Saytımızı qiymətləndirin


 
 

Hüquq müdafiəçisi: “Son 20 ildə Azərbaycandakı cəzaçəkmə müəssisələrində ölüm halları 60 dəfə azalıb
Tarix: 16-11-2017 | Saat: 18:06
Bölmə:Karusel / Sosial | çapa göndər

 

REPORT.AZ Gələn həftə, noyabrın 22-də Azərbaycanın ədliyyə işçiləri peşə bayramını qeyd edəcək.

“Report” xatırladır ki, 1918-ci il 22 noyabr tarixində Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının qərarı ilə ADR Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiqlənib.

Azərbaycan Prezidentinin 2000-ci il 11 noyabr tarixli qərarı ilə hər il 22 noyabr Ədliyyə işçilərinin peşə bayramı kimi qeyd olunur.

Azərbaycan Ədliyyə Nazirliyinin tərkibində fəaliyyət göstərən böyük qurumlardan biri də Penitensiar xidmətdir. Penitensiar xidmət Nazirliyin baş idarə səlahiyyətli müstəqil struktur qurumudur.

Penitensiar xidmət öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

Bu il oktyabrın 23-də baş vermiş gözlənilməz hadisəni (söhbət Bakı-Astara-Bakı qatarından iki məhbusun qaçmasından gedir) çıxmaq şərtilə, Xidmət ümumilikdə ciddi qüsur olmadan fəaliyyət göstərib. “Report”un əldə etdiyi məlumata görə, bu ilin ötən dövründə 100 min məhbus qüsursuz şəkildə müxtəlif ərazilərə daşınıb.

 İctimai Komitənin üzvü Əliməmməd Nuriyev

Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətə Nəzarət üzrə İctimai Komitənin üzvü, hüquq müdafiəçisi Əliməmməd Nuriyev “Report”a bildirib ki, Nazirliyin sturkturu olan Penitensiar xidmətin fəaliyyətində ildən-ilə dinamiklik müşahidə olunur və eyni zamanda çox əhəmiyyətli dəyişikliklər baş verir: “Buraya həm məhkumların yaşayış səviyyəsi ilə bağlı, eyni zamanda məhkumlara münasibətdə, onların qida ilə təmin edilməsi, səhiyyə xidmətlərinə çıxışla bağlı, ətraf mühitlə əlaqələri ilə bağlı, onların davranışları ilə bağlı məsələlərdə, həmçinin texniki və peşə təhsili almaları ilə bağlı əhəmiyyətli addımlar atılmaqdadır. Eyni zamanda məhkumların azadlığa hazırlanması prosesi istiqamətində və digər qurumlarla sıx koordinasiyalı şəkildə fəaliyyətlər genişləndirilir. Xüsusilə 1997-ci ildən başlayaraq məhkumlar arasında vərəmin səviyyəsi və vərəmdən ölüm hallarının səviyyəsi bu günə qədər 100 dəfə azalıb. Bütövlükdə ölüm halları 60 dəfə azalıb. Bu həm də yeni şəraitin yaranması ilə əlaqədardır. Digər tərəfdən, məhkumlarla personal arasında yeni münasibət sistemi yaranmaqdadır. Penitensiar xidmətin idarə olunmasında büdcə dəyişiklikləri baş verir. Son 1 il ərzində çörəyin keyfiyyətində əhəmiyyətli dərəcədə dəyişikliklər baş verib. Həm ölkə daxilində, həm də ölkədən kənarda Penitensiar xidmət üçün kadrlar hazırlanır.

Həmçinin burada psixoloji xidmətin genişlənməsi prosesi gedir. Əvvəllər cəzaçəkmə müəssisələrində psixoloqlar çatışmırdı, indi, demək olar ki, bütün cəzaçəkmə müəssisələrində psixoloqlar xidmət göstərir. Cəzaçəkmə müəssisələrinin daxilində məhkumların bir-biri ilə münasibətində xeyli pozitiv dəyişikliklər yaranmaqdadır. Əvvəllər cəzaçəkmə müəssisələrinə narkotik maddələrin keçirilməsi ilə bağlı məlumatlar olurdu, lakin indi belə halların qarşısı alınır. Eyni zamanda telefon aparatlarının keçirilməsi ilə bağlı təşəbbüslərin də qarşısı alınıb”.

Ə.Nuriyev xatırladıb ki, Penitensiar xidmətdə bəzi işçilər qanunsuz hərəkətlərə yol verdikləri üçün işdən azad edilib. Bəzilərinin isə barəsində intizam tədbirləri görülüb. Cəzaçəkmə müəssisələrində sıxlığın azaldılması müşahidə olunur. Ədliyyə naziri Fikrət Məmmədovun birbaşa təşəbbüsü ilə vaxtından əvvəl şərti azadetmə institutunun son 4 ildə daha geniş miqyasda tətbiqi prosesi başlanılıb. Son 4 il ərzində 7 minə yaxın şəxs vaxtından əvvəl şərti olaraq cəza alıb və azadlığa buraxılıb. Yaxud onların rejim növü dəyişdirilib və daha yüngül məntəqə tipli cəzaçəkmə müəssisələrinə köçürülüb. Bu, çox böyük bir nailiyyətdir. Bu, əslində, məhkumların idarəetməsinə mühüm bir töhfədir.

Bundan başqa, cəzaçəkmə müəssisələrində məhbusların ziyalılar, din xadimləri ilə görüşləri olur. Həmçinin idman xarakterli tədbirlər keçirilir. Məhkumların əl əməyinin sərgiləri olur.

Əvvəllər Pentensiar Xidmətdə Nəzarət üzrə İctimai Komitə var idisə, hazırda bütövlükdə Ədliyyə Nazirliyinin yanında İctimai Komitə yaradılıb. Əslində, bu gün ədliyyə orqanları Azərbaycan dövlətinin sütunlarından biridir. Ədliyyə orqanları genişmiqyasalı işlər həyata keçirir. Məhkəmə qərarlarının icrasında çox pozitiv irəliləyişlər davam etməkdədir.

Əlbəttə, iş olan yerdə müəyyən qüsurlar da ola bilər. Əsas məsələ bu problemlərin qarşısını almaq və vaxtında onları aradan qaldırmaqdır. Bununla bağlı xüsusi tədbirlər görülür. Ədliyyə orqanlarında fəaliyyət bütövlükdə həm qanunvericiliyin tələblərinə uyğun olur, həm də qanunvericiliyin tələblərindən kənara çıxdıqda ona qarşı sərt tədbirlər görülür”.



Xəbəri paylaş

641 dəfə oxunub.

Digər xəbərlər