Saytımızı qiymətləndirin


 
 

AYB sədri kim olacaq?  - Murad Köhnəqaladan qalmaqallı yazı
Tarix: 09-09-2020 | Saat: 13:27
Bölmə:Karusel / Yazar | çapa göndər

 

 AYB sədri kim olacaq? - Murad Köhnəqaladan qalmaqallı yazı
Azərbaycan Yazıçıar Birliyinin 2019-cu ildə keçiriləsi qurutayının iki ildir ki, təxirə salınması ictimai fikrin hazırda ən çox fokuslandığı məsələlərdən biridir. Hətta pandemiya vahiməsi və Qarabağ münaqiəsi ilə bağlı siyasi olayların kəskinləşməsi belə “AYB-nin qurultayı nə vaxt olacaq?”, “AYB sədrliyinə kimlərin seçilmək ehtimalı var?” kimi sualları gündəmdən çıxara bilmir.
Şübhəsiz ki, bütün bunlar təsadüfi deyil. AYB Nizamnaməsinə görə, sədr hər beş ildən bir keçirilən qurultayda seçilir və onun ard-arda iki dəfədən artıq seçilmək hüququ yoxdur. İlk qurultayı 1934-cü ildə keçirilən Birlyin indiyə qədər 15 sədri olub və 1987-ci ilə qədər sədrliyin müddəti ilə bağlı Nizamnamə tələbi gözlənilib:
1934-1936 - Məmmədkazım Ələkbərli
1936-1938 - Seyfulla Şamilov
1938-1939 - Rəsul Rza
1939-1940 - Süleyman Rəhimov
1941-1944 - Səməd Vurğun
1944-1945 - Süleyman Rəhimov
1945-1948 - Səməd Vurğun
1948-1954 - Mirzə İbrahimov
1954-1958 - Süleyman Rəhimov
1958-1965 - Mehdi Hüseyn
1965-1975 - Mirzə İbrahimov
1975-1981 - İmran Qasımov
1981-1986 - Mirzə İbrahimov
1986-1987 - İsmayıl Şıxlı
1987 -Anar
Siyahıdan da gördüyünüz kimi, Anara qədər AYB sədrlərindən heç biri Nizamnamə qaydalarına uyğun olaraq, ard-arda 10 ildən artıq bu vəzifədə qalmayıb. Sədrlər arasında ən uzunmüddətlisi M.İbrahimvodur ki, o da fasilələrlə üç dəfə seçilməklə bu vəzifəni 21 il icra edib.
AYB-nin 1987-ci ildən vəzifə başına keçən sonuncu sədri Anar isə bu görəvi 33 ildən bəri fasiləsiz daşımaqdadır ki, bu da öz növbəsində Nizamnamə qaydalarının dəfələrlə pozulması deməkdir. İki mindən artıq AYB üzvünün önəmli bir qismini narazı salan, AYB sədri məsələsini gündəmə gətirən də qurultayın təxirə düşərək aydan-aya, ildən-ilə ötürülməsi ilə yanaşı, həm də məhz problemin bu tərəfidir.
Anar AYB sədrliyindən, nəhayət, gedəcəkmi? Yoxsa onun yerinə adları bu məsələ ilə bağlı hallandırılan Elçin, E.Axundova, Ç.Abdullayev, R.Məcid, İ.Fəhmi və digər yazarlardan hər hansı biri keçəcək? Bu məsələlər hələki sual olaraq qalır. Amma hətta bu qeyri-müəyyən durum belə sözügedən mövzuda müəyyən mülahizələr irəli sürməyə mane olmur.
İlk baxışdan, elə görünür ki, Anardan sonra bu vəzifəyə ən çox Xalq Yazıçısı Elçin gələ bilər. Çünki öz aralarında yola getməyən bu ədəbiyyat generallarının münasibətləri 60 ildir ki, məhz belə olub – Anar nə edibsə, Elçin ona alternativ variantlar işləyib hazırlayıb. Birinci roman yazıbsa ikinci dərhal roman, dram yazıbsa dram, ssenari yazıbsa, ssenari yazıb. O fəxri ad alıbsa, bu da alıb, o orden-medallara layiq görülübsə, bu da görülüb... Amma bütün ədəbi nüfuzu və avtoritetinə baxmayaraq Xalq Yazıçısı Elçinin sədr olmasına mane olan ciddi bir səbəb var ki, bu da yaşının səksənə yaxınlaşmasıdır.
Adı çəkilən yazarlar arasında sədrliyə ən şanslısı Xalq Yazıçısı Ç.Abdullayevdir. Paytaxtda doğulub böyüməsi, yuxarı siyasi eşalon, hətta Prezident ailəsinin sevimli yazıçısı olması, oxucu kontingenti arasında populyarlığı, Rusiya və Avropada geniş yayınlanması ona öz konkruentləri arasında alternativsizlik statusu verir. Lakin bütün bu danılmaz üstünlükləri ilə yanaşı ünlü detektiv ustasının Axilles dabanı da var - rusca yazması, Azərbaycan dilində rus aksenti ilə danışması, bir sözlə, qeyri-milli ruhun daşıyıcısı olması.
Bu yaxınlarda Xalq Yazıçısı fəxri adına layiq görülən E.Axundova da yuxarı siyasi dairələrə yaxınlığına baxmayaraq, rusdilli olmasından dolayı ögey yazıçı olmaq problemi ilə üz-üzədir. Digər tərəfdən, bütün işbazlığına baxmayaraq, xüsusi bədii istedadı ilə seçilməyən, sadəcə, publisist kimi tanınan bu xanımın sədr olmaq cəhdinin nə yazıçı, nə də oxucu kontinigenti tərəfindən xüsusi` rəğbətlə qarşılanmayacağı aydındır. Bir qədər əvvəl adının yazıçıya o qədər də uyğun gəlməyən pul maxinasiyalarında hallanması isə onun sədr olmaq arzusuna ümumən son nöqtəni qoyub.
Namizədlər arasında yeni nəsli təmsil edən R.Məcidin də durumu o qədər ürəkaçan deyil – ortalıqda ciddi bədii yaradıcılığı yoxdur. Nə son illər dərc etdirdiyi şeirlər bu boşluğu dolduracaq gücdədir, nə də facebook materiallarını kitab kimi nəşr etdirməklə ucuz yenilikçilik çabaları göstərməsi ona ciddi və hamı tərəfindən etiraf olunan yazıçı imici qazandıra bilib. O, ictimai fokusa ölkənin ən nüfuzlu mətbu orqanarından biri olan “525-cı qəzet”in baş redaktoru, AYB-nin gənclərlə iş üzrə katibi, yeyib-içməyi sevən dost, gözəlliyi dəyərləndirən “baz” oğlan kimi düşüb. Ən başlıcası isə R.Məcidin dayaqlandığı siyasi qüvvələrin laxlaması onun AYB sədri kimi prespektivindən nikbin tonda danışmağa ümumən imkan vermir.
Nəhayət, namizədlər arasında ən cavanı olan İ.Fəhmi! Ötən qurultaydan sonra İlqarın “birdən-birə” AYB katibliyinə təyin edilməsi, dövlət kanalında ən nüfuzlu ədəbiyyat proqramlarından birinin aparıcısı, dövlətin xüsusi diqqət göstərdiyi Beynəlxalq Muğam Festivalının rəhbəri təyin edilməsi, rəsmi dövlət tədbirlərində sıx-sıx görünməsi nəyi göstərir? Bütün bunlar cavan, istedadlı və intellektual bir yazıçıya potensial sədr kimi edilən dövlət “stavka”sından xəbər verirmi? Bəlkə, hə, bəlkə də, yox.
Hələlik, ədəbiyyatın qoca kahini Anar həftənin müvafiq günləri öz bahalı xidməti maşınında AYB məbədinə gəlir, kabinetinə daxil olur, 33 illik sadiq dostu olan kreslosuna əyləşir və son qurultaydakı vədinə sədaqətinin nümayişi kimi, bu qocaman təşkilatı 33 ildə necə idarə edibsə, yenə eyni qaydada idarə edir. Suallar isə qüvvədə qalır: AYB-nin aydan-aya, ildən-ilə ötürülərək təxirə salınan qurultayı, nəhayət, nə vaxt baş tutacaq? AYB sədrliyinə kimlərin sədr seçilmək ehtimalı daha çoxdur?
Və bura bir sual da əlavə olunur: ölkədə gedən kütləvi kadr dəyişikliklərinin AYB qurultayının nəticələrinə, xüsusən də sədrin seçilməsi məsələsinə təsiri olacaqmı?


Xəbəri paylaş

514 dəfə oxunub.

Digər xəbərlər