Saytımızı qiymətləndirin


 
 

Zəhməti hədər getməyən kişi
Tarix: 25-12-2017 | Saat: 15:48
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər


 

 

 

"Qarabaginfo" saytının kollektivi Adil müəllimi ürəkdən təbrik edir. 80 yaşın mübarək, yubliyar. 

Dağların lap zirvəsinə bir qartal qonub. Bu zirvə çoxları üçün əlçatmazdır. Hər tərəfi qarla örtülən, pənbə buludlarla əhatə olunan zirvədə bir qartal qıy vurub, ətrafdakı sükutu pozmağa çalışır. Amma qonmaq istədiyi sivri qayanın gövdəsinə söykənib dərin xəyala dalan cüssəli bir kişinin hənirtisini duyduğundan ora-bura vurnuxur, bir yerdə rahatlıq tapa bilmirdi…

Sivri qayaya söykənib xəyala dalan kişi arzusunun qanadında çox-çox uzaqlara getmişdi…

Böyük Vətən müharibəsi başlayanda Adilin dörd yaşı vardı. O da bütün uşaqlar kimi oynamaq, şənlənmək istəyirdi, lakin uşaq fəhmi ilə anlayırdı ki, ətrafında dolaşanların üzü gülmür, dodağı qaçmır, əksinə hamı kədərlidir, bikefdir.

Belə kədərli günlərin ağuşunda ona layla çalan anası Ruqiyyə xanım göz yaşlarını dünyanın ağlı-qaralı rənglərini hələ yaxşı seçməyən Adildən gizləyərdi.

Atası Mustafa kişi min cür zəhmətə qatlaşa-qatlaşa övladlarını korluq çəkməyə qoymurdu. Uşaqlarını oxutmaq, təhsil vermək üçün əlindən gələni əsirgəmirdi.

İllərin sərt sınağı uşaqlıq və gənclik çağlarını Adil müəllimin yaddaşına elə möhkəm həkk edib ki, bu gün də o illərdən danışanda adamın tükləri biz-biz olur.

1956-57-ci illərdə Saatlı rayonunda Texniki Peşə məktəbini bitirən Adil müəllim Beyləqan və Füzuli rayonlarında fəhlə, çilingər, usta işlədi, amma bir gün də olsun təhsil almaq barədəki fikri onu tərk etmədi.

Nəhayət ki, 1962-ci il Adil müəllimin arzularının başlanğıcı oldu. Sənədlərini H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutuna verdi və qəbul olundu. İnstitutu bitirən kimi təyinatını Beyləqan rayonuna verdilər.

Beyləqan rayonunun Əmirzeyidli kəndində məktəb direktoru, Milabad qəsəbəsində müəllimlik edərək, ömrünün 40 ildən çoxunu pedaqoji fəaliyyətə həsr etdi.

Və günlərin bir günü onu böyük şərəflə, yüksək təntənə ilə təqaüdə çıxardılar. Amma Adil müəllim dayanmadan, yorulmadan ictimai fəaliyyətini davam etdirdi.

Nəticədə onu əhatə edən insanlar arasında sayıldı, seçildi, ağsaqqal mərtəbəsinə yüksəldi. Adı hər yerdə hörmətlə çəkildi, məclislərdə başa çəkildi, hörməti birəbeş artdı.

Adil müəllimin bu hörmətininin üstünə daha bir hörmət də əlavə olunanda ürəyi köksünə sığmadı, fərəhi aşıb-daşdı…

Onu tanıyanların hamısı yaşı səksəni haqlayan bu ləngərli, ağır taxtalı kişinin övladlarına sözün yaxşı mənasında qibtə edirlər.

Üç övladını, iki oğlunu və bir qızını çətin illərin sınağından üzüağ çıxaran Adil müəllim bu gün onlarla qürur duyur. Ömür-gün yoldaşı Əfruz xanımla əl-ələ verib övladlarını böyüdən, tərbiyə verən, hər birinə ali təhsilli edən Adil müəllim 15 ildir ki, Bakıda yaşayır.

Ömrünün 75-ci baharında Adil müəllimlə söhbət edərkən ona söz vermişdim ki, Allah qoysa səksən yaşında haqqında bir yazı yazacam.

O zaman mənim bu sözümə sadəcə gülümsəməklə razılıq bildirdi və ayrılanda dedi ki, ay oğul ay qismət…

Budur, həmin gün gəlib çatıb. Yaşının səksən illik zirvəsində “Dağlara deyin ki…” kitabını vərəqləyə-vərəqləyə 5-6 il əvvələ qayıdıram.

Haqqında yazılan bu kitabda Adil müəllimin irili-xırdalı 70-ə yaxın şeiri toplanıb.

Bu şeirləri oxuduqca, Adil müəllimin vətənpərvərlik hissinə, yurd yanğısına heyran olmamaq olmur:

Vətən oğlu qalx ayağa,

Qisas günü çoxdan çatıb.

Elə tərpən, elə dayan,

Deməsinlər bəxti yatıb -

deyən Adil müəllim yurd həsrətini, yurd yanğısını belə ifadə edir:

Dağlara deyin ki, gələ bilmədim,

Sinəndə yaşayıb ölə bilmədim,

Qəm-qüssə qoymadı, gülə bilmədim,

Bağışla məni…

Xəyalən doğma yurdu Cəbrayıla qayıdan, Tinli kəndinin səfalı yerlərini gəzib-dolaşan Adil müəllim ruhu o yerlərdə dolaşan qohum-əqrabasına, dost-tanışlarına bir ismarınc göndərir:

Dağlara deyin ki, hansı fəsildi,

Bir ömür yaşadım, səbrim kəsildi,

Çəkdiyim həsrəti bir Allah bildi,

Bağışla məni…

Sonda dağlara üz tutub, onların vüqarından, əzəmətindən üzr diləyir. Buyurun bu ləngərli kişinin böyüklüyünə baxın:

Dağlara deyin ki, üzr dilərəm,

Mən elə bilirdim onsuz ölərəm,

Belə ki, görürəm çətin gələrəm,

Bağışla məni…

İndi belə mərd, əyilməz, dərdini içində çəkə-çəkə ətrafındakıları iradəli, dözümlü vətənpərvər olmağa səsləyən kişilər azdır.

Adil müəllim bu gün də mübarizə aparır. Azərbaycan cəmiyyətini, bu cəmiyyətdə bərqərar olan insanları öz sözü, öz şeirləri ilə mübarizəyə ruhlandırır, əsl vətəndaşlıq nümunəsi göstərir:

Əvvəldən bəlalı başın bəllidir,

Tarixə sığmayan yaşın bəllidir,

Hər cığırın, hər bir daşın bəllidir,

Canım, gözüm, doğma yurdum Qarabağ

deyən Adil müəllim narahatlıq içində gənclərimizə, əli silah tutan qeyrətli oğullarımıza car çəkir:

Yaman nigaranam səndən beləcə,

Rahatlıq tapmıram, gəlmirəm vecə,

Gündüzlərim olub qaranlıq gecə,

Canım, gözüm, doğma yurdum Qarabağ.

Bax, beləcə narahat bir ömür sürür Adil müəllim.

Bu narahatlıq oğul-uşaq sarıdan deyil. Doğma yurd-yuvasının, pərən-pərən düşmüş elinin, obasının xiffətini çəkir Adil müəllim:

Əzizim Cəbrayıla,

Yol gedər Cəbrayıla,

Alınaydı o yerlər -

Gedəydim Cəbrayıla.

Bu nisgili 25 ildir ki, ürəyində daşıyan Adil müəllim böyük ümidlə torpaqlarımızın alınmasını gözləyir. Hərdən də övladlarını - Nərimanı, Raufu, Filurəni, nəvələri Günəşi,Adili, Bəhruzu, Məhəmmədəlini, Şahini, Ləmanı başına yığıb onlara öyüd-nəsihət verir:

Nəsihət edirəm ay övladlarım,

Dostunla düşməni seçməyi bacar.

Doğru yoldan, düz ilqardan çəkinmə,

Onda Allah sizə hər qapı açar.

 

Həyatın mənasın dərk etmək üçün,

Çalış ki, hər şeyi kamil biləsən.

Özündə bir nöqsan axtara bil ki,

Hamı bir ağızdan söyləsin əhsən.

Adil müəllimə baş ucalığı gətirən övladlarına, nəvələrinə və ömür-gün yoldaşı Əfruz xanıma minnətdarlıq edənlərə biz də qoşuluruq və illərin sınağından əsl KİŞİ (seçdirmə bizimdir-A.T.) kimi çıxan, halal zəhməti ilə Azərbaycan dövlətinə sədaqətlə xidmət edən Adil Mustafa oğlu Quluyevə ömrünün 80 illik yubileyində cansağlığı arzulayırıq.

Və bu yerdə yazımızı Adil müəllimin bir bənd şeiri ilə bitirmək istəyirik:

Allahımdan istəmişəm,

Aylar, illər keçsin belə.

Övladlarım xoşbəxt olsun,

Belə dövran düşməz ələ.

 

İstinad - "AzəriXalq.az"

 



Xəbəri paylaş

673 dəfə oxunub.

Digər xəbərlər
14-04-2022, 12:55 Çavuşoğlu ABŞ-a gedir