Bakıda hotel otağında özündən 8 yaş kiçik sevgilisini öldürməkdə təqsirləndirilən 1987-ci il təvəllüdlü Günel Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam edib.

"Qarabaginfo" Open.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

İttihamda göstərilib ki, G. Hüseynova sevgilisini onunla rəsmi nikaha girmədiyi üçün qətlə yetirib. G. Hüseynova özünü qismən təqsirli bilib.

Prosesdə polis mayoru Müşviq Cabbarov dindirilib. O qeyd edib ki, sahə inspektoru olduğu üçün hadisə yerinə gedib: "Gördüm hər tərəf qan içindədi. Pəncərələr sınıb, oğlan isə artıq ölmüşdü. Qız mənə dedi ki, Vüqarla bacısının vasitəsilə tanış olublar. 1 il müddətinə sevgili olublar. Ancaq sonradan oğlan onun bakirəliyini pozub. Qız da ona deyib ki, məni al, oğlan imtina edib, başqası ilə evlənəcəyini deyib. Bu danışıq qızın xoşuna gəlməyib və onu öldürüb".

Polis əməkdaşı Ülvi Mirzəzadə hadisə vaxtı hoteldə olduğunu deyib. O qeyd edib ki, qışqırtı səsinə gəlib, otağın qapısını sındırıb: "İçəri girəndə gördüm ki, hər ikisi çılpaq vəziyyətdədir, oğlan da qan içindədir. Mən içəri girəndə artıq 33 bıçaq vurmuşdu. Şok vəziyyətində idi, məni eşitmirdi. Sonradan bıçağı yerə qoyub əynini geyindi. Amma tez-tez bizə yalvarırdı, deyirdi ki, mən onu sevirəm, ölməsin".

Proses gələn həftə davam edəcək.

Qeyd edək ki, qətl hadisəsi ötən il iyunun 25-də, gecə saatlarında Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən “Qrand” hoteldə baş verib. Həmin ərazidə Sabunçu rayon sakini G.Hüseynova sevgilisi, 1993-cü il təvəllüdlü Vüqar Atakişiyev ilə hotelin ikinci mərtəbəsindəki otağı kirayələyib. Hoteldə gecələyən zaman tərəflər arasında mübahisə düşüb. Bu zaman qadın bıçaqla oğlanın boğazına, ardınca isə qoltuq nahiyəsinə bir neçə zərbə vurub. V.Atakişiyev boğazından dəyən zərbədən sonra huşunu itirərək yerə yıxılıb və hadisə yerində keçinib. Məlumata görə, G.Hüseynovanın V.Atakişiyevlə bir neçə il sevgi münasibətləri olub.