Saytımızı qiymətləndirin


 
 

"Altı aylıq sükutu pozmağın tam zamanıdır, çünki..."
Tarix: 10-05-2021 | Saat: 23:57
Bölmə:Karusel / Cəmiyyət / Yazar | çapa göndər

Qələbəmizlə bitən İkinci Qarabağ müharibəsindən altı ay keçir. Müharibə bitsə də münaqişə yekunlaşmayıb. Real mənzərə məlumdur- işğal altında qalan torpaqlarımız var və 33 il əvvəl düşmən bu torpaqlara hansı iddia ilə nəzarət edirdisə, məğlub olduqdan sonra da iddialarından əl çəkməyiblər və 366-cı alyın, pardon, Rusiya sülhməramlılarının köməyi ilə torpaqlarımızı işğal altında saxlamaqda davam edirlər. Reallıqda heç 30 mindən çox erməninin yaşamadığı ərazilərimizdə düşmən müstəqil dövlət qurmaq istəyindən əl çəkməyib. Altı aydır ki, qələbə sevinci ilə bərabər, xalq: “bayrağımız Xankəndində nə vaxt dalğalanacaq” sualı ilə də yaşayır. Sualın zaman məsafəsi uzandıqca onun mahiyyəti müəmmaya çevrilir: nədən bu işlər dayanıb, niyə rəsmi danışan yoxdur, bəlkə... Yox, burada “bəlkə”yə yer yoxdur, amma çox bədbin və qərəzli düşüncə sahiblərinin sayı ilk günlər az olsa da, getdikcə artdığı müşahidə olunur və bu da təbiidir. 
 
Xalq arasında belə bir deyim var: ”Qurban olaq o qana ki, onun üstündən bir gecə keçsin”. Yəni, qanın yaratdığı əsəb, hikkə soyuyur və sakit şəkildə “qan yatırılır”. Bizim qələbəmiz, bizim gücümüzün göstəricisi idi və bu gücün qarşısında sarsılmış düşmənə 10 il vaxt şansı tanımaq olmaz. 10 il deyəndə, şərti adı “sülhməramlılar” olan Rusiya hərbiçilərinin bu müddətə Azərbaycan ərazisində-Qarabağda qalmaları nəzərdə tutulur.  Altı ay keçib, hələ də o yerlərin adı tutulmur və düşmən də düşdüyü böhrandan çıxmaq üçün daxildə və xaricdə bütün imkanlarını səfərbər etməklə məşğuldur. Özünə gəlmək üçün yarım il az vaxt deyil. 
 
Fikirləşmək olar ki, düşmənin 20 iyun seçkilərini gözləməliyik. Hətta belədirsə.., bu bizim deyil, Rusiyanın iradəsi sayılmalıdır. Bizim üçün Paşinyan-Koçaryan duelinin nəticəsi az fərq edir. Koçaryan Qarabağ üçün “ ləyaqətli sülhə” nail olmağı, yəni 10 noyabr bəyanatını pozmağı, onlara sərf edən varianta nail olmağı seçki şüarı edib. Paşinyan isə bizə olan münasibəti “idarə olunan düşmənçilik” prinsipi kimi təbliğ edir. ( Əslində, bu prinsip daha çox Rusiyanın siyasətində özünü göstərir). Sonunda hər ikisi bizə qarşı düşmənçiliyi davam etdirməyi planlaşdırır və ümumiyyətlə, yer üzündəki hansı erməni gəlib seçkidə iştirak etsə bu münasibəti yumşaldası deyil. O zaman biz işimizi niyə bilinməz aylara-illərə bağlamalıyıq. 
 
Biz nə etməliyik ki, Qarabağa nəzarətimizi yaradıb, rahat şəkildə yaşayışımızı bərpa etməyə başlayaq? Adətən belə məsələlər ya müharibə yolu ilə, ya da diplomatiya vasitəsi ilə həll olunur. Birinci variant indiki situasiyada hələ ki, istisna olunur. Qarşımızda erməni hərbi birləşmələri yox, Rusiya dayanıb. Deməli, diplomatiya nəhayət fəaliyyətə başlamlı, siyasi danışıqları gündəmə gətirməlidir. Bəlkə elə sabah başlayaq. Danışıqları aparacağımız tərəf bu gün Bakıya gəlir.
 
Altı ayın tamamında-yəni bu gün  Rusiya RF XİN rəhbəri Sergey Lavrovun Bakıya səfəri başlayır. Minsk Qrupu zühr etdiyini göstərməyə başlasa da, Qarabağ konfliktinin həllində Rusiya açar ölkə olaraq qalır və Kreml də başqalarına əlavə imkan tanımaq niyyətindən hələ uzaqdır. Ona görə də Rusiyanın baş diplomatı ilə strateji maraqlarımızı – keçmiş Dağlıq Qarabağa nəzarətimizi bərpa etmək istiqamətində haradan başlayacağımızı ciddi müzakirə etməli və praktiki addımlarımızın vaxtı müəyyənləşdirilməlidi. 
 
Ortada Rusiya prezidentinin imzaladığı sənəd var-10 noyabr bəyanatı. Altı ay ərzində məlum bəyanatdan irəli gələn tələblərə əməl olunmayıb. Birincisi, elə Lavrovla da oradan başlamaq lazımdır. Erməni hərbi birləşmələri Qarabağdan çıxarılmayıb, hələ dünən də əllərində marşal Jukovun portretini tutaraq “xaçlı yürüş-parad” keçiriblər.  Xaç və din xadiminin paradın önündə getməsi xristian təəssübkeşliyi yaratmaq məqsədidir. İkincisi, bizim qaçqınların Dağlıq Qarabağdakı doğma yerlərinə köçürülməsi tələbidir. Rusiya hərbçilərinin himayəsi ilə bir xeyli qaçqın erməni geri qayıtdı, amma bizim qaçqınların geri qaytmaq məsələsi müzakirə olunmayıb və burada günah özümüzdədir. Məsələni ruslar yox, biz qaldırmalıydıq. Üçüncüsü də, Qarabağın daxili yol infrastrukturunun işlək və təhlükəsiz vəziyyətə salınması. 
 
Laçın dəhlizi istiqamətində olan dövlət sərhədinin birgə nəzarətə götürülməsi də Lavrov qarşısında qoyulacaq vacib məsələdir. 10 noyabr bəyanatında bu bənd olmasa da, sərhəddən keçən qanunsuz yüklərin (İran yük maşınları), terrorçuların sərbəst girişini xatırladıb zəruri addımların atılmasını irəli sürmək lazımdır. 
 
Altı aylıq sükutu pozmağın tam zamanıdır, çünki bundan sonra davam edəcək sakitlik düşmənin Qarabağda möhkəmlənməsinə xidmət edəcək.
 


Xəbəri paylaş

324 dəfə oxunub.

Digər xəbərlər