Saytımızı qiymətləndirin


 
 

“Hər işimdə səhv axtarıram” - Əsərləri Abdulla Gülə, Leonid Kuçmaya bağışlanan usta-rəssamla MÜSAHİBƏ
Tarix: 29-11-2017 | Saat: 19:40
Bölmə:Karusel / Müsahibə | çapa göndər

Mübariz Əkbərov milli xəncərlər düzəldən yeganə ustadır. Onun əsərləri dünyanın bir sıra muzeylərində və fərdi kolleksiyalarda saxlanılır.

Modern.az saytı əməkdar rəssamla olan müsahibəni təqdim edir.

- İstərdik ki, özünüzü oxuculara təqdim edəsiniz. Mübariz Əkbərov kimdir?


- 1955-ci ildə Gəncədə anadan olmuşam. 1971-ci ildə elə orada rəssamlıq məktəbini, 1985-ci ildə isə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rəssamlıq fakültəsini bitirmişəm. 1997-ci ildən Rəssamlar İttifaqının üzvüyəm. Qısaca, Mübariz Əkbərov bədii metal üzrə rəssamdır. Bu sahədə nəinki Azərbaycanda, eyni zamanda Qafqazda məşğul olan, belə işlər görən adam yoxdur.

- Adətən yaradıcılıq sahələrinin  irsi olduğunu deyirlər. Sizin ailənizdə metalişləmə ilə məşğul olan varmı?

- Babam o vaxtlar sərkərdələr kimi xəncərlə, qədim papaqla gəzirdi. Yalnız bu, yadımdadır. Amma metalişləmə ilə məşğul olan olmayıb.

- O zaman silahlara, metalişləməyə maraq oradan yaranıb demək olarmı?

- Bəli. Uşaq vaxtından rəssamlıqla məşğul olurdum. Uşaq rəssamlıq məktəbinə getdim, texnikumda oxudum. Daha sonra 5 il rəssamlıq akademiyasında oxudum, rəngkarlığı qutarmışdım. Daha sonra metalişləmə sənətinə keçdim və bununla da uğurlarım oldu.

- Bildiyimizə görə, əsərləriniz dünyanın bir sıra məşhur muzeylərində və fərdi kolleksiyalarda saxlanılır, həmçinin sərgiləriniz keçirilib.  Bunlar hansı ölkələrdə olub?

- İlk dəfə Danimarkada sərgim keçirildi. Həmçinin Rusiya, Almaniya, İngiltərə, Türkiyə kimi ölkələrdə də sərgilərim təşkil edilib. Eyni zamanda, ölkəmizdə də gözəl uğurlar əldə edə bildim. Dörd dəfə respublika laureatı oldum. Elə ikisini ulu öndərimiz Heydər Əliyev  verdi. Bir dəfə müsabiqədə ikinci yer, digərlərində isə birinci yerlərə layiq görülmüşəm.

- Bədii metalişləmə sənətinin çətinlikləri nədən ibarətdir?

- Bu sənət çox çətindir. Bilirsiniz, burada gərək bir neçə sənəti biləsən. Dülgərlik, dəmirçilik, silahsazlıq, gümüşbəndlik, rəssamlıq - bunları bilməsən, hər hansı sənət nümunəsi düzəldə bilməzsən. Sənin  həm də xalçaçılıqdan anlayışın olmalıdır, yeri gələndə zərgərliyi yaxşı bilməlisən. Bütün bunların vəhdəti metalişləmə sənət nümunələrinin yaranmasına təkan verir. Əgər sənin ibtidai rəssamlıq təhsilin yoxdursa, işləmək çox çətin olacaq. Bir rəssam işinin kökünü araşdırmasa, bilməsə, loru dildə desək, işləri yarıda bilməz.

- Bu istiqamətdə siz həm də Azərbaycan tarixini araşdırmısınız. Maraqlıdır,  bizim metalişləmə sənətinin özünəməxsusluğu nə olub?

- İlk növbədə əsərlərin  şəbəkə üslubunda işlənməsidir. Azərbaycan ornamentləri digər ölkələr arasında xüsusilə seçilir. Düzdür, mən öz əl işlərimdə dünya nümunələrinə də müraciət etmişəm. Yaradıcılıq əsərlərimin arasında ərəblərə, ingilislərə, ispanlara, hindlilərə  məxsus xəncərlər var. Onların silah nümunələrinə müraciət edib, onlardan da yaxşı əl işləri düzəltmişəm. Ancaq öz ornamentlərimiz fərqlidir və bu baxımdan onlardan istifadə etmişəm.

- Mübariz bəy, siz eyni zamanda bir sıra Azərbaycan filmləri üçün də silahlar hazırlamısınız. Bu haqda bizə məlumat verə bilərsinizmi?

- 2009-cu ildə rejissor Rövşən Almuradlı tərəfindən tarixi dram  janrında ekranlaşdırılan “Cavad xan” filminin rəssamı mən oldum.  O, filmdə istifadə olunan dəbilqələri, eləcə də Cavad xanın və Sisianovun qılıncını, xanın zirehli geyimini qısa müddətə hazırlamışam. Filmdə Cavad xan deyir ki, “mən axırıncı döyüşümdə dədə-baba paltarı və qılıncıyla vuruşacam”. Həmin qılıncı düzəltdim. Əslində çox filmlərə dəvət aldım, amma təəssüflər olsun ki, həmin filmlər yarımçıq qaldı. Hələ ki bir xəbər yoxdur. Azərbaycanda bu sənətlə məşğul olan başqa adam olmadığı üçün mənə tez-tez müraciətlər olur. Hazırda bu istiqamətdə müəyyən danışıqlar da var.

- Əl işlərinizdə daha çox hansı metallardan istifadə edirsiniz?

- Əsasən gümüş, polad, qızıl, latundan istifadə edirəm. Bilirsiniz, silahların düzəldilməsində əsas rolu metal oynayır. Azərbaycan poladı isə keyfiyyətinə görə zaman-zaman birinci yerdə olub. İndi demək olar ki, bu poladdan qalmayıb. Bu baxımdan həddindən çox çətinlik çəkirəm.  Azərbaycan poladı üç adla məşhurlaşıb. Birincisi “Qırx nərdivan” adlanıb.  Bu poladdan qılınc düzəldənin adı Əsədulla İsfahani olub. Çox təəssüf ki, həmin poladdan cəmi üç tiyə qalıb: Tiflisdə, Sankt-Peterburqda, o birisi isə Dağıstandadır. İkinci yerdə polad tabundur. Bu, türk poladı olub. Üçüncü yerdə hind, dördüncü isə Dəməşq poladıdır.

- Bu sənətlə məşğul olmaq üçün Gəncədə emalatxananız varmı?

- Təəssüf ki, yoxdur. Həmişə deyirəm, əgər emalatxanam olsaydı və azı beş uşaq götürüb öyrətsəydim, bu sənət ölməzdi. Beş uşaq beş ev saxlayardı. Lakin elə bir şəraitim yoxdur.

- Bəs metalişləməni öyrənmək üçün sizə müraciət edənlər olub?

- İndiyə qədər də müraciət edənlər var və deyim ki, çoxdur. Amma dediyim kimi şərait yoxdur. Buna baxmayaraq, şagirdlərim olub. Lakin onlar burada deyillər. Türkiyə, Şimali Qafqaz, Rusiya kimi ölkələrə gedib, orada işləyirlər.

- Şagirdləriniz xarici ölkələrə gedib. Bəs siz nə zamnsa digər ölkələrdə işləməyi düşünmüsünüzmü?

- Burada işim yaxşıdır. Həm də gəncəlilərdə torpağa bağlılıq var. Mən bir həftədir Bakıdayam, amma hələ buranın havasına öyrəşə bilmirəm. Gəncə fərqlidir, sanki adamı çəkir. Oranın suyu, yeməyi bir başqadır. Amma bilmirəm, burada qalmağım, yoxsa xaricdə qalıb işləməyim daha yaxşı olardı.

- “Kaş filan ölkədə qalıb işləsəydim”, dediyiniz anlar olubmu?

- Türkiyədə çalışmaq istəyərdim. Orada bu sənətin davamçıları yoxdur. Bu baxımdan mənə təklif etmişdilər ki, Türkiyədə qalım və  müəllim kimi çalışım. Amma bəxt elə gətirdi ki, getmədim.  Açığı, burada işləmək çox çətindir. Material tapmaq problemim var. Eyni zamanda, materiallar kifayət qədər bahadır. Rəssam da dolanmaq üçün gərək öz işlərini satsın. Bu işlər həm nadir, həm də bahalıdır. Bunu da hər adam ala bilmir. Digər tərəfdən əl işləri xalq sərvəti sayıldığı üçün xaricə satılmasına icazə verilmir. Ancaq yerli əhali bunu ala bilər.

- Bəs siz əl işlərinizi satırsınız?

- Elə əl işləri var ki, onlar 8-9 aya başa gəlir. Buna görə də adam öz əsərlərini övladı qədər sevir Bilirsiniz, mən bəzi işlərimi satıram. Ancaq yaxşı olardı ki, bu işləri dövlət alsın. Qafqaz bölgəsində metalişləmə sənəti ilə əlaqədar bir dənə də muzey yoxdur. Keçən il mənim Xalça muzeyində sərgim oldu. Orada iştirak etmək istəyən biletlərə 7 manat verməli idi. Turistlər, yerli əhali mənim əl işlərimə baxırdılar. Bu baxımdan dövlət tərəfindən  bir muzey yaradılsa, işlərimizi ora təqdim etsək, yaxşı olardı. Həm də  belə olan halda sənət ölməzdi. Mənim də yaşım az deyil, 63 yaşım var. Gözlərim zəifdir, çox yoruluram. Bu sənəti insanlara öyrətmək lazımdır ki, itib batmasın. 

- Sənətdən əldə etdiyiniz qazancdan razısınızmı?

- Xeyr. Buna görə də bu sahəyə dövlət yardım etməli, qayğı olmalıdır. Ayrı-ayrı imkanlı, tanınmış adamlar məndən əl işlərimi alırlar. Lakin söhbət  bütün əl işlərini toplaya biləcəyimiz muzeydən gedir. Onsuz da yaradılan sənət nümunələri nə vaxtsa, muzeylərə qoyulacaq. 

- Tanınmış adamlar dediniz. Əl işləriniz  hansı tanınmışlara hədiyyə edilib və ya kimlər alıb?

- Əsərlərim Türkiyənin sabiq prezidenti Abdulla Gülə, Ukraynanın keçmiş dövlət başçısı Leonid Kuçmaya, Tatarıstan prezidenti Mintimer Şaymıyevə və başqa tanınmış şəxsələrə hədiyyə edilib.

- Əl işləriniz arasında fərqləndirdiyiniz, sizə daha doğma olan varmı?

- Əgər bir rəssam öz işindən razı qalırsa, o, inkişaf edə bilməz. Mən hər işimdə səhv axtarıram və onları təkrar etmək istəmirəm. Bu səbəbdən yeni əsərlər ortaya çıxır. Əlbəttə axırıncı işlərim əvvəlkilərdən daha yaxşı olur. Lakin bütün əsərlərim mənə doğmadır.

- Necə düşünürsünüz, metalişləmə sənəti ilə qadınlar da məşğul ola bilərmi?

- Baxır tiyələrin düzəldilməsinə. Ola bilər qadınlar üçün bu, çətin olsun.

- Mübariz bəy, metalişləmədən əlavə hər hansı rəsm əsərləriniz varmı?

- Dediyim kimi mən rəngkarlığı qurtarmışam. Buna görə rəsm əsərlərim də çoxdur. Bilirsiniz, əvvəllər metalişləmə sənətinə hobbi kimi baxırdım. Amma xalq rəssamı Lətif Kərimov bu sahədə çalışmağımı məsləhət gördü. Yəni sonradan bu sənətə gəlmişəm. Lakin mənim kompozisiyalarım, portretlərim də var.

- Ailənizdə bu sənətə marağı olan varmı?

- Xeyr. Bu, çox çətin sənətdir və heç kəs yaxın gəlmir. Metalişləmə vaxt və vəsait tələb edir. Ona görə də hər adamın buna marağı yoxdur. Amma bir azərbaycanlı kimi sənətin yaşamasını və davamçılarımın olmasını istəyərəm. Əgər Bakıda olsaydım, bu istiqamətdə nələrsə edə bilərdim. 

- Bəs sizə müəllim kimi işləmək üçün təkliflər gəlibmi?

- Əvvəllər olmuşdu. Amma mən Gəncədə qalıram, bura gələ bilmərəm. Gərək  Bakıda evim, şəraitim olsun ki, bura gələ bilim.

- Bizə ailəniz haqqında da məlumat verə bilərsiniz?

- Həyat yoldaşım həkimdir. İki övladım var: bir oğlan və bir qız. Həmçinin iki nəvəm var. 



Xəbəri paylaş

643 dəfə oxunub.

Digər xəbərlər