Saytımızı qiymətləndirin


 
 

Maliyyə dəstəyi alan sahibkarlar ölkə başçısına təşəkkürünü və problemlərini çatdırıb - RƏYLƏR - RƏYLƏR
Tarix: 17-04-2020 | Saat: 17:41
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

 

Prezident İlham Əliyevin "Koronavirus pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında" Sərəncamına əsasən, iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən sahibkarlığa dövlət dəstəyinin göstərilməsi ilə bağlı proqramların hazırlanmasını və icra edilməsini biznes ictimaiyyəti böyük razılıqla qarşılayıb.

Qarabaginfo.az xəbər verir ki, ölkədə fəaliyyət göstərən sahibkarlardan bir neçəsi "Report"a verdikləri açıqlamada dövlətin göstərdiyi dəstək barədə öz təəssüratlarını bildiriblər:

Halil Ziya Zaimoğlu, "TÜRKAZ ÇINQIL" MMC-nin direktoru:

"Pandemiya şəraitində əhalinin sağlamlığının və eləcə də təhlükəsizliyinin qorunması üçün iqtisadiyyatın bir sıra sahələrində xüsusi iş rejiminin tətbiqi və əhalinin sosial təcrid olunması şəraitində Azərbaycan dövləti iqtisadiyyatda baş verə biləcək neqativ tendensiyaları qarşılamaq üçün sahibkarlığa dəstək tədbirlərini gücləndirir.

Hökumət sağlam, dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşmasına çalışır. Bu iqtisadiyyat dövlətin qanunlarına riayət edən, şəffaf fəaliyyət göstərən, vergilərini ödəyən, işçilərinin sosial müdafiəsini təmin edən, işçiləri əmək müqaviləsi ilə işə cəlb edən sahibkarlıq subyektlərindən ibarətdir. Nəhayət, bu iqtisadiyyatı çətin gündə dövlətinə söykənmək üçün mənəvi haqqı olan, başqa sözlə, fəaliyyətində yüksək sosial korporativ məsuliyyət hissini və hərəkətlərini həyata keçirən sahibkarlar təşkil edir.

Biz də dövlətimizin prinsiplərinə sadiqik. Dövlətimiz sahibkarları korporativ sosial məsuliyyət prinsiplərinə uyğun olaraq iş yerlərini ixtisar etməməyə çağırdı. Koronavirusa qarşı mübarizə sahibkarların korporativ sosial məsuliyyət prinsiplərinə əməl etməsini, bütövlükdə həmrəylik nümayiş etdirməsini zəruri edib. Belə həssas dövrdə, sahibkarların sosial öhdəliklərinin qarşılanması çox vacibdir. Biz də dövlətimizin bu qayğısından yararlandıq".

Orxan Əmirxanov, "Azkord" MMC-nin rəhbəri: 

"Bütün dünyanı bürüyən pandemiyanın milli iqtisadiyyata və insanların gündəlik sosial-iqtisadi həyatına göstərdiyi təsirlər müqabilində yaranmış vəziyyətə Azərbaycan hökumətinin çevik reaksiyası təqdirəlayiqdir. Karantin rejiminin tətbiqi və sosial izolyasiya tədbirləri zəruri addım olaraq atılıb.

İndi bütün dünyada iqtisadi artım templəri səngiyib. Dünya ölkələrində iqtisadi və maliyyə böhranı müşahidə edilir. Bu proseslər Azərbaycan iqtisadiyyatına da öz təsirlərini göstərməkdədir. Pandemiyanın ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı ölkə Prezidentinin Sərəncamı tam vaxtında atılmış addım oldu.

Azərbaycan hökuməti iqtisadiyyatı, sahibkarlıq subyektlərini böhran şəraitində qorumaq və onun mənfi təsirlərini minimuma endirmək məqsədilə maddi dəstək verir, məşğulluğun qorunmasına, iqtisadi artımı yenidən bərpa etmək üçün müəssisələrin, sahibkarlarların ayaqda qalmasına çalışır.

Dövlət başçısının sahibkarlara dəstəyindən yararlanan bir şirkət olaraq sahibkarlara göstərilən dəstəyə görə ölkə başçısına və hökumətimizə təşəkkür edirik".

Elşad Məmmədli, "Office Lines" MMC-nin direktoru: 

"Koronavirus (COVID-19) pandemiyası və dünya enerji bazarlarındakı qeyri- sabitlik ölkəmizin iqtisadiyyatına da öz təsirini göstərməyə başlamışdır. Bu təsirin azaldılması məqsədilə İqtisadiyyat Nazirliyinin hazırladığı tədbirlər paketinin martın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məruzə edilməsi bizi çox sevindirdi və ümidləndirdi.

"Office Lines" MMC 20 ildir ölkə bazarında iş yeri ləvazimatlarının topdan satışı üzrə korporativ təchizat fəaliyyəti ilə məşğuldur. Yüzlərlə korporativ müştəri, o cümlədən bir çox dövlət müəssisələri ilə bağladığımız müqavilələr əsasında əməkdaşlıq edirik. Son illərdə ölkədə iqtisadiyyatın şəffaflaşdırılması sahəsindəki islahatlar xüsusilə biznes mühitinin sağlamlaşdırılması və ədalətli rəqabət mühitinin genişləndirilməsi bizim kimi şirkətlər üçün çox böyük motivasiya olmuşdur. Xüsusilə əmək münasibətlərinin rəsmiləşdirilməsi üzrə özümüzü nümunəvi vergi ödəyicisi hesab edirik: əməkdaşlarımız 100 faiz rəsmi əmək münasibətləri (94 faiz əmək müqaviləsi, 6 faiz xidmət müqaviləsi) əsasında çalışır və əməkhaqqını 100 faiz rəsmi alır.

Koronavirus pandemiyasının yayılmasının qarşısının alınması ilə bağlı görülən zəruri tədbirlər nəticəsində ölkə iqtisadiyyatının bir çox sahələrində olduğu kimi bizim şirkətin fəliyyətində də çətinlik yaratmışdır. Satışlarımız 90 faiz azalmışdır. Bir çox müştərilərimiz fəaliyyətini ya tam dayandırıb, ya da evdən işləmək rejiminə keçiblər. Yüzlərlə debitorumuz ödənişləri gecikdirir və bu səbəblə ciddi likvidlik problemi yaşayırıq. Bu isə kreditorlarımız qarşısında öhdəliklərimizi yerinə yetirməyə, həmçinin əməkdaşlarımızın əməkhaqqını ödəməyə problem yaradır. Mart ayının maaşlarını tam ödəyə bilsək də, aprel ayı üçün ciddi problemlə üzləşəcəyimiz qaçılmazdır.

Aprelin 8-də maliyyə dəstəyi üçün müraciət etdik və beş gün ərzində - aprelin 13-də maliyyə dəstəyi vəsaiti hesabımıza köçürüldü. Bu dəstək, eləcə də işsiz vətəndaşlarımız, fərdi sahibkarlar üçün nəzərdə tutulan yardım Azərbaycan dövlətinin gücünü göstərir. Bir məqamı xüsusi qeyd etməyi vacib hesab edirəm: hökumətimizin, xüsusilə İqtisadiyyat Nazirliyinin göstərdiyi peşəkarlıq, çeviklik təqdir edilməlidir. Daha bir vacib məqam isə hakimiyyət vertikalında çevik məlumat dövriyyəsi, qərarların sürətli alınmasıdır. Prezident mart ayının 19-da müvafiq sərəncam imzaladı, 10 gün ərzində tədbirlər planının hazırlanması tamamlandı martın 31-də ölkə başçısına təqdim edildi. Bundan dörd gün sonra Nazirlər Kabinetinin tədbirlər planı təsdiqləndi, qısa müddətdə maliyyə dəstəyi üçün müraciət qaydaları hazırlandı və ictimaiyyətə elan edildi.

Müraciətlərə də operativ reaksiya verilir. Bizim şirkət yardım üçün müraciət edəndən sonra beş gün ərzində ilk köçürmədə dəstək aldı".

Bəşir Yusifov, "Forella" MMC-nin maliyyə direktoru:

"Pandemiyanın mənfi təsirini hiss edən sahələrdən biri də mebel sektorudur. Əsas çətinliyimiz mebel mağazalarının bağlanması və satışın, demək olar ki, sıfıra düşməsi ilə bağlıdır. Onlayn satış mebel sektoru üçün o qədər praktik deyil və bizim ölkədə geniş yayılmamışdır. Karantin müddəti uzandıqca istehsal gücü get-gedə azaldılmağa davam edir, artıq anbarlar məhsullarla doludur.

Koronavirusa görə mebel ixracı da dayanıb. ABŞ, Qırğızıstan, Gürcüstan, Rusiya ilə ixracla bağlı müqavilələrimiz var. İndi bütün ölkələr karantin rejimindədir. Tələbat azaldığı üçün, təbii ki, biz də istehsalı müəyyən qədər azaltmışıq. Lakin, işlərimiz azalsa da, işçiləri ixtisar etməmişik, onların hər biri ilə görüşüb söhbət apararaq, dövlət dəstəyinin mahiyyətini onlara izah etmişik. İşçilərdə əminlik yaratmışıq ki, heç bir işçi iş yerini itirməyəcək.

Nazirlər Kabinetinin müəyyənləşdirdiyi tədbirlər planı ölkədə biznesin davam etməsi və gələcək inkişafı üçün etibarlı stimul yaradır. Həmişəki kimi, bu çətin günlərdə də vətəndaşların yanında olan, iş adamlarının qayğılarını nəzərə alan dövlətimizə və dövlətimizin başçısına arxalanırıq".

Adil Quliyev, "Masal-944" MMC-nin direktoru: 

"Dövlət tərəfindən həyata keçirilən proqramlar pandemiyadan zərər çəkmiş sahələrdə çalışan minlərlə muzdlu işçinin əməkhaqqının ödənilməsi üçün böyük maliyyə dəstəyi təmin edir.

Ölkədə xüsusi karantin rejimi elan olunduğuna görə rəhbəri olduğum müəssisənin və orada çalışan işçilərin karantin rejiminə uyğun olaraq fəaliyyəti tam dayandırılıb. Buna baxmayaraq, ölkə rəhbərinin çağırışına qoşularaq işçilərimizin iş yerlərini və aylıq əməkhaqqını tam saxlamışıq.

Müəssisəmiz, əsasən ofis ləvazimatlarının, məktəb və uşaq baxçası üçün mebel və avadanlıqların satışı ilə məşğul olur. Bu fəaliyyət növü də koronavirus pandemiyasından zərər çəkmiş sahəyə aid olduğu üçün işçilərə əməkhaqqının ödənilməsinə görə dövlət tərəfindən bizə maliyyə yardımı göstərilib və işçilərin əməkhaqqı tam ödənilib.

Buna görə dövlət başçısına bir sahibkar kimi öz adımdan, işçilərimiz və onların ailə üzvləri adından minnətdarlığımı bildirirəm".

Şəlalə Xəlilova, “Evro İnşaat” MMC-nin baş mühasibi:
“Pandemiyadan zərər çəkmiş müəsisələr sırasında bizim müəssisəmiz də var idi. Müəssisəmiz inşaat sektorunda fəaliyyət göstərir. Boya istehsalatı ilə məşğul oluruq. Pandemiya ilə əlaqədar  zərərin olmasına baxmayaraq ölkə başçısının təşəbbüsünə qoşulub heç bir işçimizin fəaliyyətinə xitam verməmişik. Məlum olduğu kimi, pandemiyadan zərər çəkən sahibkarlara maliyyə yardımının göstərilməsinə başlanılıb. Biz də bu yardımdan bəhrələnmişik. Yardımı çox asanlıqla əldə etdik. İqtisadiyyat Nazirliyinin əmək haqlarının ödənilməsi üçün maliyyə dəstəyi proqramı əsasında bank hesabımıza 11 605,4 manat vəsait daxil oldu. Alınan yardım əmək haqqı fonduna sərf edildi və 59 işçi arasında bölündü.Biz şirkət olaraq daim dövlətimizin qayğısını hiss etmişik. Bu gün də şirkətimizin ağır bir dönəmində dövlətimiz yardımını əsirgəmədi. Müəssisəmizin adından dövlət başçısına minnətdarlığımı bildirirəm”.

Elşad Eyyubov, "Qəbələnd" MMC-nin maliyyə meceneri:

“Müəssisəmiz xidmət sahəsində fəaliyyət göstərir. Koronavirusun yayılması ilə əlaqədar turistlərin əyləncə mərkəzinə gəlib-getməsi dayandırılıb. Mart ayının 20-sindən etibarən “Qəbələ” əylənə mərkəzi işləmir. Hadisələrin bu cür gedişatı bizim fəaliyyətimizə mənfi təsir göstərmişdi.Buna baxmayaraq heç bir işçi ixtisar etməmişik. Dövlət tərəfindən göstərilən dəstəyi çox müsbət qarşılayırıq. 123 nəfər işçimiz var. Maliyyə dəstəyi olaraq şirkətimizə 32 943 manat vəsait köçürülüb. Bu məbləğin hamısı əmək haqqı fonduna yönəldilib”.



Xəbəri paylaş

439 dəfə oxunub.

Digər xəbərlər