Saytımızı qiymətləndirin


 
 

Vüqar Səfərli vurduğu ziyanı ödəməklə qurtula bilməyəcək - Hüquqşünas rəyi
Tarix: 05-04-2021 | Saat: 17:42
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Vüqar Səfərli vurduğu ziyanı ödəməklə qurtula bilməyəcək - Hüquqşünas rəyi
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərlinin evlərinə, maşınlarına, ümumilikdə, bütün əmlakına həbs qoyulub. Rəsmi mənbəyə istinadla mediada bu barədə məlumat yayılandan sonra belə bir rəy yaranıb ki, Səfərlinin əmlakı müsadirə olunduqdan sonra onu azadlığa buraxacaqlar. Maraqlıdır, külli miqdarda dövlət vəsaitini mənimsəyən, həmçinin vəzifə saxtakarlığı ilə ittiham olunan şəxsin dövlətə dəymiş ziyanı ödəməklə azadlığa çıxması nə dərəcədə mümkündür?

Qarabaginfo.az xəbər verir ki, Hüquqşünas Ələsgər Məmmədli məsələ ilə bağlı Yenisabah.az-a açıqlamasında səsləndirilən fikirlərin reallığa uyğun olmadığını diqqətə çatdırıb.

Qeyd edib ki, sadəcə dəyən zərəri ödəməklə qurtulmaq mümkün deyil:

“Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 308-2.4 (satınalma prosedurları keçirilmədən külli miqdarda ziyan vurmaqla dövlət vəsaitlərini xərcləmə) və 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə həbs olunmaq ciddi məsələdir. Burada sadəcə dəyən zərəri ödəməklə qurtulmaq mümkün deyil. Çünki dəyən zərər sadəcə bir maddəni təşkil edir. Ortada vəzifə səlahiyyətlərindən sui-istifadə, cinayət yolu ilə əldə edilmiş vəsaitin leqallaşdırılması kimi maddələr var. Bunların hər biri ayrı-ayrılıqda onsuz da cinayət əməli kimi müəyyən edilib”.

Həmsöhbətimiz qeyd edib ki, məhkəmənin verəcəyi son qərar olduqca önəmlidir:

“Əgər məhkəmə prosesində iddialar sübut olunacaqsa, yenidən müəyyən cəza veriləcək. Vüqar Səfərli barədə ilkin olaraq 4 ay həbs qətimkan tədbiri seçilib. Hər halda ciddi şübhələr olduğuna görə belə bir qərar verilib. İstintaq yekunlaşıb məhkəməyə təqdim edilən zaman məhkəmə də eyni qənaətə gələrsə, o zaman həbs cəzasının verilməsi qaçılmaz olacaq. Sadəcə borc ödəməklə məsuliyyətdən qurtulmaq mümkün deyil”.

 

Vüqar Səfərli vurduğu ziyanı ödəməklə qurtula bilməyəcək - Hüquqşünas rəyi



116 dəfə oxunub.

Digər xəbərlər