Saytımızı qiymətləndirin


 
 

Cinayətlərin, inzibati xətaların qarşısı necə alına bilər?  - MƏQALƏ
Tarix: 01-02-2019 | Saat: 16:54
Bölmə:Karusel / Gündəm | çapa göndər

Daxili İşlər Nazirliyinin "Facebook" səhifəsində "Cinayətlərin, inzibati xətaların qarşısı necə alına bilər?" adlı məqalə dərc olunub.

"Qarabaginfo" həmin məqaləni təqdim edir:

"Polis həmişə hər yerdə ola bilməz, yaxud ola bilmir. Cəmiyyətin hər bir üzvünün ətrafda baş verən hadisələrə münasibətdə diqqətli olması şərtdir. Bütün dünyada cinayətkarlığın profilaktikasında praktik təcrübəyə əsaslanan nəzəriyyələr mövcuddur. Və bu nəzəriyyələrin hamısı deyir ki, cəmiyyət polislə birgə olmalıdır. Bu barədə ABŞ-ın Nebraska Universitetinin professoru, cinayət və cinayətkarlığının mahiyyəti və onun qarşısının alınması üzrə ekspert Reena Roynin fikirləri və nəzəri tövsiyələri maraq doğurur.

O, mühazirələrinin birində vurğulayıb ki, cinayətin qarşısını almaq, xüsusilə böyük ictimai təhlükəli əməllərə qarşı əsas qabaqlayıcı tədbir vətəndaş-polis münasibətlərinin yüksək olmasıdır. Cinayətə meyilli adamlar hər yerdə var, ölkələrə görə bunun forma və metodları fərqli olsa da məqsəd eynidir: tamah, psixoloji problemlər, eqoizm insanları cinayətə vadar edir.

Beynəlxalq Səhiyyə Təşkilatınn 2004-cü ildə dünyada keçirdiyi “insanların psixoloji vəziyyəti”nin öyrənilməsinə dair sorğusunun nəticələrinə görə, dünya əhalisinin 68 faizinin psixoloji problemləri var. Bu hesabatı araşdıran kriminal ekspertlər bu qənaətə gəlir ki, cinayət və cinayətkarlığa, ictimai təhlükəli əməllərə meyilli insanlar coğrafiyadan asılı olmayaraq, dünya ölkələri üçün xarakterikdir. Daha irəli gedən başqa bir ekspert hesab edir ki, polis cəmiyyətdə sözügedən 68 faizi nəzarətdə saxlamalıdır ki, 32 faiz insanın hüquq və azadlıqları pozulmasın...

Professor Reena Roynin fikirlərini nəzərdən keçirərkən Polis Akademiyasının “Cinayət hüququ” kafedrasının baş müəllimi, hüquq üzrə fəlsəfə doktoru, polis polkovniki Rəsul Rüstəmovun mühazirələrinin birində söylədiyi fikirlər diqqət çəkir. O, kursant və dinləyicilər üçün daha sadə riyazi hesablamalar aparmaqla qeyd edir ki, cinayətkarlığın profilaktikasında polis zabitinə təhkim olunan hər bir inzibati ərazidə əhalinin sayını 100 nəfər fərqlə qruplaşdırın: “İnzibati ərazidə olan azyaşlıları, qadınları, qocaları, ziyalıları, əlilləri risk qrupundan çıxmaqla yerdə qalanların üzərində nəzarəti artırıb, profilaktiki işin dairəsini konkretləşdirmək olar. Hər bir inzibati ərazi üzrə ümumi hesablamalara görə, orta hesabla 150-200 nəfər risk qrupuna daxil olan insan var. Onlarla işin təşkili və qurulması, ünsiyyətin - canlı təmasın yaradılması mütləq səmərə verə bilər.”

Göründüyü kimi qarşılıqlı olaraq, ekspertlərin ABŞ, Avropa dəyərləri çərçivəsində mövqeyi, fərqli metodoloji baxışlar var. Profilaktiki işin təhlilləri göstərir ki, ölkəmizdə polis sahə rəisləri institutları yaradılıb, müvafiq sayda inzibati ərazi üzrə sahə müvəkilləri – polis zabitləri fəaliyyət göstərir.

Bu məsələ ilə bağlı Bakı şəhər BPİ-nin yanvarın 22-də keçirilən əməliyyat müşavirəsində daxili işlər naziri, general-polkovnik Ramil Usubov polis sahə rəislərinin fəaliyyətinin əhəmiyyətini nəzərdən keçirərkən diqqətə çatdırıb ki, yerlərdə polis-vətəndaş münasibətlərinin daha da dərinləşməsi və möhkəmlənməsi zəruridir. Burada əsas məqsədin cəmiyyətin sağlamlığını, mülkiyyətini qorumaq olduğunu xüsusi vurğulayan nazir bildirib ki, bu istiqamətdə dövlət tərəfindən sahə rəislərinə qanunla verilən xüsusi səlahiyyətlərin hər biri ictimai təhlükəli əmələ münasibətini ifadə edir".



Xəbəri paylaş

512 dəfə oxunub.

Digər xəbərlər