Saytımızı qiymətləndirin


 
 

Türkiyə Ermənistanla sərhədləri açır? - Azərbaycan artıq etiraz etmir
Tarix: 03-09-2021 | Saat: 10:44
Bölmə:Karusel / Siyasət | çapa göndər

Türkiyə Ermənistanla sərhədləri açır? - Azərbaycan artıq etiraz etmir

Uzun müddətdir diplomatik əlaqələr olmadan, az qala 30 ildir bağlı sərhədlər arxasında yaşayan iki qonşu ölkə - Türkiyə və Ermənistan əlaqələrin normallaşdırılmasını istədiklərinə işarə edirlər.

Türkiyə təyyarələri Bakıya Ermənistan üzərindən uçmağa başlayıb, təhlilçilərə görə, bu artıq iki ölkə arasında münasibətlərin normallaşmasına doğru müsbət əlamət sayıla bilər.

Ermənistanın yenidən seçilmiş Baş naziri Nikol Paşinyan Türkiyə ilə "heç bir şərt olmadan" barışığa hazır olduğunu bildirib, Türkiyə Prezidenti Recep Tayyip Erdoğan isə deyib ki, əgər Yerevan bu addımı atmağa hazırdırsa, Ankara Ermənistan hökuməti ilə "münasibətləri tədricən normallaşdırmaq üçün işə başlaya bilər".

Rəsmi Bakı bu bəyanatlarla bağlı heç bir reaksiya verməyib və təhlilçilər deyir ki, Azərbaycan 2-ci Qarabağ Müharibəsində qalib gəldiyi üçün və torpaqlarının əhəmiyyətli hissəsini geri qaytardığı üçün Ermənistan və Türkiyə arasında münasibətlərin istiləşməsinə soyuq baxmır.

Ermənistanla Türkiyə arasında sərhəd 1993-cü ildə Türkiyə tərəfinin təşəbbüsü ilə, Azǝrbaycan ǝrazilǝrinin Ermǝnistan tǝrǝfindǝn işğalına etiraz olaraq bağlanıb.

Ölkələr arasında erməni tərəfinin "soyqırım" kimi tanınmasına çalışdığı 1915-ci il Osmanlı Türkiyə hadisələri ilə bağlı ziddiyyǝt dǝ var, lakin Aljazeera.com saytındakı məqaləyə görə, qarşılıqlı əlaqələrdə bütün problemlərə baxmayaraq iki ölkənin yaxınlaşması üçün müəyyən zəmin yaranıb.

"Türkiyə ilə Ermənistan arasında soyuq münasibətlər əriyirmi?" başlıqlı məqalədə deyilir ki, Ermənistanın iqtisadi təcridi aradan qaldırmağa çalışdığı və Türkiyənin regional iqtisadi güc kimi zəifləməsinə qarşı mübarizə apardığı bir vaxtda "köhnə düşmənçiliyin" əriməsi üçün "stimullar yaranıb".

Bu, 1993-cü ildən bəri diplomatik əlaqələri kəsilən ölkələr arasında ilk yaxınlaşma cəhdi deyil. 2009-cu ildə Sürixdə görüşən Türkiyə və Ermənistan xarici işlər nazirləri hətta diplomatik əlaqələrin qurulması haqqında protokollara da imza atdılar. Lakin əlaqələrin normallaşması prosesini başa çatdırmaq mümkün olmadı.

Təhlilçilərə görə, indi bu proses üçün müəyyən siyasi mühitin yaranması barədə kövrək əlamətlər nəzərə çarpır. Belə ki, uzun müddət ərzində Azərbaycanı dəstəkləyən Türkiyənin Ermənistana dair siyasəti məhdud olub. Lakin 2-ci Qarabağ müharibəsinə son qoyan üçtərəfli razılaşma bu vəziyyəti dəyişib. (BBC Azərbaycanca)

"1990-cı illərin əvvəllərində münasibətlərə ən böyük maneələrdən biri Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanın Ankara ilə Yerevan arasında hər hansı yaxınlaşmaya sərt müqavimət idi. Ermənistanın məğlubiyyətindən sonra status-kvo dəyişib, Azərbaycan artıq etiraz etmir ", - Al Jazeera-ya danışan Türkiyə Tətbiqi Araşdırmalar Mərkəzinin (CATS) elmi işçisi Darya İsaçenko deyir.

Fevral ayında məsələyə münasibət bildirən Azərbaycan Prezidenti deyib ki, Türkiyə özü sərhədlərin nə zaman açılacağını müəyyən edə bilər və Azərbaycan tərəfindən buna "hər hansısa mənfi rəy verilməyəcək".

"Ermənistan-Azərbaycan sərhədi açılırsa, Türkiyə-Ermənistan sərhədinin bağlı qalmasına ehtiyac qalmır. Əgər biz Zəngəzur koridorunu gerçəkləşdirmək istəyiriksə, təbii ki, Türkiyə-Ermənistan sərhədi də açılacaq. Ancaq bu, Türkiyənin öz qərarıdır. Azərbaycan tərəfindən bu məsələ ilə bağlı hər hansısa xüsusi fikri yoxdur. Bir də ki, Türkiyənin xeyrinə nə olacaqsa, bu bizim də xeyrimizədir", - İlham Əliyev deyib.

Onun sözlərincə, indi Azərbaycanın prioriteti Ermənistan ərazisindən Naxçıvana keçən nəqliyyat dəhlizidir: "Naxçıvan dəhlizi Azərbaycan, Türkiyə və Rusiyanın maraqlarına cavab verir. Ancaq Ermənistanda bu risklərlə əlaqələndirilir".

2-ci Qarabağ müharibəsindən sonra Türkiyə Prezidenti Yerevanla Ankara arasındakı qarşılıqlı əlaqələrdə yeni bir səhifənin açıla biləcəyini deyir. XİN başçısı Mevlüt Çavuşoğlu isə "real şansın" yarandığını vurğulayıb.

Ötən həftə Ankaradan daxil olan siqnalları Baş nazir Nikol Paşinyan təsdiqləyib. "Deməliyəm ki, Türkiyədən müsbət siqnallar almışıq. Biz bu siqnalları qiymətləndirəcəyik, müsbət siqnallara müsbət siqnallarla cavab verəcəyik".

Nikol Paşinyan qonşularla düşmənçiliyin aradan qaldırılmasının Ermənistan hökumətin 5 illik proqramında da qeyd olunduğunu deyib: "Qonşu ölkələrlə münasibətləri dərinləşdirmək və ya normallaşdırmaq hökumətin xarici siyasətinin vacib istiqamətlərindən birinə çevriləcəkdir. Artan düşmənçilik bölgənin sabitliyi və təhlükəsizliyi üçün təhlükə yaradır. Düşmənçiliyə qalib gəlmək regional xarici siyasətin əsasını təşkil edə bilər".

Darya İsaçenko hesab edir ki, Yerevanın münasibətləri normallaşdırmağa hazır olması ilə bağlı açıqlamaları, onun başqa çarəsi qalmadığının təzahürü ola bilər.

Ermənistan mətbuatında Yerevanla Ankaranın ikitərəfli münasibətlərin qurulması və sərhədlərin açılması ilə bağlı dialoqun getdiyi barədə məlumatlar yayılsa da, onlar rəsmi şəkildə təsdiqlənməyib.

Bəs görəsən, siyasi bəyanatlardan başqa tərəflə arasında pərdəarxası proses gedirmi? Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri, hakim Mülki Müqavilə fraksiyasının deputatı Eduard Ağacanyan bu suala mənf cavab verir.

Ermənistan-Türkiyə protokolları 10 oktyabr 2009-cu ildə Sürixdə Ermənistan xarici işlər naziri Edvard Nalbandyan və Türkiyə xarici işlər naziri Ahmed Davutoğlu imzalayıblar.

"Burada sətirlər arası heç nə axtarmaq lazım deyil, bütün proses artıq dərəcədə ictimai olub, sadəcə olaraq, hər hansı bir qeyri-ictimai prosesdən danışmağa gərək yoxdu və lazım da deyil".

Yerevandakı Regional Araşdırmalar Mərkəzinin direktoru Riçard Giraqosyan isə deyir ki, "indiyə kimi üzdə olanlar yalnız pozitiv ifadələrin" mübadiləsidir.

"Yerlərdə gördüyümüz yeganə şey odur ki, Ermənistan Türk Hava Yollarına birbaşa Ermənistan üzərindən Bakıya uçmağa icazə verib. Bu, Türkiyə hava məkanının Ermənistan uçuşları üçün bağlı qalması baxımından əhəmiyyətli bir hərəkətdir", Liz Cookmanın Al-Jazeera saytındakı mǝqalǝsindǝ Richard Giragosiandan sitat verilir.

Aljazeera-ya danışan Riçard Giraqosyan sərhədlərin bir neçə ilə açılacağını gözlədiyini deyir. Lakin bu proqnozla razılaşmayn ekspertlər belə ehtimalın aşağı olduğunu deyirlər.

Belə fikrə şərik çıxanlardan biri də Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Qafqaz Problemləri və Regional Təhlükəsizlik Mərkəzinin aparıcı elmi işçisi Nikolay Silayevdir.

"Ermənistan Türkiyəyə Qarabağda etdiklərini bağışlamayacaq. Bundan əlavə, Ankara sərhədin açılması müqabilində bəzi güzəştlər tələb edəcək, lakin Yerevan razılaşmayacaq. Buna görə də münasibətlərin yaxşılaşması ehtimalı azdır", - o, Izvestiya.ru saytına deyib.

Mediada belə bir fikir də rast gəlmək olar ki, Ermənistanın Türkiyə ilə yaxınlaşmaq cəhdi Yerevanın Ankara üzərindən Qərbə çıxış tapmaq istəyiylə izah olunur.

"Paradoksdur, amma Paşinyan və onun komandası Türkiyəni Avropaya açılan pəncərə kimi görür. Məhz buna görə, müharibədən dərhal sonra Paşinyanın komandasının aparıcı simaları Türkiyə ilə əməkdaşlığın qurulmasının və "qalib tərəflə dialoqun" zərurəti barədə danışırdılar", - Rusiyanın Gazeta.ru saytına müsahibəsində politoloq Binyamin Matevosyan deyir.

O, Ermənistan-Türkiyə barışmasının Moskva üçün yüksək siyasi risklərin olduğunu da qeyd edir.

Bəzi təhlilçilərə əsasən, Azərbaycan və Türkiyə ilə münasibətləri nizamlanarsa, Rusiya ordusunun Qarabağda və Ermənistanda olması üçün heç bir rəsmi əsas qalmayacaq

"Əgər Azərbaycan və Türkiyə ilə münasibətləri nizamlanarsa, Rusiya ordusunun Qarabağda və Ermənistanda olması üçün heç bir rəsmi əsas qalmayacaq. Nəticə olaraq, nə 102-ci bazaya, nə də sülhməramlılar lazımdır", Binyamin Matevosyan deyir.

Lakin belə görünür ki, 2-ci Qarabağ müharibəsindən sonra Ermənistan cəmiyyətində Türkiyə və Azərbaycanla əməkdaşlıq olduqca həssas bir mövzu olaraq qalır. Bir çox siyasi bəyanatlarda Ermənistanla Türkiyənin mümkün yaxınlaşması "milli dəyərlərə" xəyanət kimi qəbul olunur. Digər tərəfdən bu addımın uzunmüddətli sülhə yol açacağı da qeyd olunur.

2009-cu ildə Ermənistanla Türkiyə diplomatik əlaqələrin qurulması haqqında protokollar imzalasalar da, əlaqələrin normallaşması prosesini başa çatdırmaq mümkün olmayıb. Ermənistanda müxalifət sərhədlərin qarşılıqlı tanınmasına qarşı çıxdı. Türkiyədə isə prosesin Azərbaycan ərazilərinin azad edilməsi ilə əlaqələndirməsini tələb olunub. Buna görə sənədin ratifikasiyası dondurulub.

Riçard Giraqosyanın sözlərinə görə, Paşinyanın bəyanatları Ermənistanda populyar olmasa da, "pozitivdir" və buna görə indi Türkiyənin necə bir addım atacağı gözlənilir. Bu arada hər iki ölkənin sakinləri yeni münasibətlərin perspektivinə eyni zamanda "ümid və şübhə" ilə baxırlar, Al Jazeera saytındakı təhlildə deyilir.



Xəbəri paylaş

1264 dəfə oxunub.

Digər xəbərlər