Saytımızı qiymətləndirin


 
 

“Qarabağ problemi" açarının əsas SİRRİ - İndiyə qədər deyilməyən MÜHÜM DETALLAR
Tarix: 30-08-2021 | Saat: 23:01
Bölmə:Karusel / Qarabağ / Yazar | çapa göndər

Artıq arxivə gömülmüş “Dağlıq Qarabağ” məfhumunun, onun cəhənnəmə vasil olmuş “statusunun”,  ümumiyyətlə, “Qarabağ problemi”nin nədən bu qədər mürəkkəb düyünə düşdüyü, həllinin çətinləşdiyi və Azərbaycanın daxili məsələsinin hansı ilginc səbəbə görə beynəlxalq müstəviyə çıxdığı barədə danışanda, digər amillərlə yanaşı, qədim Albaniya mövzusu üzərində dayanmağı da vacib sayırıq.

Qarabağın problemi əslində ondan başlayıb ki, XIX əsrdə ikiyə parçalanmış Azərbaycanın şimal torpaqlarına köçürülən erməni tayfasının üzərinə “tarixi” bir missiya  qoyulub: köçürüldükləri torpaqları “özəlləşdirib”, Türkiyə ilə Turan ellərini ayıran “paz”  olacaq! Türk dünyasının düşməni kimi, məskunlaşdırıldığı bütün ərazilərdə Türk izini siləcək!

Qanında satqınlıq, dölündə xainlik olan sərgərdan tayfa bu öhdəliyi məmnuniyyətlə qəbul etdi. Ömür boyu himayəçi ağa axtaranlar görmədikləri dəstək gördülər. Əvvəllər bizansın, ərəbin, farsın, indi isə güclü rusun himayəsi altına girən ermənilər yeni tapşırığın icrasında həya, abır, əxlaq, şərəf, vicdan tanımadan bütün vasitələri məqbul saydılar. Usanmaz bir coşqu ilə çalışdılar. Köçürüldükləri kəndləri, şəhərləri, çayları, dağları, daşları, abidələri, dini-mədəni dəyərləri öz adlarına çıxdılar. Azərbaycan xalqına qarşı soyqırım, deportasiya, terror kimi vəhşi üsullara əl atdılar.

Ancaq “Əqrəblə Qurbağanın rəvayəti”ndə olduğu kimi, xisləti ziyanəvərlik, biclik, saxtakarlıq və yalan üzərində qurulan ermənilər öz ayaqlarına yer edəndən sonra, mindikləri hamilərinə də kələk gəlmək fikrinə düşdülər. Öyrəncəliyə nə tövbə…

Ermənilər öz yalanlarını ən təsirli aldadıcı üsul olan din oyunları üzərində qurdular. Qarabağda və ətraf ərazilərdəki hazır xristian abidələrini, onlardan qabaq Albanlara məxsus olan dini irsi mənimsəməyi uyğun yol gördülər. Bölgədə yiyəsiz qalan qədim Alban kilsələrini, monastırlarını, dini məbəd və abidələrini “erməniləşdirmək” üçün milli daşyonanlara qədər hamını səfərbər etdilər. Dünya xristianlığını aldatmaqdan çəkinməyən kələkbaz tayfa özünü guya “Qafqazda xristianlığı ilk qəbul edən və yayan millət” kimi təqdim edib, dünya xristianlığının rəğbətini, güclü xristian dövlətlərinin dəstəyini qazandılar.

Rus-Sovet imperiyası çökdükdən sonra, əsrlər boyu xalqdan gizlədilən tarixi həqiqətlər açıldıqca, Azərbaycanda az qala unudulmuş (bəlkə də unutdurulmuş!)  Qafqaz Albaniyası ilə bağlı həqiqətlər də gün işığına çıxdı. Məlum oldu ki, Qarabağdakı “erməni” kilsələri, monastırları, məbədləri əslində ermənilərə deyil, Azərbaycan xalqının soykökündə var olan azərbaycanlı Albanlara məxsusdur. Məhz onlar eramızın əvvəllərində Qafqazda ilk xristianlığı qəbul edən və ilk kilsələri, monastırları tikənlərdir. Bu kilsə və monastırlarda ərəb işğalından qabaq Albanlar dini ayinlər icra ediblər. Ermənilər isə yalnız XIX əsrdə bu ərazilərə köçüb məskunlaşdıqdan sonra, xristian azərbaycanlılara məxsus abidələri hiyləgərcəsinə öz adlarına çıxıblar.

XX əsrin əvvəllərində, Azərbaycanın parçalanmasından və işğalından yüz il sonra Rusiyada çarizmi bolşevizm əvəz etsə də, fərqli ad altında eyni imperiya siyasəti davam etdi. Qədim türk yurdu İrəvanın ermənilərə güzəştə gedilməsindən sonra  Zəngəzur və Göyçə də Azərbaycandan qopardılıb onlara peşkəş verildi. 1921-ci ildə Rus-Sovet imperiyası işğal altında olan Azərbaycanın şimal torpaqlarında ilk erməni “dövlətini” – Arm.SSR-i yaratdı. Onlar nə qədər saxta sənəd yazıb yaysalar da, nə qədər daş yonub basdırsalar da, XX əsrə qədər olan qədim tarixin səhifələrində dərbədər ermənilərin hardasa, haçansa dövlət qurumunun varlığı haqqında heç bir məlumata rast gəlinmir.

İştah diş altında olar. Çox asanlıqla başa gələn yağlı torpaq peşkəşlərindən ruhlanan tayfa fürsət varkən daha bir yağlı tikəni qopartmaq arzusuna düşdü. Moskvanın qapısında xidmətləri olan şaumyanların, mikoyanların və digər filan-yanların xətrinə bolşeviklər yuxarı Qarabağda ermənilər üçün daha bir qondarma qurum – “Dağlıq Qarabağ Muxtar Vilayəti” yaratdılar.

Beləliklə, cəmi yüz il əvvəl buralara köçürülüb gətirilən kölələr dünya tarixində görünməmiş bir sürətlə özgə torpaqlarında ağalıq etməyə başladılar. Qədim türk  yurdları olan İrəvan, Göyçə, Zəngəzur və yuxarı Qarabağda at oynatdılar.

1988-ci ildə Azərbaycan türkləri yuxarı Qarabağın da birdəfəlik “Ermənistan” deyilən forposta birləşdirilməsi iddiası ilə üz-üzə qaldı. Bu zaman, yuxarıda qeyd etdiyimiz dini motivlər səbəbindən “Miatsum” hərəkatı dünyanın çox güclü xristian dövlətlərinin hərtərəfli – maddi, mənəvi, hərbi, siyasi, diplomatik – dəstəyini ala bildi. O güclərin hamısı davamlı erməni təbliğatı sayəsində belə bir əfsanəyə inandırılmışdılar ki, “Qafqazda ilk xristianlar ermənilər olub və indi oradakı ilk xristian abidələrini fədakarcasına qoruyanlar da məhz bu zavallılardır”. Həmin güclü xristian dövlətləri hətta özlərinin dünyaya qəbul etdirməyə çalışdıqları bütün beynəlxalq qayda-qanunlara tüpürüb, “xristian qardaşlığı” zəminində dini təəssübkeşlik nümayiş etdirməyə başladılar. Ömrü boyu göz yaşları içində zarıyan “zavalı erməniləri vəhşi müsəlmanlardan qorumağı” özlərinə şərəf işi bildilər.

Beləcə, 1813-cü ildən bəri uydurulan əfsanələr 2020-ci ilədək süründürüldü…

Qan-qadayla, ölüm-itimlə, əzab-əziyyətlə müşaiyət olunan üzüntülü Qarabağ olaylarında mənfur düşmənin nə qədər güclü, məkrli, hiyləgər olduğunu bilsək də, obyektivlik naminə “sapı özümüzdən olan” baltaların da “xidmətini” unutmamalıyıq.

Xüsusən, 1920-ci ildən başlanan eyforik utopiya zamanlarında müxtəlif ideoloji, elmi-mədəni, təbliğat-təşviqat sahələrinə rəhbərlik edən məsul vəzifəli “milli kommunarlarımız” ya bilərəkdən, ya bilməyərəkdən düşmənin saxtakarlığına şərait yaradıblar. Manqurt xislətli ziyalılar, məmurlar, qorxaq alimlər, səriştəsiz ideoloqlar bir çox məsələlərdə milli mövqeləri ermənilərə güzəştə gediblər. Tarixi həqiqətlərə etinasızlıq göstərilib. Qarabağda bizə məxsus xristian Alban abidələri, kilsə və monastırlar torpaqla bir yerdə ermənilərə peşkəş edilib. Onların qorunması, bərpası və tədqiqi ilə məşğul olmaq əvəzinə, bu unikal sərvətdən imtina edilib, mənimsənilməsinə göz yumulub. Milli mənəvi-mədəni sərvət anlayışı haqqında yanlış təsəvvürdə olan milli “ziyalılarımız” və “ideoloqlarımız” yad ərəb mədəniyyətini doğma bilib, Azərbaycan Albanlarının tapındığı xristianlıq inancını isə sanki “ayıblı bir iş” kimi uzaqlaşdırıblar.

Ancaq bu zaman eyni partiyadan olan erməni kommunistləri – “Biz kommunist olmazdan qabaq erməniyik” – deyib özlərinin milli mənafelərini üstün tutublar, bizim “müsəlman ateistlərinin” nadancasına arxa çevirdiyi dini sərvətləri məmnuniyyətlə oğurlayıblar! Azərbaycandakı həmkarlarının üz döndərdiklləri Alban xristian abidələrini göydə qaparaq öz xeyirlərinə istifadə ediblər. Dünya məhz bu sərvətlər naminə  “Ermənistan”ın ətrafına yığılıb…

Tarixi mənbələrdə isə ermənilərin və Albanların tamamilə ayrı-ayrı etnoslar olduğu, hətta bir-birinə qarşı inamsızlıq bəslədikləri barədə kifayət qədər fakt var. Əsrlər boyunca aramsız davam edən erməni saxtakarlığına qarşı yalnız istisna hallarda az qism vətənpərvər elm-mədəniyyət, ictimai-siyasi xadimlər öz şəxsi iradəsi və cəsarəti hesabına bu faktlardan cəsarətlə istifadə ediblər.

Yalnız nekroloqdan sonra varlığından xalqın xəbər tutduğu neçə-neçə imtiyazlı akademiklərdən, professorlardan fərqli olaraq, əsil qəhrəman kimi elm cəbhəsində də cəsarətlə vuruşan akademik Ziya Bünyadov kimi tarixi həqiqətləri ermənilərin üzünə deyən tək-tək alimlərimiz olub.

Halbuki mənasız sifətinə əhəmiyyətli görkəm verməyə çalışaraq, saxta “dostluq” təbliğatı ilə “xalqa xidmət” imitasiyası yaradan “milli ideoloqlarımız” məhz belə elm adamlarına şərait yaradıb, onları bir məqsəd ətrafında səfərbər edib, ümumi səylərlə həqiqətin geniş yayılmasını ardıcıl xətt kimi təşkil etməliydilər. Bu, həqiqətən xalqa xidmət olardı.

Qarabağdakı Alban abidələrinin Azərbaycana məxsusluğunu və ərəblərin qılınc gücünə zorla tətbiq etdiyi İslamdan öncə Azərbaycanda xristianlığın yayıldığını sübut etməklə, bütün elmi-ideoloji cəbhə boyu informasiya hücumu təşkil edib saxtakarlığın ifşasına nail olmaq mümkün idi və lazım idi. Yalanlarla dolu erməni təbliğatına qarşı əlimizdə tutarlı sübutlar olduğu halda, təəssüf ki, uzun illər susqunluq göstərilib. Əgər vaxtında onlar dünyaya bəyan edilsəydi, iri dövlətlər də erməniləri “Qafqazda ilk xristianlar” kimi qəbul etməyə, Qarabağdakı “ilk xristian kilsələrini, monastırlarını, abidələrini qoruyan zavallılar” deyib dəstəkləməyə tələsməzdilər.

Saxtakarların kələk gəldiyi bütün xristian dünyasında onları ifşa edilib layiq olduğu hala salmaq üçün tarixiin səhifələrində tutarlı arqumentlər varkən, səhlənkarlıq, bacarıqsızlıq, işbilməzlik ucbatından şəhərlərimizin, kəndlərimizin darmadığın edilməsinə səbəb olan, on minlərlə insanımızın ölümünə bais olan, bir milyon soydaşımızın doğma yurd-yuvasından didərgin düşməsinə rəvac verən süni “Qarabağ probleminin” açarı beləcə itirilib, işlər düyünə düşüb…

Yalnız 200 ildən sonra nəhayət, tarixi həqiqət öz yerini tutdu.

2020-ci ildə 44 günlük Vətən Müharibəsi zamanı xalqı və ordunu birləşdirən Dəmir Yumruq o “sehirli açarı” düşmənin əlindən vurub saldı və qıfılbənd açıldı.

 

Akif Əli, fəlsəfə doktoru,
yazıçı-publisist

 



Xəbəri paylaş

1266 dəfə oxunub.

Digər xəbərlər