmiş ölkələrdən biri oldu. Yaponiya da belə olmuşdu...” 

Bilmirsən güləsən, ya ağlayasan. İnsan stajlı deputatın tarix bilgisizliyinəmi təəccüblənsin, yoxsa açıq qərəzinəmi? Axı bu müqayisə kökündən yanlışdır və Azərbaycan bu müharibədə məğlub yox, qalibdir. O zaman bizi Almaniya ilə müqayisə etməyin mənası nədir? Yoxsa yapçı deputatlar bizim qələbəmizi də şübhə altına alırlar? Üstəlik, xanım deputat deyir ki, məbləğin azlığı neftin ucuzluğu ilə birbaşa bağlıdır. Sitata diqqət: “Sülh, rahat vəziyyətdə, neft 125 dollar olanda, əlbəttə ki, belə bir dövrdə 196 yox, 396 manat da azdır. Amma indi vəziyyət belə deyil. Neftin qiyməti iki ildir aşağı düşüb, Azərbaycanda isə hələ də neftdən asılılıq var, nailiyyətlər olsa da, qeyri-neft sektoruun yetərincə inkişaf etdirə bilməmişik”. Burda yenə məntiqsizlik baş alıb gedir, riyaziyyat bilgiləri üsyan edir. Axı bu ölkədə neftin qiyməti yüksək olanda da yaşayış minimumu aşağı idi, neftin qiyməti aşağı olanda da.

Mən müharibə dönəmində susan deputatları, nazirləri, komitə rəhbərləri, hökumətin PR işini həyata keçirənləri görəndə hər zaman sual edirdim: Niyə müharibə barədə ancaq prezident danışır, niyə bütün xarici mediaya müsahibələri İlham Əliyev verir? Bəs bu qədər kadr nə üçün lazımdır deyib, bunu müsahiblərimə də sorurdum. Cavab özünü gözlətmədi. Təsəvvür edirsizmi ki, bu sayaq deputatlar müharibə zamanı xalqın qarşısına çıxıb, açıqlama verir, vəziyyəti şərh edir? Ya da xarici mediadakı qurdların qarşısına çıxırlar? Əlinin papağını Vəlinin başına qoyardılar, Vəlininkini Əlinin başına. Erməni mediası meydandakı uğursuzluqlarını bunların qatıq bankasının dağılma mənzərəsini xatırladan müsahibələri ilə kompensasiya edərdi. Çünki belə müsahibələr eyzən düşmənin ölən canı üçün dərman xarakterindədir.

Ya da “canım Rusiyam” deyib, sinəsini dağıdanlar... O gün baxıram, siyasi səhnədən çoxdan silinmiş biri cani-dildən Rusiyanı elə tərifləyir, “Rusiya müharibəyə müdaxilə etməsə, biz məhv olardıq” kimi cümlələri damarı boğazından çıxacaq kimi elə yanğı ilə sıralayır ki, insan heyrətə gəlir. O gün Rusiya saytlarından birində oxuyuram. Sadə bir moskvalı əlində alt paltarını tutub və onu satışa çıxardığını deyir. Bildirir ki, kərə yağı almaq üçün pulu yoxdur və bu alt paltarını sataraq yağ alacaq. Açıqlaması da belədir: “Bu, 90-cı illər deyil. Müasir Moskvadır. Görün Putin xalqı hansı vəziyyətə gətirdi”. Adama deyərlər, öz vətəndaşını yağ almaq üçün alt paltarını satdıracaq həddə gətirən bir ölkəyə siz xeyir ola xilaskar kimi baxırsız? Və bu vəziyyətdə olan ölkənin sülhməramlısı niyə ermənilərə orda cənnət qurmağa çalışır, pulunu, enerjisini buna xərcləyir? Bu rus İvan qayıdıb bir gün deməyəcək ki, mənə bir kilo yağ üçün alt paltarımı satdıran hakimiyyət, özünə gəl! Üzünə ağ olmayacaq ki, sənin pul səpələdiyin, övladımı torpağında sipər etdiyin Qarabağın mənə nə aidiyyatı var? Əsəbləşib küçəyə çıxmayacaq ki, bu günə qədər qəsb etdiyin yad torpaqlarda nə cənnət yaratdın ki, Qarabağda da nə edəcəksən? Bunu alt paltarını satışa çıxaran İvan qanır da, bizim rusbaşlar qanmırlar?

Amma darıxmasınlar, gələn həftə Türkiyə Silahlı Qüvvələrinin Ağdamdakı Monitorinq Mərkəzi rəsmən işə başlayır. İndilik atəşkəs rejiminə nəzarət edəcəklər, əraziləri minadan təmizləyəcəklər. Bu proseslər isə ermənilərin hələlik yaşadıqları kəndlər üzərindən dronlarla həyata keçiriləcək. Müharibədə erməni əsgərin qorxulu düşməni olan dron və onun səsi bu dəfə də terrorçuları, eləcə də dinc sayılan, amma əslində dünənə qədər əlində silahı bizim balalarımıza tuşlayan axçilərin, hayların canına üşütmə salacaq. O nağıl vardı ey. Danışırdılar ki, ermənilərin türk fobiyası var, ərazidə türklər olsa, onlar narahat olacaq. İndi canları çıxacaq türk əsgərini də görəcəklər, dronları da, türkün ayaq səslərini də eşidəcəklər. Qarabağda onlar üçün bir çıldağ da tiksinlər, lazımları olacaq.

Az öncə bir əsgərimizin Rusiya mediasının jurnalisti ilə müsahibəsinə baxıram. Qardaş açıq-aydın deyir ki, mən rus dilində gözəl bilsəm də, prinsipial olaraq danışmayacam. Müxbir soruşur ki, bəs ingilis dilini bilirsizmi? İngilis dilini tum kimi çırtlayaraq izahat verir ki, təhsilini xaricdə alıb, həm rus, həm ingilis dilində gözəl danışır, amma müsahibəni öz dilində verəcək. Rus jurnalist şokdan bərəlmiş gözləri ilə bir daha soruşur ki, bəs niyə danışmırsız? Əsgərimiz yenə doğma dilimizdə qayıdır ki, bu, prinsipial mövqedir. Onun bu sözlərini ruscaya tərcümə edirlər, jurnalistin az qala ağzı əyilir... O qədər ibrətamiz mənzərə ki. Bunlarsa deyir, xilaskar sağa getdi, rus əsgər soldan belə gəldi...

Biri də var, deyir, müharibə meydanı əsgər üçün məzuniyyət yeri deyil. Guya qələbəni biz bunun “müdrik” məsləhətləri ilə udmuşuq. Sanki əsgər ölümü gözə alanda bundan məsləhət almışdı...

Və cəbhədən gələn daha bir kövrək video... Əsgərin biri yerdə, qarın içində uzanıb. Dostu gəlib, onu oyadır, digəri də videoya çəkir. Qəfil oyanan əsgərin bir cümləsi olur: “Çəkmə də, anam elə bilir, yerim istidir”... Bu müharibə də, bu qələbə də anasının bir göz yaşına qıymayan, canını Vətənə sipər edən əsgərlərin hesabına qazanılıb. Nə onların qələbəsinə dil uzadın, nə də fədakarlıqlarını kölgə altına qoyun. Ağzına çullu dovşan sığmadan danışanlar! Sizin bütün mövcudiyyətiniz onların bir cümləsinə dəyməz. Əsgərimizi sizə xərclətmərik! (Musavat.com)

 



Xəbəri paylaş

360 dəfə oxunub.

Digər xəbərlər