Saytımızı qiymətləndirin


 
 

Neftçala Avtomobil Zavodunun avtomobilləri satışa çıxarılır
Tarix: 08-06-2018 | Saat: 15:18
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

neftcala avtomobil zavodunun avtomobilleri satisa cixarilir

Bu aydan Neftçala Avtomobil Zavodunun istehsal etdiyi “Khazar” avtomobilləri satışa çıxarılacaq. 

"Qarabaginfo" "Apa.az"a istinadən xəbər verir ki, Neftçala Sənaye Məhəlləsində ən iri müəssisə olan “Khazar” Avtomobil Zavodunda istehsal olunan avtomobillərin təqdimatı keçirilib. 

Tədbirdə “Azərmaş” ASC-nin İdarə Heyətinin sədri Emin Axundov bildirib ki, bu ilin mart ayının 29-da Azərbaycan prezidenti İlham Əliyev və İran prezidenti Həsən Ruahani tərəfindən Azərbaycan-İran biznes forumu çərçivəsində açılışı olmuş “Khazar” Avtomobil Zavodu regionun inkişafında, yeni iş yerlərinin yaradılmasında, ölkə iqtisadiyyatına investisiya qoyuluşunun artmasında, Azərbaycan-İran iqtisadi əlaqələrinin genişləndirilməsində, eləcə də bir sıra köməkçi istehsal və xidmət sahələrinin inkişafında əhəmiyyətlidir. Zavodda istehsal olunan avtomobillər AVRO-5 və beynəlxalq təhlükəsizlik standartlarına tam uyğundur və “Made in Azerbaijan” brendi altında həm yerli, həm də xarici bazarlara çıxarılacaq.

 

Qeyd edilib ki, zavodun illik istehsal gücü 10 min avtomobildir. Bu ilin sonunadək zavodda hər ay orta hesabla 60 ədəd “Khazar” LD və 100 ədəd “Khazar” SD modellərindən olan  avtomobillər istehsal olunacaq. Ümumilikdə, 2018-ci ilin sonunadək 1500, 2019-cu ildə 3000, 2020-ci ildə isə 5000 ədəd avtomobilin istehsalı planlaşdırılır. İstehsal olunan avtomobillər ilkin olaraq Bakı şəhərinin Badamdar qəsəbəsində yerləşən Avtomobil Satış Mərkəzində satışa çıxarılacaq. Bir müddət sonra isə paytaxtın digər yerlərində, eləcə də regionlarda satış mərkəzlərinin açılması nəzərdə tutulur.

 

“Khazar” SD avtomobillərinin qiyməti 16 min manat, “Khazar” LD avtomobillərinin qiyməti isə 18 min manatdır. Bu avtomobilləri nağd, köçürmə və 20% ilkin ödəniş etməklə 4 il müddətinə lizinq yolu ilə də əldə etmək olar.

 

Tədbirdə o da diqqətə çatdırılıb ki, artıq İqtisadiyyat, Vergilər, Energetika nazirlikləri, Milli Məclisin Aparatı, Mərkəzi Seçki Komissiyası və digər dövlət qurumları “Khazar” avtomobillərinin alınması məqsədilə “Azərmaş” ASC-yə müraciət ediblər. Əhali arasında da bu avtomobillərə böyük maraq müşahidə olunur.



Xəbəri paylaş

543 dəfə oxunub.

Digər xəbərlər