Saytımızı qiymətləndirin


 
 

Rusiya ordusu Qarabağda  tarix və təhsil məsələlərinə də girişməyə başladı...-FOTOLAR
Tarix: 06-04-2021 | Saat: 22:02
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Rusiya ordusu Qarabağda  tarix və təhsil məsələlərinə də girişməyə başladı...-FOTOLAR
"Putin əbəs yerə dəfələrlə “Qarabağ beynəlxalq hüquq(!) baxımından Azərbaycanın tərkibindədir” tezisini vurğulamır...
 
"Bir də ayılacağıq ki,  Çar ordusunun Xankə"dində XIX əsrin əvvəllərində qurulmuş ilk kazarmalarının divarlarını, eləcə də Xocalı soyqırımında birbaşa iştirak etmiş 366-cı alayın yerləşdiyi binaları üzə çıxarıb onların önündə Rus əsgərinə abidə qoyurlar..."
“Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinin hərbi qulluqçuları Böyük Vətən Müharibəsində Qələbənin 76-cı ildönümünə həsr olunmuş "Ailə tarixi - Zəfər tarixi" adlı aksiya keçirməyə başlayıblar. Aksiya 1941-1945-ci illərdə faşist koalisiyasına qarşı döyüşlərdə həlak olmuş Dağlıq Qarabağın Əsgəran rayonu Xanabad(əslində Xocalı rayonunun-S.L.) kəndinin yerli sakinlərindən 104 nəfərin abidəsi önündə start götürüb”.
 
Qarabaginfo.az xəbər verir ki, bu informasiyanı Rusiya Müdafiə Nazirliyi öz rəsmi saytında yayıb.
“Gənc nəsildə Böyük Vətən Müharibəsi mövzusuna marağı artırmaq və tarixin təhrif olunmasının qarşısını almaq üçün Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları “Cəsarət” dərslərinin keçirilməsində mütəmadi olaraq iştirak etməyə davam edəcəklər. Müəllimlərlə birlikdə sülhməramlılar mütəmadi olaraq məktəblilər və tələbələrlə görüşəcək və onlara 1941-1945-ci illər müharibəsi qəhrəmanlarının igidlikləri barədə danışacaqlar.
 
"Ailə tarixi - Zəfər tarixi" aksiyasından əlavə, Rusiya sülhməramlı kontingentinin Humanitar Reaksiya Mərkəzi Mardakert, Martuni və Əsgəran rayonlarının rəhbərliyi ilə əməkdaşlıq edərək Dağlıq Qarabağdan cəbhəyə gedən və Böyük Vətən müharibəsi zamanı həlak olan əsgərlərin heykəl və  abidələrinin abadlaşdırılması işinə də başlayıb.
 
 Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinin hərbi heyətinin birbaşa iştirakı ilə həyata keçirilən bu aksiyalar 9 May - Zəfər Gününə qədər davam edəcək”-xəbərdə daha sonra belə deyilir. 
 
P.S. Göründüyü kimi, artıq 5-ci aydır ki, Azərbaycan dövlətinin razılığıyla Azərbaycan torpaqlarında rəsmi olaraq sırf sülhməramlı missiyası ilə yerləşdirilmiş Rusiya ordu birləşmələri faktiki olaraq öz vəzifələrinə aid olmayan iqtisadi-sosial, inzibati məsələlərlə yanaşı, tarixi məsələlərə, eləcə  də erməni uşaq və gənclərin təhsilinə də müdaxilə etməyə başlayıblar... Elə Qarabağdakı Azərbaycan rayon və şəhərlərinin adlarının müstəqil(!) Respublikamızın rəsmi hüqui-inzibati bölgüsünə uyğun olaraq deyil, SSRİ dövrünün bölgüsünə aid ermənilərə sərf edən formada  “Mardakert”, “Martuni” və “Əsgəran rayonu” adlandırılması da bunu təsdiqləyir... 
Rəsmi açıqladıqları budursa, onda qeyri-rəsmi nələr edirlər? Bəlkə də Qarabağ ermənilərinin birbaşa Azərbaycana qarşı ideoloji “tərbiyəsi” ilə də məşğul olurlar?..
P.P.S. Öncəki yazılarımızda qeyd etdiyimiz kimi, Putin özünün 44 günlük savaş zamanı və sonrakı çıxışlarında  boş yerə “Qarabağ beynəlxalq hüquq baxımından Azərbaycanın tərkibindədir” tezisini vurğulamadı. Göründüyü kimi, faşizm üzərində qələbənin növbəti ildönümü öncəsi aksiyalar keçirməklə Qarabağdakı ermənilərin, eləcə də Azərbaycan dövlətinə xatırladırlar ki, bu ərazi tarixən Rusiya-Sovet imperiyasına aid olub. Rusiya Müdafiə Nazirliyinin bəhs etdiyimiz məlumatında “tarixin təhrif olunmasının qarşısını almaq üçün” ifadəsi boş yerə işlənmir. Sabah bir də ayılacağıq ki, Rusiya Müdafiə Nazirliyi Çar ordusunun Xankəndində XIX əsrin əvvəllərində qurulmuş ilk kazarmalarının divarlarını, eləcə də Xocalı soyqırımında birbaşa iştirak etmiş 366-cı alayın yerləşdiyi binaları üzə çıxarıb onların önündə Rus əsgərinə abidə qoyur...
Moderator.az


Xəbəri paylaş

2320 dəfə oxunub.

Digər xəbərlər