Saytımızı qiymətləndirin


 
 

Zəngəzur dəhlizi yaxın 6 ay ərzində açılacaq: Paşinyan Moskvaya bunun üçün gedib...
Tarix: 07-07-2021 | Saat: 23:15
Bölmə:Karusel / Region | çapa göndər

Zəngəzur dəhlizi yaxın 6 ay ərzində açılacaq: Paşinyan Moskvaya bunun üçün gedib...

Kreml sahibinin erməni baş naziri Moskvaya təlimat vermək üçün çağırdığı, tezliklə Paşinyan hakimiyyətinin Azərbaycanın ərazi bütövlüyünü tanıyacağı bildirilir; Yaxın altı ay ərzində sərhədlərin demarkasiyası, Zəngəzur dəhlizinin açılması ilə bağlı sənədlərin imzalanacağı, keçmiş SSRİ-nin xəritəsinə görə, Azərbaycan SSR-in tərkibinə daxil olan bir neçə anklavın Azərbaycana qaytarılacağı iddia edilir...

Cənubi Qafqazda yeni geopolitik düzənin qurulması ilə bağlı proses yenidən intensivləşməyə başlayıb. Ermənistanda seçkilərin yekun nəticələri bəlli olduqdan sonra artıq bu prosesin inkişafı qarşısında elə bir ciddi əngəl qalmayıb. Yəni, indi yarımçıq qalmış işlərin sona çatdırılması vaxtıdır.

Böyük ehtimalla Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri də elə bu məsələ ilə bağlı ola bilər. Bu, erməni baş nazirin seçkilərdən sonra ilk xarici səfəridir. Və yəqin ki, bu səfər nəticəsində onun gələcək fəaliyyətinin əsas istiqamətləri dəqiqləmiş olacaq.

Əslində, bu səfərin rəsmi İrəvanın deyil, məhz Kremlin istəyi ilə baş tutduğunu da düşünmək olar. Yəni, erməni baş nazirin əslində, Moskvaya çağırıldığı ilə bağlı ehtimallar daha inandırıcı görünür. Hər halda, Ermənistanın öz davranışları ilə son vaxtlar Rusiyanın da geopolitik maraqları olan Cənubi Qafqazda regional prosesləri əngəllədiyi müşahidə edilirdi.

60e456ca4e3fe0195427e75e.jpg (9 KB)

Yəqin ki, Rusiya prezidenti Vladimir Putin erməni baş nazirə bəzi reallıqları xatırladıb, konkret təlimatlar verməli olacaq. Səfərin demək olar ki, qeyri-rəsmi xarakter daşımasını da məhz bu məqamla izah etmək olar. Çünki, Kremldən verilən açıqlamada Rusiya prezidentinin erməni baş nazirlə sadəcə, nahar süfrəsi arxasında söhbət edəcəyi bildirilmişdi.

Bu səfərdən öncə Ermənistan mətbuatı iki ölkə arasında yeni sənədlərin imzalanağını iddia edirdi. Guya həmin sənədlərdən biri məhz Azərbaycan-Ermənistan sərhəddində Rusiya sülhməramlı qüvvələrinin yerləşdirilməsi barədə olacaqdı. Yəni, rəsmi İrəvanın Rusiya sülhməramlı qüvvələrinin missiyasını genişləndirməklə, situasiyanın dolaşdırılması cəhdləri ortaya çıxmaqdaydı.

Məsələ ondadır ki, üçtərfəli anlaşmalara görə, Rusiya sülhməramlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhəd bölgəsində yerləşdirilməsi nəzərdə tutulmayıb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da Ermənistan mətbuatının bu barədə iddialarını dərhal təkzib etdi. O, bildirdi ki, Rusiya sülhməramlılarının hər hansı sərhəd bölgəsində yerləşdirilməsi barədə iddialar tamamilə əsassızdir. Və ümumiyyətlə, bu səfər çərçivəsində tərəflər arasında heç bir rəsmi sənəd imzalanmayacaq, üçtərəfli anlaşmaların icrası müzakirə olunacaq.

Bütün bunlar onu göstərir ki, hazırda Kremli bölgə ilə bağlı hər hansı yeni anlaşmaların imzalanması qətiyyən düşündürmür. Əksinə, hazırda Rusiya üçün indiki mərhələdə buna qədər imzalanmış üçtərəfli anlaşmaların qüsursuz icrası daha böyük əhəmiyyət daşıyır. Və Kremlin Ermənistandan gözləntisi də məhz bu istiqamətdədir.

1617434004_putin-pasinyan-ilham.jpg (53 KB)

Maraqlıdır ki, Rusiyanın Cənubi Qafqazdakı maraqları xarici işlər naziri Serqey Lavrovun açıqlamasında qısa və konkret şəkildə ifadə olunub. O, bildirib ki, regionda ümumilikdə vəziyyətin kompleks stabilləşməsi Cənubi Qafqazda nəqliyyat-kommunikasiya xətlərinin açılmasına, bu regionda yerləşən ölkələrin, o cümlədən də Türkiyə və Rusiyanın iştirakı ilə çoxplanlı iqtisadi əməkdaşlığın irəliləməsi səylərinə xidmət edə bilər. Və bu, hazırda Rusiyanın əsas geopolitik hədəfi sayılır.

Onu da qeyd edək ki, Ermənistanın üçtərəfli anlaşmaların icrasına məcbur ediləcəyi artıq real faktlarla müşahidə edilməyə başlayıb. Rəsmi İrəvan son vaxtlar öz davranışlarında da bunu biruzə verir. Və Ermənistanın mövcud situasiyanın tələb-şərtləri ilə barışmaq məcburiyyətində qaldığı inkaredilməz reallıqdır.

Maraqlıdır ki, Ermənistan Xarici İşlər Nazirliyi də əvvəlki dövrlərdən fərqli olaraq, öz rəsmi açıqlamalarında mövcud situasiyanı nəzərə alır, Azərbaycanı qıcıqlandırmamağa çalışır. Belə ki, bu qurumun son rəsmi açıqlamasında ilk dəfə olaraq, Azərbaycan rayonlarının adları "Kovsakan" və "Varanda" kimi yox, məhz "Zəngilan" və "Füzuli" deyə qeyd edilib. Və bu, Ermənistan cəmiyyətində həm narahatlıq, həm də narazılıq doğurub.

Hətta erməni politoloq Qaqik Hambaryan həmin açıqlamanın məhz Azərbaycan Prezidenti İlham Əliyevin təzyiqi ilə yazıldığını deyib. O, bildirib ki, bu il ərzində digər rayonların da mina xəritələri veriləcək, digər rayonların da adları nazirlik tərəfindən türkçə yazılacaq. Davamında isə baş nazir N.Paşinyan rəsmi olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıyacaq.

zngzuryq1.jpg (29 KB)

Deputat Naira Zoqrabyanın açıqlaması isə Ermənistanda ümumiyyətlə, böyük əndişə yaradıb. O, bildirib ki, yaxın altı ay ərzində sərhədlərin delimitasya və demarkasiyası, eləcə də, Zəngəzur dəhlizinin açılması ilə bağlı sənədlərin imzalanması yekunlaşacaq.

Erməni deputatın iddiasına görə, yaxın altı aylıq periodda səhnəarxası danışıqlar aparılacaq. Bu proses keçmiş SSRİ-nin xəritəsinə görə, Azərbaycan SSR-in tərkibinə daxil olan bir neçə anklav Azərbaycana veriləcək. Bu barədə beynəlxalq səviyyədə qeyri-rəsmi anlaşmalar mövcud olduğundan Ermənistanın gələcək taleyi ciddi təhlükə qarşısındadır.

Erməni deputat Ermənistanı gözləyən böyük təhlükəni beynəlxalq ictimaiyyətin baş verənlərə münasibətdə susqun konsensusu qoruması ilə əlaqələndirib: “Ermənistan protektorata çevrilmək üzrədir. Beynəlxalq ictimaiyyət isə Ermənistanın protektoratlığını qəbul etdiyini öz susqunluğu təsdiqləyir”.

Göründüyü kimi, Ermənistan cəmiyyətində gələcəyə yönəlik ümid hər ötən gün daha da zəifləyir. Hətta Ermənistanın bir dövlət kimi mövcudluğunun sona çata biləcəyini də istisna etmirlər. Və bu təhlükəyə müqavimət göstərmək baxımından, hər hansı çıxış yolu tapmaqda isə aciz durumda olduqlarını da gizlədə bilmirlər.

Elçin XALİDBƏYLİ,

Siyasi ekspert,

“Yeni Müsavat” Media Qrupu



Xəbəri paylaş

1293 dəfə oxunub.

Digər xəbərlər