Saytımızı qiymətləndirin


 
 

"Prezident bu vəzifəni başçıya, müavinə ona görə verib ki, xalqa qulluq edək, şəhid ailələrinə qayğı göstərək"  - Vaqif Həsənov
Tarix: 01-02-2021 | Saat: 11:10
Bölmə:Karusel / Yazar | çapa göndər



VAQİF HƏSƏNOV HAQDA

Son vaxtlar Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov haqqında sosial şəbəkələrdə müxtəlif rəylər yazılır. Rastıma çıxdıqca bunlara mən də baxıram. Hazırda onun necə işlədiyinə, rəhbərlik etdiyi rayonun əhalisinə can yandırıb-yandırmadığına, dövlət başçısının etimadını necə doğrultduğuna aid nə isə demək, yazmaq mənim işim deyil. Əvvala ona görə ki, Vaqif Həsənovun Ağdama rəhbər təyin edilməsindən sonra və hələ ondan da bir qədər əvvəldən mənim onunla heç bir əlaqəm, – ya canlı, şəxsi görüş, ya da telefon danışığım, – olmayıb və bu gün də yoxdur. Açığı heç telefon nömrəsini də bilmirəm.

Onun oradakı fəaliyyətinə aid öz rayonunun sakinləri lazımi qiymət verərlər. Ölkənin rəhbərliyində bu cür məslələrə məsul şəxslərin də işinə qarışmaq mənim səlahiyyətimdə deyil. Mən yalnız Vaqif müəllimin məcburi köçkün kimi məskunlaşdığım Qaradağ rayonunda İcra Hakimiyyəti başçısının müavini olduğu vaxt mənim iştirakımla baş vermiş bir əhvalatı danışmaq istəyirəm. Ümid edirəm ki, məni tanıyanlar səmimi danışdığımı və ümumiyyətlə yüksək vəzifəli şəxslərə qarşı əsasən tənqidi mövqedə olduğumu bilirlər.

Hadisənin üstündən 14-15 il keçib. İndiyədək bunu bir-iki nəfər əlaqəli şəxsə danışmışam, vəssalam. Başqa nə kiməsə demiş, nə də haradasa yazmışam. Bir də qeyd edirəm ki, ilk dəfədir yazıram və səbəb də sosial şəbəkələrdə rast gəldiyim bəzi bəyənmədiyim statuslardır.

Əslən Füzuli rayonunun Dövlətyarlı kəndindən olan şəhid atası, qanlı-qadalı 1990-cı illərin əvvıəllərində iki oğul itirmiş, Kamran Məmmədov (artıq iki ildir ki, dünyasını dəyişib) Qaradağ rayonu ərazisi ilə bağlı bir problemlə əlaqədar mənə müraciət edərək kömək istəmişdi. Bu məsələ ilə maraqlananda hamı dedi ki, başçının müavini Vaqif Həsənovun yanına get, o həll edər. Hətta İcra Hakimiyyəti başçısının qəbul otağında da dedilər ki, Vaqif müəllimə müraciət et.

Onun iş kabinetinə yaxınlaşıb, katibəsinə özümü təqdim edib xahiş etdim ki, mənim gəldiyimi müavinə bildirsin və desin ki, mümkünsə məni onca dəqiqəlik qəbul etsin. Katibənin içəri keçməsi ilə qayıtması bir oldu. Ani olaraq düşündüm ki, yəqin deyib başqa vaxt gəlsin. Lakin katibənin ardınca Vaqif Həsənovun özünün də qəbul otağına çıxdığını görəndə təəccübləndim. Ona qədər şəxsən görməmişdim və sifətdən tanımırdım. Lakin katibənin və otaqda oturmuş daha iki nəfərin özünü aparmağından, ayağa qalxmağından başa düşdüm ki, müavin bu adamdır.

Onun məni necə qarşıladığına özüm də heyrətləndim. O, sürətlə və gülə-gülə mənə yaxınlaşıb çox hərarətlə görüşdü və ardınca da özünü saxlaya bilməyib məni qucaqladı.

– Xoş gəlmisən! Xoş gəlmisən! – deyə bir neçə dəfə təkrarladı. – Keç, keç içəri, – sonra üzünü katibəyə tutub əlavə elədi, – bizə çay ver, zəhmət olmasa.

Məni irəli buraxıb, ardımca kabinetə girdi. “Zəhmət olmasa!” – ifadə beynimdən ildırım kimi keçdi. “İndi kimdi katibəsinə “Zəhmət olmasa!” deyən” – deyə düşündüm.

Qoluma girib məni lap yuxarıya keçirdi, özü də həmişəki yerində deyil, keçib mənimlə üzbəüz oturdu. Hal-xoşdan, bir stəkan şokoladla çaydan sonra üzündəki xoş təbəssümü daha ciddi ifadə ilə əvəz edib:

– Səni eşidirəm, qardaş, xeyirdimi? – deyə soruşdu. – Gəlişinin məqsədi nədir?

Tez də əlavə elədi:

– Yox-yox, gəlişin çox xoşdu, həmişə gözümüz üstə yerin var. Dediyim odur ki, görüm bəlkə bir işin, problemin var.

Təkrarçılıq olmasın, yenə də sanki heyrət içindəydim. Heç kim sözümü qəribçiliyə salmasın. Mən ona qədər məni şəxsən tanıyan və yaxın münasibətimiz olan vəzifəli şəxslərdən başqa, digər məmurlardan tanışlığa qədər bu cür münasibət görməmişdim. Düzdür tanış olandan, kimliyimi biləndən sonra həmişə mənə səmimi hörmət göstəriblər, ancaq Vaqif müəllimin məni tanıdığını bilmirdim və təəccüblənmişdim.

Gəlişimin məqsədini dedim və şəhid atasının heç bir qanun pozuntusu olmayan xahişini çatdırdım. Sonra əvvəlcədən Kamran əminin telefon nömrəsini yazdığım kağız parçasını da onun qarşısına qoyub dedim:

– İstəsəniz işçilərinizə tapşıra bilərsiniz zəng edib dəqiqləşdirsinlər, yaxud adam göndərə bilərsiniz ki, gedib maraqlansınlar.

Güldü və gülə-gülə də bir az incimiş kimi:

– Sənə inanmıram? – deyə cavab verdi. – Şəhid ailələri, şəhid atası başımızın tacı, gözümüzün işığıdır, – dedi, – biz onların bütün problemlərini həll etməyə borcluyuq.

Durub keçdi öz yerinə, telefonun dəstəyini qaldırıb müvafiq şəxslərə lazımi tapşırıqlar verdi. Zəng etdiyi adamlardan biri telefonda ona nə dedisə, Vaqif müəllim əsəbiləşdiyini məharətlə gizlətməyə çalışaraq, amma ötkəm səslə və təmkinlə ona mənim heç ağlıma gəlməyən qəribə bir cavab verdi:

– Filankəs, Qaradağ rayonunun 120 min əhalisi var. Əgər bu rayonu başına qaldırıb silkələyə bilən olsa, azı 50 min sənin kimi filankəs tökülə bilər, bir az da möhkəm silkələsə, heç olmasa 1000 nəfərdə mənim kimi Vaqif düşər. Amma nə qədər silkələsələr də Kərim Kərimlidən elə bircəciyi düşəcək. Ondan başqası daha yoxdur. Biz fəxr eləməliyik ki, o məhz bizim rayonda yaşayır. Özü də mənim yanıma öz işi üçün gəlməyib, şəhid ailəsinin xahişinə gəlib. Başa düşürsən, indi oturub mənim yanımda ürəyindən nə keçsə, deyə bilər, amma şəhid atasının xahişin edir. Biz bunu gözləməməli idik, bu işi sən, mən, biz görməli idik...

Əziz dostlar, başa düşürəm ki, başınızı ağrıdıram. Ancaq təvazökarlıqdan uzaq olsa da, təfərrüatlı danışmağa məcburam.

Bu münasibətdən mütəssir olmuş, bir az da utana-utana ayağa qalxdım, səmimiyyətlə əl verib:

– Çox sağ olun, Vaqif müəllim, – dedim, – Allah köməyiniz olsun! Ancaq sizə bircə sualım yaranıb, icazə versəniz...

– Buyur, buyur, – dedi, – o nə sözdür? Nə lazımdır, de, imkan daxilində canla-başla həll edərik, – o da ayağa qalxdı.

– Bilirsiniz, – dedim, – bəlkə də sözlərim yersiz görünə bilər, amma soruşmasam da, rahat olmayacağam. Məni bu cür qarşılamağınız, məsələni dərhal və təmənnasız, çək-çevirsiz həll etməyiniz, üstəgəl, şəxsən özümə belə münasibət göstərməyiniz, haqqımda bu cür çox qiymətli sözlər deməyiniz, özü də tanış olmaya-olmaya, mənə bir az qeyri-adi gəldi. Axı biz heç tanış deyilik! Bunun səbəbini bilmək istəyirəm, elə ikicə kəlmə...

Yenə də güldü. İkimizdə ayaq üstə idik. Qayıdıb yerində oturdu. Stolunun sağ gözünü açıb oradan mənim şəhidlər haqqında yazdığım, Xocalıya həsr etdiyim... kitablarımı çıxardıb stolun üstünə qoydu. Sonra geri qanrılıb rəfdən Mikayıl Gözəlova həsr edilmiş kitabımı və bir də şeirlər kitabımı da götürüb o kitabların üstünə qoydu.

– Mən sənin beş-altı kitabını oxumuşam, – dedi. – Yüzlərlə məqaləni oxumuşam... Bizim rayonun ərazisində yaşayırsan. Səninlə fəxr edirik. Ümumi vəziyyətindən başçının müavini kimi də xəbərim var. Əslində biz sənə ev tikib verməliyik, maşın alıb verməliyik. Amma bunları etməyə gücümüz çatmırsa, bunu edə bilmiriksə, yanımıza gələndə sənin kimi bir ziyalını ayaqüstə qarşılamağa nə söz? Heç olmasa buna da qabiliyyətimiz çatmamalıdır? Bundan sonra da nə işin olsa çəkinmədən gəl, nə sözün var, de. Qanun və səlahiyyətim çərçivəsində əlimdən gələni etməyə həmişə hazır olacağam. Möhtərəm prezident bu vəzifələri başçıya da, müavinlərə də məhz ona görə verib ki, xalqa qulluq edək, xüsusilə də şəhid ailələrinə qayğı göstərək. Bax, görürsənmi, sən də bura, mənim yanıma öz işindən ötrü deyil, məhz şəhid ailəsinin xahişini etməyə gəlmisən...

Sonralar mən onun yanına heç vaxt getmədim, heç bir xahiş də etmədim. Heç vaxt da görüşümüz olmayıb. Amma onun haqqında olduqca böyük və xoş təəssürat fikrimdə yaşadı. Ağdama icra başçısı təyin ediləndə isə dedim ki, axır ki, ağdamlıların bəxti gətirdi...

Yenə də bu fikirdəyəm ki, Vaqif Həsənov yaxşı insandır, vicdanlı məmurdur, yaxşı başçıdır.

Bu yazını yazmağı Qaradağ rayonunda bir dəfə görüşdüyüm Vaqif Həsənovun şəhid ailəsinin problemini həll etmək üçün göstərdiyi vicdanlı münasibətə görə borcum hesab edirdim...


Kərim Kərimli  

 




123 dəfə oxunub.

Digər xəbərlər