Saytımızı qiymətləndirin


 
 

Rusiya mediasındakı erməni lobbisi: Koçaryan seçkiqabağı kampaniyaya Moskvadan başlayıb - TƏHLİL
Tarix: 06-04-2021 | Saat: 13:25
Bölmə:Karusel / Region | çapa göndər

Rusiya mediasındakı erməni lobbisi: Koçaryan seçkiqabağı kampaniyaya Moskvadan başlayıb - TƏHLİL

Moskvada səfərdə olan Ermənistanın keçmiş prezidenti Robert Koçaryan aprelin 5-də Rusiyanın Birinci kanalında Poznerin qonağı olub. R. Koçaryanın müsahibəsinə keçməzdən əvvəl qeyd etmək yerinə düşər ki, Poznerin proqramında suallara cavab verən budəfəki Koçaryan ordumuz tərəfindən sındırılmış və məğlubiyyət üz cizgilərində əks olunan birisi kimi görünürdü.

Ekranda milyonların qarşısında əzilmiş, ruhu ölmüş bir Robert vardı. Bu, o Robert Koçaryandır kı, vaxtilə Azərbaycanla danışıqlarda özündən razı şəkildə Qarabağın heç vaxt Azərbaycana qayıtmayacağını bildirirdi. Bu müsahibədə isə boynu bükülmüş, pərişan halda oturmuş, 44 gün ərzində Azərbaycan ordusu qarşısına çıxmağa hünəri tapmamış bir Koçaryan gördük.

Müsahibənin əvvəlində Poznerin Koçaryanı Dağlıq Qarabağın birinci prezidenti kimi təqdim etməsini bir daha Birinci kanaldakı erməni lobbistləri, elə həmin lobbistlərdən qidalanan aparıcının 44 günlük müharibədən sonra necə pərişan olduqlarının təzahürü kimi başa düşmək olar.

 

Beləliklə, Koçaryan seçkiqabağı kampaniyasını faktiki olaraq Rusiyanın Birinci kanalına müsahibəsi ilə başladı. Bəzi iddialara görə, müsahibənin efirə verilməməsi üçün Paşinyan komandası kanalın rəhbərliyi ilə əlaqə saxlayıb, lakin məqsədinə çatmayıb.

Bu, həm də onu göstərir ki, Rusiyanın rəsmi və hakimiyyətyönlü mediası rəsmi Moskvanın, Prezident Vladimir Putinin mövqeyinə zidd təbliğat aparmaqla məşğuldur. Ən azı bir fakt bunu düşünməyə əsas verir. R. Koçaryan Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış 10 noyabr bəyanatının əleyhinə olan, bu razılaşmanın hər an pozulmasına, həyata keçməməsinə çalışan biri kimi həm də Rusiyanın, Putinin siyasətinin əleyhinə addımlar atır. Belə bir şəxsin zərərli fikrilərinə Rusiyanın Birinci kanalında geniş yer ayrılması özü özlüyündə xeyli suallar yaradır.

Gözlənildiyi kimi, Poznerin Koçaryana ünvanladığı sualların çoxu Qarabağdakı məğlubiyyət və Ermənistanın düşdüyü bugünkü durumla bağlı oldu. 

İkinci Qarabağ müharibəsinin səbəblərini təhlil edən eks-prezident müharibənin Ermənistanın hazırkı siyasi rəhbərliyinin Azərbaycanla danışıqlar prosesini çıxılmaz vəziyyətə gətirən siyasəti üzündən baş verdiyini bildirdi. Özünün və Sarkisyanın danışıqlar zamanı qeyri-konstruktivlik nümayiş etdirməsini “unudan” erməni cəllad məhz Paşinyanın ucbatından ölkəsinin Qarabağı itirdiyini qeyd etdi. “Bizim artıq Azərbaycanla Dağlıq Qarabağ məsələsinə görə uzun illərdir münaqişəmiz var idi. Bu münaqişə 1988-ci ildən başlayıb. Hansısa həlli nəzərdə tutan danışıqlar prosesi var idi. Ancaq son illər səlahiyyətlilər danışıqlar prosesini çıxılmaz vəziyyətə gətirdilər. Danışıqlar bitən yerdə isə müharibə başlayır”, - deyə Koçaryan qeyd edib. O, danışıqların əsas predmeti olan  “Madrid prinsipləri” əsasında ətraf rayonları Dağlıq Qarabağın statusuna dəyişməyə hazır olduqlarını bəyan edərək özünü “sudan quru” çıxarmağa cəhd göstərdi. Qeyd etdi ki, 2018-ci ildən sonra yeni hakimiyyətin danışıqları sıfır nöqtədən başlamaq təklifi, daha sonra “Dağlıq Qarabağ Ermənistandır və nöqtə” deməsi, ardınca Dağlıq Qarabağın danışıqlarda iştirakına dair tələbi danışıqların sonunu gətirdi.

Revanş haqqında suala cavab verən Koçaryan Ermənistan ordusunun 44 günlük müharibədə darmadağın edildiyi etiraf etməli oldu, dağılmış erməni ordusu ilə yeni müharibənin qeyri-mümkün olacağını qeyd etdi. “Bu gün Ermənistan dövləti və Ermənistan ordusunun vəziyyəti heç bir ayıq düşüncəli insanın bu cür intiqam almağı düşünməsinə icazə vermir” deyə keçmiş prezident bildirdi, hazırkı sülhü isə ədalətsiz adlandırdı.

Erməni ordusunun darmadağın edilməsinin yaratdığı çarəsizlik üzündən aydın oxunan R. Koçaryan seçkiqabağı dövrdə revanş haqqında məsələləri kənara qoymağa, özünü guya siyasi dialoq tərəfdarı kimi yeni siyasi cilddə təqdim etməyə çalışır. Lakin erməni revanşistlərin başında məhz R. Koçaryanın dayandığı heç kimə sirr deyil. Odur ki, onun özünü siyasi dialoq, müharibə əleyhdarı kimi təqdim etməyə cəhd göstərməsi çox yersiz görünür. Müharibə cinayətkarı R. Koçaryanı həm Rusiyada, həm Ermənistanda, həm də Azərbaycanda çox gözəl tanıyırlar. O da hamıya bəllidir ki, əslində Koçaryan 10 noyabr bəyanatının tətbiq edilməməsi üçün hər cür yola əl atır, bu anlaşmanın pozulmasına, Ermənistanda revanşizmi alovlandırmağa çalışır. Bu məsələdə ona yerini göstərəcək əsas qüvvə isə erməni xalqıdır. Erməni xalqı nəhayət anlamalıdır ki, məhz Koçaryan-Sarkisyan cütlüyünün uzun illər apardığı cinayətkar siyasət onları bu cür acınacaqlı duruma gətirib çıxarıb. R. Koçaryan Poznerə müsahibəsində hər nə qədər bütün günahları Paşinyan və komandasının üstünə atmağa çalışsa da, məhz onun və Serj Sarkisyanın baş verənlərin əsas səbəbkarı olduğu heç kimə sirr deyil.

Həyatı boyu yürütdüyü təcavüzkar, faşist siyasət Koçaryanın özünü də bu gün rəzil duruma salıb. Müharibədə aldığı zərbənin təsirindən bu dəfə o, bir vaxtlar müstəqil respublika kimi təqdim etdiyi Dağlıq Qarabağın gələcəyi haqqında artıq pessimist düşünür. “İtirilmiş” torpaqların geri qaytarılmasının mümkün olub-olmaması sualına cavab verən Koçaryan etiraf edir ki, torpaqları yenidən Azərbaycandan almaq real deyil, lakin keçmiş DQMV-nin ərazisinin danışıqlar yolu ilə bərpa ediləcəyinə ümid bəsləyir.

Jurnalistin Ermənistanı gözləyən təhdidlər haqqında sualına cavabda Ermənistanın ikinci prezidenti Türkiyə məsələsinə toxunub. O qeyd edib ki, sərhədlərin açılacağı təqdirdə Ermənistan Acarıstanın gününə düşəcək, Ankaranın ciddi iqtisadi ekspansiyası ilə qarşılaşacaq. Azərbaycana, Türkiyəyə nifrətini boğa bilməyən müharibə cinayətkarı Ankaranı əsas təhlükə kimi gördüyünü deyib.

44 günlük müharibənin nəticəsi əslində təkcə Paşinyan üzərində qələbə deyil. Prezident İlham Əliyevin rəhbərliyi ilə Levon Ter-Petrosyan, Robert Koçaryan, Serj Sarkisyan və digərləri üzərində qürurlu qələbəyə imza atılıb. Şahmat dili ilə desək, Prezident onları mat edib. Yaranmış durumla bağlı dövlət başçısının dəfələrlə səsləndirdiyi fikirləri yada salaq. Prezident İlham Əliyev qeyd etmişdi ki, 44 günlük müharibədə darmadağın edilmiş ordu Paşinyanın ordusu deyil, bu, 20 il ərzində Koçaryanın və Sarkisyanın yaratdığı ordudur: “Biz bilirdik ki, onların əlləri Azərbaycan xalqının qanına bulaşıb, lakin biz həmin ərazilərə gələndə onların törətdiklərinin bütün dəhşətini, bütün faciəviliyini gördük. 20 il ərzində bu ordunu Koçaryan və Sarkisyan yaradıb, biz onların ordusunu darmadağın etmişik”, - deyə dövlət başçısı vurğulayıb.

Prezident İlham Əliyev ordumuzun dəmir yumruğu ilə  başda Robert Koçaryan olmaqla Ermənistanın bütün hərbi-siyasi canilərinə tarixi ədalət dərsini keçdi. İndi bu canilər “Miatsum” şüarı ilə Ermənistanı tarixin hansı cəhənnəminə apardıqlarına şahidlik edirlər...

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov



Xəbəri paylaş

1305 dəfə oxunub.

Digər xəbərlər